Güzəştli şərtlərlə yaşa görə pensiya hüququm 21


Baxıldı : 60

Tarix : 2020-03-06 17:11:27


Güzəştli şərtlərlə yaşa görə pensiya hüququm 21.03.2019-cu ildə yaranıb. Müraciət etsəm də, pensiya təyin etmədilər. 13 il zərərli sahədə işləmişəm. 40 il əmək stajım var. Deyirlər ki, pensiya kapitalım çatmır.

 

Abdulla ABDULLAYEV,

Şabran rayonu.

 

- 01 iyul 2017-ci ilə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmaq üçün fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalının olması nəzərdə tutulmurdu.

 “Əmək pensiyaları haqqında” qanunun 9-cu maddəsinə əsasən, qeyd olunan tarixdən sonra, axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajı olduqda və bu müddətin azı 12 ilini həmin işlərdə çalışmışdırsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

Qanuna görə, pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.

Həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq isə, sığorta hissə və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyət orqanının qərarına əsasən indeksləşdirilir.

Maddənin tələbinə əsasən, bu il fevral ayının 6-da Prezident tərəfindən Sərəncam imzalandı. Həmin Sərəncamla Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, fərdi uçot sistemində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri də yanvarın 1-dən 2.6 faiz indeksləşdirildi.

 Bu indeksləşmə hər il aparıldığından fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı da hər il indeksləşməyə uyğun olaraq artır.

Sizin stajınız və yaşınız güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ versə də, toplanmış pensiya kapitalı əmək pensiyalarının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün bu növ pensiya sizə təyin olunmamışdır.

 

 Ödənişsiz məzuniyyətə çıxmaq üçün nə qədər minimum əmək stajı tələb olunur?

 

Kamilə BƏŞİROVA,

Bakı şəhəri.

 

- Ödənişsiz məzuniyyətin 2 növü var: işçinin xahişi və tərəflərin qarşılıqlı razılığı ilə verilən ödənişsiz məzuniyyət. Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə-məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

Bundan başqa, müəssisənin kollektiv müqaviləsində işçilərə ödənişsiz məzuniyyətin verilməsi üçün əsas ola biləcək digər hallar da nəzərdə tutula bilər.

Əmək məzuniyyətindən fərqli olaraq ödənişsiz məzuniyyət hüququndan istifadə edilməsi üçün işçinin həmin müəssisədə müəyyən müddət işləməsi və ya müvafiq müddətdə əmək stajına malik olması tələb olunmur.

Bu dövr işçinin həm ümumi, həm də ixtisas üzrə əmək stajına daxil edilir.

 

Notarial qaydada təsdiq olunmuş müqavilə yoxdursa, onda şifahi borc müqaviləsi qanuni sayılırmı?

 

Şamil ƏSGƏROV,

Sumqayıt şəhəri.

 

- Borc müqaviləsi ilə bağlı münasibətlər Mülki Məcəllənin 739-746-cı maddələri ilə tənzimlənir. Məcəllənin 739-cu maddəsində borc müqaviləsinin anlayışı verilib: Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Məcəllənin 740-cı maddəsi borc müqaviləsinin formasına həsr edilib. Həmin maddəyə görə, “Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər”.

Məcəllədə nə borc müqaviləsinin yazılı bağlanmasını, nə də onun notarial qaydada təsdiq edilməsini məcbur edən norma yoxdur.