Güləş üzrə paytaxt birinciliyindən nəticələr


Baxıldı : 52

Tarix : 2020-02-07 13:42:08


Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinə daxil olan idman cəmiyyətləri və klubları Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan yunan-Roma və sərbəst güləş üzrə Bakı çempionatında uğurla çıxış edib. Bunu qazanılan medalların əyarı və sayı deməyə əsas verir. Sözsüz ki, mükafatların əldə olunmasında idman təşkilatlarında aparılan məqsədyönlü məşq prosesi, ciddi nizam-intizam, ilk növbədə qarşılıqlı etimad, diqqət və qayğıdır.

Bu arada qeyd edək ki, quruma daxil olan idman cəmiyyətləri və klubları respublikamızda bədən tərbiyəsi və idmanın inkişafında, uşaq və gənclərin sağlamlığının möhkəmləndirilməsi və yüksək dərəcəli məşqçilərin, idmançıların hazırlanmasında xüsusi rol oynayır.

 “Pəhləvan” İdman Klubu

Yanvarın 24-25-də Hövsan Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə 2003-2005-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan paytaxt birinciliyində 10 çəki üzrə ümumilikdə 240-a yaxın pəhləvan mübarizə aparıb. İdman klubunun yetirmələri Elmir Əliyev (55 kq.) birinci, Anar Abdullayev (48 kq.) və Cavidan Nuri (92 kq.) ikinci, Fərid Hacızadə (60 kq.), Rəvan Hüseynli (65 kq.), Emin Əmirov (71 kq.) və Ağamalı Əbdülov (110 kq.) isə üçüncü yeri tutublar.

Yanvarın 28-də Hövsan Olimpiya İdman Kompleksində gənc sərbəst güləşçilər arasında Bakı çempionatında klubun yetirmələri Namiq Əsgərov (61 kq.), Mürşüd Hüseynov (70 kq.) və Kənan Albabayev (125 kq.) qızıl medala sahib olublar. Elmir Cəlilov (61 kq.) isə gümüş medal qazanıb.

Yanvarın 29-da Hövsan Olimpiya İdman Kompleksində gənc yunan-Roma güləşçilərinin mübarizəsində Elmir Əliyev ( 55 kq.) birinci,  Ağamalı Əbdülov (97 kq.) isə üçüncü yeri tutublar.

 “Zenit” İdman Cəmiyyəti

Yanvarın 29-da Hövsan Olimpiya İdman Kompleksində keçirilən gənc yunan-Roma güləşçiləri arasında Bakı çempionatında  “Zenit” İdman Cəmiyyətinin yetirmələri Fərdi Hümbətov (60 kq.) ikinci, Həsən Məmmədli (67 kq.), Rauf Əliyev (72 kq.) və Namiq Azərpur ( 72 kq.) üçüncü yeri tutublar.

Cəmiyyətin istedadlı idmançılarının yetişməsində məşqçi-müəllim Zöhrab Abbasovun da böyük rolu var.

  “Məhsul” İdman Cəmiyyəti

“Məhsul” İdman Cəmiyyətinin yetirməsi Cocu Səmədov (80 kq.) yanvarın 24-25-də Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan yunan-Roma güləşi üzrə Bakı çempionatında birinci olub. Müşviq Qocayev (70 kq.) isə yanvarın 28-də Hövsan Olimpiya İdman Kompleksində gənc sərbəst güləşçilər arasında keçirilmiş Bakı çempionatında ikinci yeri tutub.

Cəmiyyətin daha bir yetirməsi Rüfət Məmmədov ( 97 kq.) yanvarın 29-da Hövsan Olimpiya İdman Kompleksində gənc yunan-Roma güləşçiləri arasında Bakı çempionatında qızıl medal qazanıb.