Həmkarlar ittifaqları hörmət və həmrəyliyə layiqdir


Baxıldı : 163

Tarix : 2015-11-13 03:19:00


Uruqvayda bir sıra həmkarlar ittifaqı təşkilatı bannerlərlə, plakatlarla şüarlar yazılmış köynəklərdə yürüş təşkil edib. Yürüşün əsas məqsədi əmək hüquqlarının müdafiəsi, o cümlədən sağlamlıq, təhlükəsizlik, layiqli əməkhaqqı hüquqlarının qorunması olub.Uğurla nəticələnən aksiyanın təşkilatçıları Metal İşçilərinin Milli Həmkarlar İttifaqı (UNTMRA), Kağız və Karton Sənayesi İşçiləri Federasiyası (FOPCU) və Dəri Sənayesi İşçiləri Həmkarlar İttifaqı Birliyi (UOC) idi. Bu təşəbbüsü ölkənin sənaye işçilərini birləşdirən digər həmkarlar ittifaqları da dəstəkləyib.Üzv olduqları həmkarlar ittifaqlarının simvolu əks olunmuş köynəklər geyinən minlərlə işçi Müstəqillik Meydanına kimi yürüş ediblər. Sonra Uruqvay Sənaye Palatasının binası qarşısında mitinq təşkil olunub. Mitinqə çıxanların əsas tələbi çalışan insanların hüquqlarına Əməkhaqqı Üzrə Şuranın iclaslarında hörmətlə yanaşmaq idi.\ İstəyimiz çox sadədir - tələblərimizin yerinə yetirilməsi və layiq olduğumuz hüquqların bizə verilməsi. Məqsədimizə çatmaq üçün bütün lazımi tədbirləri görəcəyik\ , - deyə UNTMRA nümayəndəsi Fernanda Kalvete qeyd edib.FOPCU-nun lideri Vaşinqton Kayaffa bildirib ki, kağız və karton sənayesində iş yerləri saxlanılmalıdır, görülən işlərə görə verilən məvacib məbləği razılaşdırılmalıdır, uşaqlara qulluq və gender məsələləri kimi sosial problemlər də öz həllini tapmalıdır.UOC Birliyindən olan Antonio Ferreyra isə aşağıdakıları söyləyib: \ Bizə əməkhaqqının real artımı lazımdır. Elə artım ki, o, istehlak qiymətlərinin indeksindən yüksək olsun\ .Aksiyada qlobal həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri də iştirak ediblər. Onlar sənayenin müxtəlif sahələrində çalışan qadın, gənc və yaşlı işçilərin yürüş keçirərək vahid mövqedən çıxış etməsinin çox təsirli olduğunu qeyd ediblər. Bərabərliyin hökm sürdüyü daha ədalətli cəmiyyətin yaradılmasına yönəlmiş bütün təşəbbüsləri dəstəklədiklərini bildiriblər. Deyiblər ki, üzv təşkilatlarımız və digər həmkarlar ittifaqları dünyanın bütün ölkələrində hörmət və həmrəyliyə layiqdir.Elçin ZAKİRİ