Həqiqətdən doğan fikir


Baxıldı : 314

Tarix : 2015-02-28 02:43:00


\ Avropa Birliyinin yeni layihəsində Azərbaycanın yer alması ölkəmizin Avrozonadakı təhlükəsizliyindən xəbər verir\ . Bu sözləri Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban AB-nin yeni Enerji Birliyi layihəsində Azərbaycan, Türkmənistan və Əlcəzairlə əməkdaşlığını şərh edərkən deyib. İqtisadçının sözlərinə görə, yaxın perspektivdən baxanda bu, həqiqətdən doğan bir fikirdir: \ 2020-ci il üçün Azərbaycan qazının Avropaya ötürülməsi bir reallıqdır. Azərbaycan qazı Avropaya gedib çıxdıqdan sonra Xəzərin sağ sahili türkmən qazı üçün açılır. Bu, Türkmənistanın səhrada qumluqdan çıxan qazının böyük həcmdə Azərbaycan infrastrukturu ilə Avropaya daşınması anlamına gəlmir. Yəni Türkmənistan sularında hasil edilən qazı da yataqlararası boru kəmərləri ilə Azərbaycana gətirməklə ölkə infrastrukuru vasitəsilə ilkin hesab kimi Avropaya daşımaq olar. Bu, normaldır. O ki qaldı Əlcəzairə, bu ölkədən Avropaya onsuz da qaz ötürülür. Söhbət yeni infrastrukturla enerjinin həcminin artırılmasından gedir. Bu, Avropanın qarşısında duran ən əsas məsələ və yeni bir baxışdır. Çünki Əlcəzairdən çoxşaxəli istiqamətdə Avropaya qaz daşınmasını həyata keçirmək olar. Yeni boru kəmərləri vasitəsilə bu qaz həcmlərini artırmaq mümkündür. Bu, daha realdır. Qeyd edim ki, yeni məlumata görə, bp-nin Misirdə yerləşən qaz yataqları ilə bağlı müxtəlif layihələri var. Belə ki, şirkət ölkədəki mövcud durum stabilləşəcəyi təqdirdə Misirin Aralıq dənizi sularında çox böyük işlər görmək və 12 milyard dollar sərmayə qoyaraq 2020-ci ilə qədər ixrac əməliyyatlarını həyata keçirmək istədiklərini açıqlayıb. Yəni o demək deyil ki, bu, AB-nin son layihəsi olacaq\ . İlham Şaban sözügedən layihənin Azərbaycana qazandıracağı dividentlərdən də danışıb: \ Avropanın çox böyük önəm verərək qaz marketinin qapısını bazarda yeni bir oyunçuya - Azərbaycana açması çox mühüm hadisədir. Çünki orada uzunmüddətli bir yer almaq həqiqətən də çətin məsələdir. Azərbaycan yenicə bu bazara daxil olub. Buna görə də indi böyük oyunçularla rəqabət aparmaq, sözün əsl mənasında, çox çətin və olduqca önəmlidir. Qapalı bir hövzədən Avropaya qaz daşımaq və bu sahədə böyümək böyük uğurlardan xəbər verir. İqtisadi, siyasi, geoiqtisadi təsirləri nəzərə alsaq, bu, Azərbaycanın Avrozanada əhəmiyyətini daha da artıracaq. Eyni zamanda burada siyasi amillər daha çox rol oynayır. Bu baxımdan da Avropanın bizi bu təsirlərdən mümkün qədər qorumaq imkanları yaranır. Bu yeni layihənin Azərbaycan üçün ən mühüm dividentləri məhz bunlardan ibarət olacaq\ .Azər MUSTAFAYEV