Günəbaxan tumunun xeyri


Baxıldı : 251

Tarix : 2018-04-21 03:50:44


Yaz-yay aylarında bol yeyilən və yayın, demək olar ki, vazkeçilməz təamı günəbaxan tumu yüksək proteinli bir qidadır. Çox yeyildiyi təqdirdə artıq çəki yarada bilər.

Günəbaxan tumu tərkibindəki yüksək yağ, lif və protein sayəsində qədərində yeyildiyi təqdirdə gün ərzində insanı tox tutaraq sağlam çəki itirməyi təmin edir.

Artıqçəkili insanlar üçün rasional qidalanmaya diqqət etmək çox vacibdir. Diyetoloqların fikrincə, artıq çəki ilə mübarizədə ən önəmli amillər aktiv həyat tərzi, müntəzəm fiziki məşqlər, diyetdir. Düzgün qidalanma haqqında mütəxəssislərin fikirləri isə əsaslı şəkildə ziddiyyət təşkil edir. Günəbaxan tumunun kökəlməyə və ya arıqlamağa təsir etdiyi barədə fikirlər də bu qəbildəndir.

Bir çox diyetlər var ki, onların tərkibinə günəbaxan tumu da daxildir. Bu tumların tərkibində qanda xolesterolu aşağı salmağa imkan verən doymamış yağ turşuları vardır ki, bunlar həm də yaşlanma prosesini ləngidir. Bununla yanaşı, günəbaxan tumlarının tərkibində bitki yağları da vardır ki, bunlar qanda xolesterol miqdarının azaltsalar da, nəticədə yenə də yağ olaraq qalırlar. Əvvələr belə bir fikir var idi ki, tum appendisitin yaranmasına səbəb olur. Ancaq hazırda bu fikrin yanlış olduğu öz təsdiqini tapıb və tumun xeyirləri çoxlarına məlumdur.

Təbii ki, günəbaxan tumu artıq çəki yaradır. Əsasən də qovrulmuş halda. Bu səbəbdən çiy tum yemək daha xeyirli hesab olunur. Azacıq qurutmaq da olar. Ancaq qovrulmuş dadlı tumların ləzzətinə qarşı gəlmək çox çətindir. Bədən quruluşu üçün təhlükə yaratmayan miqdar gün ərzində cəmi 35-40 qramdır. Ancaq belə az miqdarla kifayətlənmək çox çətindir. Televizor qarşısında, dostlarla bir yerə toplandıqda və s. hallarda tumdan istifadə həddindən artıq çox olur ki, bu da sonra bədən quruluşunda özünü göstərir. Qovrulmuş günəbaxan tumunun zərərli xüsusiyyətləri də var:

- Günəbaxan tumları yüksək temperaturda emal, daha doğrusu, qovrulma zamanı öz faydalı xüsusiyyətlərini itirir.

- Tum çırtdamaq həvəskarlarının, demək olar ki, hamısının dişlərlə bağlı problemləri ortaya çıxır. Diş emalı dağılır, xoşagəlməz qara ləkələr və ağızda qoxu əmələ gəlir.

- Bir stəkan tum bir porsiya yağlı donuz kababına bərabərdir.

- Qaraciyər və böyrəklərə mənfi təsir edir.

- Qıcqırma əmələ gətirir.

- Əsəb sisteminə mənfi təsir edir.

Azər MUSTAFAYEV