Güclü ilk təşkilat güclü mərkəz deməkdir


Baxıldı : 63

Tarix : 2017-10-07 01:06:36


Oktyabrın 6-da Bakıda Biznes Mərkəzində Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının VI qurultayı keçirilmişdir. Qurultaya beynəlxalq və xarici ölkə həmkarlar ittifaqlarından 15 qonaq dəvət olunmuşdu. Hesabat məruzəsi ilə sahə Hİ Federasiyasının sədri Tofiq Quliyev çıxış etdi.

Çıxışının əvvəllərində kadr məsələlərinə toxundu. Dedi ki, bu gün sahə həmkarlar ittifaqında fəaliyyət göstərən komitə sədrlərindən 93,3 faizi ictimai əsaslarla çalışır.

Onların bilik və təcrübələrə yiyələnməsindən ötrü AHİK-in və müxtəlif nazirliklərin mütəxəssisləri və rayon icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə ölkənin bütün bölgələrini əhatə edən 135 seminar və dəyirmi masa keçirilmişdir. Seminarlarda 1902 həmkarlar ittifaqı kadr və fəalı iştirak etmişdir.

175 həmkarlar ittifaqı fəalı isə istehsalatdan ayrılmaqla  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan ixtisasartırma kurslarını bitirmişdir.

Son hesabat-seçkilər zamanı ilk həmkarlar ittifaqının seçkili orqanlarında 484 nəfər gənc irəli çəkilmişdir ki, bunlardan da 139 nəfəri sədr vəzifəsinə seçilmişdir.

Qadınlar sahə həmkarlar ittifaqı üzvlərinin 35 %-ni təşkil edir. Həmkarlar ittifaqında rəhbər vəzifələrdə, ictimai əsaslar da daxil olmaqla, çalışanların 29,5 faizini zərif cinsin nümayəndələri təşkil edır.

Natiq üzvlərin əmək və sosial hüquqlarının müdafiəsindən danışarkən dedi, Federasiyaya işçinin müdiriyyətin təşəbbüsü ilə işdən azad olunması ilə bağlı 35 şikayət ərizəsi daxil olmuşdur. Araşdırma aparılmış, 13 işçi işinə bərpa edilmişdir.

Sədr dedi, elə olub ki, müdiriyyət işçilərə qarşı qərəzli münasibətindən əl çəkmək istəməyib. Belə vəziyyətlərdə həmkarlar ittifaqı daha prinsipial mövqe tutub, işçinin pozulmuş hüquqlarının bərpası uğrunda axıra qədər mübarizə aparıb.

Məsələn, Bakı Şəhər Baytarlıq İdarəsinin kadrlar üzrə inspektoru R.Rzayeva münaqişə zəminində işdən getmək barədə ərizə yazmağa məcbur edilib. Sonradan fikrini dəyişsə də, müdiriyyət tərəfindən həmin əsasla işdən azad olunub. Həmkarlar ittifaqının idarə rəhbərliyi  ilə danışıqları nəticə vermədiyi üçün məsələnin həlli məhkəmə müstəvisinədək çatdırıldı. Federasiyanın mütəxəssisi həmin məhkəmədə nümayəndə qismində iştirak etmiş və məsələ işçinin işə bərpası ilə nəticələnmişdir.

Tofiq müəllim sonra dedi, işçilərin əməyinin mühafizəsi daimi diqqətdə saxlanılIb. Federasiyanın əmək müfəttişliyi  hesabat dövründə  71 müəssisədə yoxlama aparıb.

İşçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsinin vəziyyəti, aqreqat və mexanizmlərin hərəkət edən və təhlükə törədən hissələrində qoruyucu vasitələrin mövcudluğu, yanğın təhlükəsizliyi tələblərinə əməl olunması və sairlə bağlı ümumilikdə 354 çatışmazlıq aşkar edilmişdir. 282-si işəgötürən tərəfindən aradan qaldırılmışdır. İcrası üçün vaxt tələb olunan çatışmazlıqlar nəzarətdə saxlanılmışdır.

Məruzədə Federasiyanın üzvlərinin sağlamlığı, idman, bədən tərbiyəsi sahəsində həyata keçirdiyi tədbirlər və beynəlxalq əlaqələri barədə də danışıldı.

Məruzə ətrafında çıxışlarda Federasiyanın və üzv təşkilatların hesabat dövründəki fəaliyyəti bütövlükdə qənaətbəxş dəyərləndirildi.

Təklif olundu ki, AHİK-in gələn il fevralın 5-də keçiriləcək qurultayında Səttar Möhbalıyevin sədr vəzifəsinə namizədliyi irəli sürülsün və dəstəklənsin.

Ardınca söz qonaqlara verildi. Kənd Təsərrüfatı, Qida və Turizm İşçiləri Avrasiya Federasiyasının prezidenti, Türkiyə "TOLEYİS" Sendikasının genel başkanı Cemail Bakındı, Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin sədri, Rusiya Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqının sədri Natalya Aqapova çıxış edərək bildirdilər ki, işəgötürənlər, milliyyətindən, irqindən, məkanından asılı olmayaraq, daha çox qazanmaq istəyirlər. Ekoloji problemlər də onlar üçün çox halda önəmli olmur. “Çox qazan, az xərclə” prinsipi ilə fəaliyyət göstərirlər. Həmkarlar ittifaqı üçün də milli, irqi sərhəd yoxdur. Dünya həmkarlar ittifaqlarını bir məqsəd birləşdirir: işçi insanların layiqli əməklə təmin edilməsi.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev çıxış etdi. Çıxışında həmkarlar ittifaqının güclü ictimai quruma çevrilməsində ilk təşkilatların rolunun əhəmiyyətinə geniş yer ayırdı. Dedi ki, ilk təşkilatlar nə qədər fəal və nüfuz sahibi olarsa həmkarlar ittifaqı mərkəzləri də bir o qədər güclü olar. Biz ilk təşkilatların daha güclü olmasına çalışırıq. Buna nail olmaq üçün maarifləndirmə işinə geniş yer veririk. Bakıda, bölgələrdə seminarlar, dəyirmi masalar keçiririk. Bu tədbirlərə yüzlərlə, minlərlə üzv dinləyici qismində cəlb edilir. İstər respublikamızda, istərsə də xarici ölkələrdə baş tutan beynəlxalq tədbirlərə də hər il həmkarlar ittifaqı əməkdaşları göndərilir.

Səttar müəllim yeri gəlmişkən bir məsələni də diqqətə çatdırdı ki, beynəlxalq tədbirlərdə iştirak edən həmkarlar ittifaqı işçiləri mənimsədiyi təcrübəni, bilikləri qayıtdıqdan sonra həmkarları ilə bölüşməlidir.

S.Möhbalıyev yerlərdə həmkarlar ittifaqına qarşı təzyiqlərin olduğunu söylədi: “Siz bu təzyiqlərə qarşı müqavimət göstərmək gücündəsiniz, - dedi.- Bu gücü sizə qanunlarımız verir. Sizin dəstəyiniz ilə biz qanunlarımıza hüquqlarımızı daha da genişləndirən əlavə və dəyişikliklər etməyə nail olmuşuq. İndi üzvlük haqlarını həmkarlar ittifaqının hesabına köçürməyən, işçini işdən həmkarlar ittifaqının razılığı olmadan azad etmək niyyətinə düşən müəssisə rəhbərləri, demək olar ki, yoxdur. Belə bir addımı atmaq istəyənlərin və atanların qarşısında qanunlarımız durur”.

Səttar müəllim bir daha yerli təşkilatları qanunlarımızın verdiyi imkanlardan maksimum bəhrələnməyə çağırdı.

AHİK sədri çıxışında digər mühüm məsələlərdən də danışdı.

Qurultay təşkilati məsələyə baxdı. Tofiq Quliyev yenidən Federasiyanın sədri seçildi. Ona Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyin yubiley gümüş döş nişanı təqdim olundu.

Bəyalı RZAYEV