“Güzəştli mənzil"-onu kimlər əldə edə biləcək?


Baxıldı : 294

Tarix : 2017-03-10 22:45:00


Prezident İlham Əliyevin 2016-cı il 16 noyabr tarixli Fərmanı ilə "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası" təsdiqlənib.

"Güzəştli mənzil" elektron sistemi fəaliyyətə başlayanadək vətəndaşların rahatlığını təmin etmək məqsədilə sistemin əsas prinsipləri barədə məlumatlandırılma və sualların cavablandırılması işi 10 mart 2017-ci il tarixindən etibarən müvafiq "ASAN xidmət" mərkəzlərində  təşkil olunacaq.

“Güzəştli mənzil" sisteminin hansı üstünlükləri var? Burada  tikintinin keyfiyyəti necə olacaq? Mənzillərə sahib olmaq istəyən vətəndaşlara hansı güzəştlər veriləcək?

 Bütün bu sualları cavablandırmaq üçün ekspertlərin rəyini öyrəndik. Güzəştli mənzillərin əsas üstünlükləri ondan ibarətdir ki, satılacaq mənzillərin qiyməti həmin ərazidəki orta bazar qiymətindən aşağı olacaq. Eyni zamanda vətəndaşlar mənzilin dəyərini  3 ildən 30 ilədək müddət ərzində aylıq ödəmək imkanı əldə edəcəklər. Bu haqda daşınmaz əmlak məsələləri üzrə iqtisadçı-ekspert Rəşad Əliyev  bildirib: "Bundan əlavə, məsələn, son 15 ili kirayə mənzildə yaşayan gənc ailə hər ay orta hesabla kirayəyə ödədiyi 250 manatla bir ev ala bilərdi. İllərdir kirayələrə xərclənən pul yekunda çox ciddi bir rəqəmə çevrilir. Birdəfəlik pul verib ev almaq imkanı olmadığından güzəştli mənzillər əhalinin bu kəsimi üçün yaxşı bir fürsətə çevriləcək".

 O qeyd etdi ki, qiymətlər ən azı bazar qiymətindən 20-25% aşağı olmalıdır. 10 faiz ilkin ödəniş olması isə həm binanın baza hissəsini təmin etmək üçün, həm də mənzil alanın məsuliyyət hiss etməsi üçün yaxşı haldır. Əgər ilkin ödəmə olmasa və ödəmə gecikdirildiyi halda heç bir tədbir görülməsə, məsuliyyətsizlik hallarına rast gəlinərdi. Bu mənzillərə İpoteka Fondunun vəsaiti hesabına güzəştli ipoteka ala bilən şəxslər sahib olacaq. Həmin qaydalarda bir neçə kateqoriya var - gənc ailələr və gənc ailənin üzvü olan 5 il ümumtəhsil məktəbində çalışan müəllim və yaxud fəlsəfə doktoru, şəhid ailələri, Milli Qəhrəmanlar, idman sahəsində xüsusi nailiyyətləri olanlar və sairə.

Bundan əlavə, ailə vəziyyətindən asılı olmayaraq 15 il dövlət qulluğunda xidmət etmiş şəxslər, hərbçilər, daxili işlər orqanlarında müəyyən müddət çalışmış şəxslər və s. kateqoriyalar güzəştli mənzillər almaq hüququna malikdirlər.

Mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təhvil veriləcək.  Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi Bakı şəhərinin Yasamal rayonunda həyata keçirilir. Bununla belə, müvafiq müqavilədə mənzilin 3 il müddətində özgəninkiləşdirilməsinə, habelə icarəyə və kirayə verilməsinə məhdudiyyət nəzərdə tutulacaq".

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, tikinti sahəsi üzrə ekspert  Ramil Osmanlı isə hesab edir ki, əmlakın 10 faizinin əvvəlcədən ödənilməsi məsələsi aztəminatlı ailələrin cibinə uyğun olmayacaq.

Sosial evlərin verilməsi şərtlərinin dəyişilməsinə ehtiyac var. Çünki müəyyən qayda və şərtlər bugünkü vəziyyətimizdə orta və aztəminatlı ailələrin mənzilə sahib olmasına imkan vermir. İndiki şərtlər daha çox ipoteka şərtlərinə uyğundur. R.Osmanlının dediyinə görə, sosial mənzillərin verilməsi ilə bağlı açıqlanan qaydalar sosiallıqdan uzaqdır.

Əsli ƏHMƏDOVA