“Göstərilən etimad xidmətlərinizin bəhrəsidir” Bu sözləri BHİK-in Baş katibi Şaron Barrou AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə xitabən dedi


Baxıldı : 112

Tarix : 2018-12-17 05:09:41


 

Ötən sayımızda xəbər verdiyimiz kimi, dekabrın 2-dən 7-dək Danimarkanın paytaxtı Kopenhagen şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) IV qurultayı keçrilib. Dünyanın qlobal iqtisadi, sosial problemlərini gündəmə gətirən ali məclisin iclaslarında 132 ölkədən 1200 nəfərdən çox nümayəndə iştirak edib. Qurultayda qloballaşan iqtisadiyyatın yaratdığı problemlərə qarşı mütəşəkkil mübarizə, planetimizdə sülhün bərqərar olmasından ötrü həmrəylik çağırışları səsləndirilib. Həmkarlar ittifaqlarının bir təşkilat kimi fəaliyyətini davam etdirməsi üçün vəzifələr müəyyənləşdirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin üzvü Səttar Möhbalıyev də çıxış edərək BHİK-in hesabat dövründəki fəaliyyətinə münasibət bildirib, bu qurumun növbəti 5 ildə həyata keçirməli olduğu vəzifələrə toxunub.

Qurultay sonda qətnamələr və bəyanat qəbul edib və rəhbər orqanlara seçkilər keçirilib. S.Möhbalıyev növbəti müddətə BHİK-in vitse-prezidenti seçilib.

Səttar müəllim qurultayda bir neçə həmkarlar ittifaqı lideri ilə də görüşüb. BHİK-in yenidən seçilmiş Baş katibi Şaron Barrou ilə görüş qarşılıqlı təbriklərlə başladı. Ş.Barrou Səttar müəllimə göstərilən etimadı onun beynəlxalq həmkarlar ittifaqı hərəkatındakı xidmətlərinin bəhrəsi adlandırdı. Azərbaycan həmkarlar ittifaqlarının BHİK-in ən fəal üzv təşkilatı olduğunu məmnuniyyətlə qeyd etdi. Onun namizədliyini sonadək dəstəklədiyinə görə Səttar müəllimə minnətdarlığını bildirdi. Əminliklə dedi ki, bundan sonra da təşkilatlarımız arasında işgüzar münasibətlər yüksək səviyyədə olacaq.

S.Möhbalıyev dedi ki, vitse-prezident vəzifəsinə namizədliyimin irəli sürülməsində və müdafiə olunmasında Sizin də rəyiniz mühüm rol oynayıb. Buna görə təşəkkürümü qəbul edin. Siz, Baş katib olaraq, dünya həmkarlar ittifaqının mütəşəkkilliyini və mübarizliyini qat-qat artırmaq bacarığına sahibsiniz. Sizin fədakar əməyiniz və təşkilatçılığınız sayəsində BHİK gələcəkdə də dövlətlərin sosial siyasətinə təsir gücünə malik qurum olaraq qalacaqdır.

S.Möhbalıyev BHİK-lə AHİK-in əməkdaşlıq əlaqələrini xatırlatdı. Dedi ki, Azərbaycanda BHİK-lə birlikdə onlarla məşğulluq, təhlükəsiz əmək, gənclər, gender bərabərliyi və sair məsələlərə dair konfrans, seminar, dəyirmi masa  keçirilib. Həmin tədbirlərdə iştirak edən həmkarlar ittifaqı liderləri, fəalları dünya təcrübəsini öyrənib, yeni fəaliyyət metodlarına yiyələniblər. Təşkilatınızın göstərdiyi maddi-texniki, metodiki kömək də fəaliyyətimizin daha səmərəli olmasına impuls verib.

Biz BHİK-in bütün layihələrinə dəstək vermişik, bundan sonra da dəstəyimizi əsirgəməyəcəyik.

Növbəti görüş Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti xanım Lizetta Risqordla oldu.

AHİK sədri öncə bu mühüm qurultayın yüksək səviyyədə Kopenhagen şəhərində təşkilinə görə ev sahibinə təşəkkür etdi.

S.Möhbalıyev Danimarkanın son dövrlərdə dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsinin səbəbini düzgün iqtisadi idarəetmənin və sosial dövlət modelinin lazımi səviyyədə tətbiq edilməsi ilə əlaqələndirdi.

Xanım Lizetta Risqord Danimarkada azərbaycanlıların yaşadıqlarını qeyd edərək bildirdi ki, təşkilatlarımız arasında əlaqələr gücləndirilməli, qarşılıqlı səfərlər təşkil olunmalı və birgə komissiyalar yaradılmalıdır.

Qurultay müddətində yadda qalan görüşlərdən biri də AHİK sədrinin Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının sədri Gezim Kalaya ilə baş tutdu. S.Möhbalıyev son dövrlər Albaniya Həmkarlar İttifaqları Konfederasiyası ilə qurulan əməkdaşlıq əlaqələrini məmnunluqla qeyd etdi. Bildirdi ki, ötən ilin sentyabr ayında AHİK nümayəndə heyətinin Albaniya Hİ Konfederasiyasının qurultayında iştirakı, eləcə də alban həmkarlarının nümayəndə heyətinin bu ilin fevral ayında keçirilən AHİK-in V qurultayında iştirakı dostluq əlaqələrinin təzahürüdür. Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının sədri Gezim Kalaya öz təşkilatı haqqında geniş məlumat verdi. Dedi ki, təşkilatın çətin günləri artıq arxada qalıb. O, fürsətdən istifadə edərək AHİK sədrini Albaniyaya işgüzar səfərə dəvət etdi.

AHİK nümayəndə heyətinin rəhbəri, millət vəkili Səttar Möhbalıyev qurultayın son günü Çin Əmək Federasiyasının prezidenti Çen Çieh ilə görüşdü. AHİK sədri Çin Əmək Federasiyası ilə əməkdaşlığın gücləndirilməsini, təşkilatlarımız arasında qarşılıqlı əlaqələrin artırılmasının zəruriliyini diqqətə çatdırdı. Çin Əmək Federasiyasının prezidenti Çen Çieh AHİK sədrini yüksək vəzifəyə - BHİK-in vitse-prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik etdi, ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Məlumat üçün deyək ki, qurultayda dünya həmkarlar ittifaqları ilə bağlı bəyanat qəbul edilib. Həmin bəyanat qəzetimizin növbəti sayında dərc olunacaq.