Gündəlikdə duran məsələlərlə bağlı hesabatlar dinlənildi


Baxıldı : 46

Tarix : 2018-11-03 05:11:16


Oktyabrın 30-da Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsi  Rəyasət Heyətinin növbəti iclası keçirildi. MİHİ-nin sədri Cəmilə Səttarova gündəlikdə duran məsələləri diqqətə çatdırdı. Respublika Komitəsinin Beynəlxalq Əlaqələr və İnformasiya Şöbəsinin müdiri Zaur Həmidov gündəliyin ilk məsələsi olan  “MİHİ-nin Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon komitələrinin “Gənclərlə iş üzrə”komissiyaların gördükləri işlərin vəziyyəti haqqında”  məruzə ilə çıxış etdi. Bildirdi ki, rayon komitələri mədəniyyət şöbələri, idman və gənclər idarələri ilə ərazi sazişləri bağlayıblar. Sazişlərdə işləyən gənclərin əmək, sosial maraqları geniş əksini tapıb. İllik iş planına uyğun olaraq rayon komitələrinin “Gənclərlə iş üzrə” komissiyaları vaxtaşırı gənclərin problemləri, onların istirahəti, asudə vaxtlarının səmərəli təşkili sahəsində iş aparmışdır. Gənclər arasında mütəmadi olaraq “Breyn-Ring”, “Kim?,Nə?, Harada?” intellektual bilik yarışması keçirilmişdir. Həmçinin gənclərin peşə və siyasi biliklərinin artırılmasına, hərbi-vətənpərvərlik tərbiyəsinə, ictimai həyatdakı mövqelərinə, onların əməyə münasibətlərinin yüksəldilməsinə də diqqət yetirilmiş, bu sahədə bir sıra tədbirlər təşkil olunmuşdur.

Sonra Z.Həmidov MİHİ-nin xidmətində olan təşkilatların gənc üzvləri arasında, ilk dəfə keçirilməsinə baxmayaraq, gözlənildiyindən də uğurlu nəticə verən “Gənclərin I Forumu” haqqında danışdı: “Foruma dəvət olunan iştirakçılar  “İlin peşəkar gənci” adına layiq görülənlər və “Mədəniyyət işçiləri həmkarlar ittifaqının əhatəsində olan Bakı şəhəri üzrə ilk təşkilatlar arasında gənclərlə işin təşkili üzrə” baxış-müsabiqəsinin   qalibləri idi. Forum sahə həmkarlar ittifaqı təşkilatlarında çalışan istedadlı gənclərin  yaradıcı potensialının üzə çıxarılmasına, gənclərin gündəmdə olan problemlərinin müzakirə olunmasına və onların aradan qaldırılmasına imkan yaratdı”. 

Z. Həmidov gənc iştirakçıların Forum çərçivəsində irəli sürdüyü təkliflər barədə məlumat verdi. İştirakçıların Forumun davamlı keçirilməsi ilə bağlı istəyini Rəyasət Heyətinin diqqətinə çatdırdı.

“Gənclərin işi üzrə” komissiyanın fəaliyyətini yüksək qiymətləndirən C. Səttarova qeyd etdi ki, bizim üzvlərimizin 35 faizi gənclərdir. Biz çalışırıq ki, müstəqil Azərbaycanda gənclər bizim qurumun mahiyyətini daha dərindən dərk etsinlər. Ona görə də Konfederasiyanın rəhbərliyi altında belə komissiyaların sayı gündən-günə çoxalır. Təsəvvür edin ki, bir  neçə  il bundan qabaq həmkarlar ittifaqında cəmi 50 komissiya fəaliyyət göstərirdisə, indi onların sayı 250-yə çatdırılıb.

Forum haqqında düşüncələrini bölüşən Cəmilə xanım onu da qeyd etdi ki, iştirakçılar arasında dostluğun yaranması və  Forum çərçivəsində hələ də  tədbirlərin keçirilməsi sevindirici haldır.

Daha sonra 2018-ci ildə üzv təşkilatlarda keçirilən mədəni-kütləvi tədbirlərin təşkili haqqında Respublika Komitəsinin  şöbə müdiri Əfsanə Gülməmmədovanın və  “Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin xidmətinə daxil olan mədəniyyət evlərində əməyin mühafizəsinin vəziyyəti haqqında” əməyin texniki müfəttişi Çingiz İbrahimovun məruzələri dinlənildi. İclasda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev  də iştirak edirdi.

Sonda qərar layihəsi qəbul olundu, müvafiq tapşırıqlar verildi. Forumun işində yaxından iştirakına görə bir qrup Hİ işçisinə Fəxri Fərman və pul mükafatları təqdim olundu.

Tədbirdə həmçinin “Azərbaycan” Nəşriyyatının Həmkarlar İttifaqı Komitəsinin sədri Rauf Cəfərov yubiley yaşı münasibətilə təbrik edildi.

Əsli ƏHMƏDOVA