Günvurmadan necə qorunaq?


Baxıldı : 84

Tarix : 2017-07-07 22:30:07


Artıq bir neçə gündür ki, ölkə ərazisində kəskin istilər müşahidə olunur. Havaların qızmar keçməsi açıq havada çalışanları da günvurma təhlükəsi ilə üz-üzə qoyur. Açıq iş yerlərində xüsusi rejimin tətbiqi, işçilərin lazımi ərzaq və su ilə təmin edilməsi və ən nəhayət, işin dayandırılması kimi mexanizmlər mövcuddur ki, onların tətbiqi sahibkarlar üçün vacib amillərdən sayılır.

AHİK-in Hüquq Şöbəsinin mütəxəssisi Sevil Zeynalova sözügedən məsələ ilə bağlı bildirdi ki, isti hava şəraiti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

Müraciətdə bildirilir ki, yay mövsümündə kəskin isti hava şəraitinin mövcud olduğu vaxtlarda işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Bəs qanunvericiliyin tələblərinə riayət etməyənləri hansı cəza tədbirləri gözləyir?

Müsahibimiz qeyd etdi ki, işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. İnzibati Xətalar Məcəlləsində buna görə cərimə sanksiyası nəzərdə tutulur. Cinayət Məcəlləsində isə  əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində  ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa-yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda isə üç ildən beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qızmar yay günlərində, ümumiyyətlə, insanların günvurmadan qorunması məqsədilə hansı tədbirlər görülməlidir?

Həkimlərin məsləhətinə görə, günvurmadan qorunmaq üçün yay aylarında papaq və digər baş geyimlərindən, çətirdən, açıq rəngli pambıq materiallı paltarlardan istifadə etmək, qızmar günəş altında gəzməmək və bol-bol su içmək məsləhət görülür.

"İctimai Su İstehsalçıları" Birliyinin sədri Dövlət Məmmədov mövzu ilə bağlı dedi ki, yaxşı olardı insanların daha çox olduğu yerlərdə, metrostansiyaların qarşısında, parklarda su kranları fəaliyyət göstərsin. Kimdəsə ürək sıxılması və digər bənzər hallar olanda yaxınlaşıb üz-gözünü sərinləyə bilsin. Su kranlarının quraşdırılması elə də vəsait tələb etmir. Əvvəllər onların sayı çox idi. Ancaq indi bircə "İçərişəhər" metrostansiyasının qarşısında su kranına rast gəlirik.

Qeyd edək ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından aldığımız məlumata görə, yay mövsümü başlayandan indiyə qədər günvurma ilə əlaqədar 15 nəfər müraciət edib, onlardan 4-ü xəstəxanaya göndərilib.

Əsli ƏHMƏDOVA