Gündəmdə qlobal məsələlər dururdu


Baxıldı : 139

Tarix : 2018-03-09 23:05:17


Martın 6-da Brüsseldə Pan Avropa Regionlar Şurasının İcraiyyə Komitəsinin 12-ci iclası olub. Gündəlikdə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayına hazırlıq, hesabat və iş planının təsdiqi, bütün Avropa regionu üçün prioritet olan fəaliyyətinin müzakirəsi daxil idi. Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya üzrə qurumunun sektor müdiri Sergius Qlovaskas tədbir iştirakçılarını BƏT-in 100 illiyi və bu əlamətdar hadisəyə həsr olunmuş “Əməyin gələcək sferası” təşəbbüsü barədə məlumatlandırdı.

BHİK-in dekabr ayında keçiriləcək qurultayında əsas müzakirə platforması olacaq gələcək əmək üzrə proqram sənədi BHİK-in Kampaniya və Rabitə üzrə direktoru Tim  Nunan təqdim etdi.

BHİK-in Bərabərlik Departamentinin direktoru Çidi King BƏT-in iş yerlərində gender zorakılığına qarşı yeni standartlarının hazırlanmasında BHİK-in kampaniya və hökumət lobbiçiliyinin təşkili barədə danışdı. Təchizat zəncirinin müzakirələri çərçivəsində PARŞ-ın baş katibi Luka Visentini bütün üzvləri Qərb və Şərq regionları arasında əməkhaqqı fərqinin azaldılmasına nail olmağa çağırdı.

Dedi ki, transmilli şirkətlər tikiş və toxuculuq məhsullarını ucuz işçi qüvvəsi olan Şərq ölkələrində istehsal etdirib, sonra “brend” marka kimi Avropa Birliyi ölkələrində satdırırlar. Belə təcrübə hazır məhsullar üçün böyük məbləğdə pul ödəyən istehlakçılarda çaşqınlıq yaradır.

BHİK-in nümayəndəsi Gemma Svartın “Samsunq” şirkətinin fəaliyyətinə dair təqdim etdiyi hesabatda deyilirdi: bu şirkət qeyri-insani və antihəmkarlar birliyi təcrübəsi ilə seçilir. Şərqi Avropa, Qərbi Balkanlar və Mərkəzi Asiya üzrə Avropa Xarici Əlaqələr Xidmətinin baş direktoru Tomas Meyer-Hartinq çıxışında əsas diqqəti yaxın vaxtlarda Şərq tərəfdaşlığı çərçivəsində Qərbi Balkan ölkələrinə dair həyata keçirilmiş Avropa Birliyinin strategiyasına çəkdi və iyirmi parametr barədə məlumat verdi.

İclasda Ukrayna, Rusiya, Belarus, Qazaxıstan və digər ölkələrdə həmkarlar ittifaqları təşkilatlarının hüquqlarının pozulması halları tənqid olundu. Qazaxıstandakı vəziyyətin xüsusilə narahatlıq doğurduğu bildirildi. Deyildi ki, bu ölkədə BHİK-in üzv təşkilatlarından birinin fəaliyyəti məhkəmənin qərarı ilə ləğv edilib, təşkilatın lideri həbs olunub. Fəalları qorxu altında saxlanılır.

İcraiyyə Komitəsi BHİK-in siyasi rəhbərliyindən tələb etdi ki, Qazaxıstana nümayəndə heyəti göndərilsin. Nümayəndə heyətinin hazırladığı hesabat BHİK-in Ali Şurasının mayın 24-25-də keçiriləcək növbəti görüşünə təqdim olunsun.

Görüş PARŞ-ın prezidenti və Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının sədri İrakli Petriaşvilinin sədrliyi altında keçdi.

Tədbirdə AHİK sədrinin müavini Aqil Dadaşov və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Fuad Məmmədov da iştirak ediblər.