Güləşçilərimiz fərqləniblər


Baxıldı : 177

Tarix : 2018-02-03 22:19:11


Yanvarın 27-30-da Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə 2001-2003-cü il təvəllüdlü idmançılar arasında Bakı şəhər birinciliyi keçirilib. Yarışda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinə daxil olan idman cəmiyyəti və klubları da iştirak edib.

Bakı şəhər birinciliyində “Zenit” İdman Cəmiyyətinin yetirmələri 9 medala sahib olublar. Sərbəst güləş üzrə yarışda Sənan Hümbətov (51 kq.), Azər Əhmədov (55 kq.) və Elmar Kazımov (65 kq.) bütün rəqiblərini məğlub edərək çempion tituluna yiyələniblər. Elmir Rüstəmov (45 kq.) və Elvin Əsgərov (92 kq.) yalnız finalda məğlub olaraq ikinci yeri tutublar. Ruslan Şıxıyev (51 kq.), Elvin Dünyamalıoğlu (71 kq.), Mehman Qəniyev (48 kq.) və Rəhman İmanov (48 kq.) isə bürünc medalı özlərinə təmin etmişlər. Məşqçi-müəllimlər Cavid Qurbanzadə, Amil Abdullayev, Akif Qurbanov və Vüsal Axundov yetirmələrinin bu nailiyyətləri qazanması üçün böyük əmək sərf edirlər.

Qeyd edək ki, yekun nəticəyə görə, komanda hesabında “Zenit” İC birinci yerə layiq görülüb.

“Pəhləvan” İdman Klubu bu yarışlarda 12 idmançı ilə təmsil olunub. Klubun yetirmələri həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yarışlarda müxtəlif əyarlı medallar qazanıblar. Fuad Mayılov (92 kq.) və Valeh Həmidov (80 kq.) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Rəşid Zeynalov (51 kq.), Mürşüd Hüseynov (60 kq.) və Teymur Piriyev (65 kq.) gümüş medala sahib olublar. Elmir Cəlilov (55 kq.) isə üçüncü yeri tutub.

Yunan-Roma güləşi üzrə yarışlarda mübarizə aparan Fərid Hacıyev (65 kq.) ikinci, Murad Aslanov (71 kq.) isə üçüncü sırada qərarlaşıblar. 

İctimai Birliyin daha bir cəmiyyətinin - “Spartak”ın yetirməsi Murad Abbasov da (55 kq.) yunan-Roma güləşi üzrə yarışda birinci yeri tutub.  

Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırılmışlar. Yarışda mükafatalayiq yer tutan idmançılar Respublika birinciliyində iştirak üçün lisenziya qazanıblar.

Azər MUSTAFAYEV