Gürcüstanda həmkarlar ittifaqlarının informasiya işçilərinin növbəti görüşü


Baxıldı : 36

Tarix : 2017-10-07 00:50:46


Sentyabrın 26-27-də Gürcüstanın Kobuleti şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Pan Avropa Regional Şurasının (PARŞ)  təşkilatçılığı ilə MDB, Şərqi Avropa və Balkan regionu ölkələri həmkarlar ittifaqı mərkəzlərinin informasiya işçilərinin görüşü keçirildi. Görüşdə aktual beynəlxalq tendensiyalar  kontekstində həmkarlar ittifaqlarının informasiya siyasətinin inkişaf perspektivləri müzakirə edildi.

Görüşü giriş sözü ilə açan Gürcüstan Həmkarlar İttifaqları Birliyinin sədr müavini İlya Verzadze MDB, Şərqi Avropa və Balkan ölkələri informasiya mütəxəssislərinin indiki görüşünün yeni layihələrin təqdimatı, informasiya mübadiləsi baxımından faydalı olacağına əminliyini  bildirərək tədbir iştirakçılarına səmərəli fəaliyyət arzuladı.

BHİK-PARŞ proqramlarının əlaqələndiricisi Anna Salnikova görüş iştirakçılarını tədbirin proqramı ilə tanış edərək milli həmkarlar ittifaqı mərkəzlərinin təmsilçilərinin bir sıra informasiya aksiyalarının effektiv təşkilindəki fəaliyyətini  yüksək qiymətləndirdi. O, yeni texnologiyaların bundan sonra da tətbiq edilməsində və regional səviyyədə müxtəlif birgə kampaniyaların keçirilməsində MDB  və Balkan  regionu ölkələri həmkarlar ittifaqları arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini xüsusi olaraq diqqətə çatdırdı.

Sonra BHİK-PARŞ-ın təmsilçiləri Qoda Neverauskayte və Samra Kovaçeviç dünyadakı dəyişən iqtisadi şəraitdə həmkarlar ittifaqlarının strategiyası və rastlaşdıqları qlobal problemlər haqqında danışdılar.

 Yeni media, sosial şəbəkələr, yeni texnologiyalar dövründə informasiya işinin təşkili, milli həmkarlar ittifaqı mərkəzlərinin işi və təcrübəsi və digər mövzularda aparılan müzakirələrdə  Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının katibi, "Solidarnoct" qəzetinin baş redaktoru Aleksandr Şerşukovun, Balkan regionu ölkələri həmkarlar ittifaqlarının nümayəndəsi  Leyla Kauseviç-Suçeskanın (Bosniya və Herseqovina),  Moldova Həmkarlar İttifaqları Milli Konfederasiyasından İon Sklifosun, AHİK-dən bu sətirlərin müəllifinin, Belarus Müstəqil Həmkarlar İttifaqlarının nümayəndəsi Roman Yeraşeniyanın, Gürcüstan Həmkarlar İttifaqları Birliyindən Tamara Gedanişvilinin çıxışları dinlənildi.

Görüş çərçivəsində həmkarlar ittifaqının informasiya sisteminin inkişafına toxunan müxtəlif məsələlər də müzakirə olundu və iştirakçılar bu sahədə təcrübə mübadiləsi etmək imkanı qazandılar. Diskussiyalar zamanı  həmkarlar ittifaqı təşkilatlarının informasiya potensialının xüsusi imkanlarından  geniş  istifadə edilməsi, yəni sosial şəbəkələrdən, mobil cihazlar üçün yeni əlavələrdən yararlanması,  onlayn məkanında digər vasitələrin yaradılması üçün  səfərbər edilməsi məsələləri də müzakirəyə çıxarıldı.  Bundan əlavə, görüş iştirakçıları beynəlxalq arenada baş verən problemlərlə bağlı milli həmkarlar ittifaqı mərkəzlərində keçirilən tədbirlər haqqında da məlumatlar əldə etdilər.

 

Nazim AĞAMİROV,

AHİK-in Mətbuat və İctimaiyyətlə

Əlaqələr Şöbəsinin müdiri