Hökumət qarşıdakı 3 ildə də qənaət edəcək


Baxıldı : 167

Tarix : 2016-01-16 04:54:00


Hökumət qarşıdakı 3 il ərzində büdcə xərclərinin qənaətlə işlədilməsi, bir sıra xərclərin ləğv edilməsi, antiböhran proqramına uyğun olaraq maliyyə vəsaitlərinin əsasən sosial istiqamətlərə yönləndirilməsi siyasəti həyata keçirəcək. 2015-ci ildə hökumət təsdiq olunmuş büdcə xərclərini 3,1 milyard manat və ya 15 faiz ixtisar edib. Büdcə yığcamlaşdırılması siyasəti dünya bazarındakı proseslərin bir müddət davam etməsinə uyğun olaraq davam etdiriləcək. Maliyyə naziri Samir Şərifov bildirib ki, neftin ucuzlaşmasının davam etməsi, həmçinin Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçid 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsində bir sıra dəyişikliklərin aparılmasını şərtləndirir. Buna görə də icmal və dövlət büdcəsi gəlirlərinin yeni şəraitə uyğunlaşması vacibdir.Nazir qeyd edib ki, ölkə daxilində və xaricində investisiya qoyuluşu xərcləri də nəzərə alınmaqla, 2016-cı və sonrakı 3 il üçün ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanması əsas iqtisadi hədəflərdən olacaq. Dövlət vəsaitlərindən qənaətlə istifadə edilməklə nizam-intizam gücləndirilməli, israfçılığa, izafi xərclərə yol verilməməli, həmçinin dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, dövlət mülkiyyətində olan şirkətlərdə islahatların aparılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə konsolidasiyası və ona olan etimadın artırılması kimi məsələlərin həllinə nail olunması nəzərdə tutulur. S.Şərifov əlavə edib ki, manatın məzənnəsinin enməsi ilə əlaqədar gündəlik tələbat mallarının qiymətlərinin inflyasiyasının əhalinin həssas qruplarına ola biləcək mənfi təsirlərinin neytrallaşdırılması təbdirlərinin həyata keçirilməsi planlaşdırılır. ELBRUS