Güzəştlərin tətbiqi mütləqdir


Baxıldı : 172

Tarix : 2018-10-06 05:00:00


2015-ci ildə 2 dəfə devalvasiya olduqdan sonra vətəndaşlarda banklardan dollarla götürülən kreditlərin ödənilməsi ilə bağlı fikir ayrılığı ortaya çıxdı. Yəni vətəndaşlar arasında kredit borcunun kreditin götürüldüyü o vaxtkı məzənnə ilə, yoxsa aylıq ödəniş günü qüvvədə olan məzənnə ilə ödənilməli olduğu sualı yarandı. Lakin sentyabrın 22-də Konstitusiya Məhkəməsi tərəfindən qəbul olunan qərarla xarici valyutada götürülmüş kreditlərin ödəniş edilən günə olan məzənnə ilə ödənilməsi təsdiqləndi.

Bəs, görəsən, bütün bunlarla bağlı dövlət hər hansı bir güzəşt tətbiq edəcəkmi?

Milli Məclisin İqtisadiyyat, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, hazırkı kreditlərin 70 faizə yaxını dollarladır: “Güzəştə gəldikdə isə, hələlik heç bir güzəştdən söhbət getmir. Mən bununla bağlı hər gün, demək olar ki, müraciətlər alıram. Düzdür, biz banklarla, maliyyə bazarının müvafiq palatasının rəhbərliyi ilə danışıqlar aparırıq. Və nəticədə yerlərdə bəzi güzəştlər olunur. Misal üçün, faizləri aşağı salırlar, əlavə protokol imzalayırlar və sairə. Amma dövlət tərəfindən genişmiqyaslı güzəştdən söhbət getmir”.

Millət vəkili bildirdi ki, vətəndaşlar kreditləri götürərkən bütün bu kimi halların baş verəcəyini nəzərə almalıydılar: “Mən bankların da vəziyyətini başa düşürəm. Ümumiyyətlə, vaxtı keçmiş kreditlər təxminən 1,8 milyard manatdır. Bu həm banklar, həm maliyyə bazarı, həm də insanlar üçün çox ciddi problemlər yaradıb. Bizim, ümumiyyətlə, bank sisteminin sağlamlaşdırılması ilə əlaqədar müraciətlərimiz olub. Həmkarım Əli Məsimli ilə bir yerdə təkliflərimiz olub, hətta həmin təklifləri dövlət başçısına da göndərmişik. Hesab edirəm ki, Konstitusiya Məhkəməsinin bu qərarı vəziyyəti daha da çətinləşdirdi”.

Bank üzrə ekspert, vəkil Əkrəm Həsənov 2015-ci ildən bu yana yığılan borcların faizləri ilə birgə ödəniləcəyini dedi: “Bu sahədə, təəssüf ki, dövlətin nəsə güzəşt etməsi bəyan edilməyib, yəni borclar faizlərlə bir yerdə ödəniləcək. Bir məqamı da qeyd edim ki, faizdən əlavə əksər banklar cərimə də hesablayır. Ancaq məhkəmələr bir qayda olaraq bu cərimələri silirlər. Hər bir halda, ən çətin vəziyyətdə o kəslərdir ki, onların götürdükləri kreditlərə görə girovları var. Onların girovları böyük ehtimalla əllərindən alınacaq”.

İqtisadçı-ekspert Vüqar Bayramov da məsələyə münasibətini bildirdi. O dedi ki, əhalinin ödəməsi ilə bağlı problemlərin az da olsa qarşısını almaq üçün güzəştlər tətbiq olunmalıdır: “Biz bütün hallarda xarici valyutada kredit götürmüş və devalvasiyadan sonra kreditin həcmi kəskin artan vətəndaşlara güzəştlərin tətbiq edilməsinin tərəfdayıq. Və bununla bağlı 2015-ci ildə üçtərəfli güzəşt mexanizmini Mərkəzi Banka təqdim etmişdik. Bu mexanizmin özəlliyi kredit borcunun hökumət, banklar və müştəri arasında bölüşdürülməsindən ibarətdir. Bu zaman yaranan fərqin üçdə birini dövlət, üçdə birini banklar, üçdə birini isə müştəri özü qarşılayır. Yəni hər bir tərəf yaranan fərqin az bir hissəsini, üçdə birini qarşılayır. Və beləliklə, burada tərəflərin heç birinə ciddi maliyyə ağırlığı düşmür.

Güman edirik ki, güzəşt mexanizminin tətbiqi nəticə etibarilə problemli kreditlərin azalmasına gətirib çıxara bilər. Çünki 2018-ci ildə problemli kreditlərin həcmi əvvəlki illərə nisbətən artıb. Hazırda 1,8 milyard manat ümumi kredit borcu var. Onun böyük bir qismi devalvasiyadan sonra manat istifadəsində “şişən” xarici valyutada olan kreditlərdir ki, onların qaytarılması ilə bağlı çətinliklər var. Və yuxarıda da qeyd etdiyim kimi, güzəşt tətbiq edilərsə, problemli kredit məsələsini həll etmək mümkün olar”.

Aliyə SƏMƏDOVA