Hər bir işçinin layiqli əməklə təminatı...


Baxıldı : 255

Tarix : 2015-01-17 13:06:00


təşkilatımızın başlıca fəaliyyət istiqamətidirMəlum olduğu kimi, metallurgiya sənayesi iqtisadiyyatın ən təhlükəli sahələrindən sayılır. Bu sənaye sahəsində bədbəxt hadisələrin törənməsi üçün kifayət qədər, necə deyərlər, \ münbit\ şərait var. Ona görə də metallurgiya istehsalı ilə məşğul olan müəssisələrdə fəaliyyət göstərən həmkarlar ittifaqlarının bir nömrəli vəzifəsi əməyin mühafizəsini daimi nəzarətdə saxlamaqdır. Biz var gücümüzlə buna nail olmağa çalışırıq. İlk növbədə ilk təşkilat sədrlərinin, həmkarlar ittifaqı fəallarının əməyin mühafizəsi sahəsində biliyini artırmağa üstünlük veririk. Tematik seminarlar, yığıncaqlar, dəyirmi masalar və sair maarifləndirici tədbirlər keçiririk. Kollektiv müqavilələr hazırlanarkən müəssisələrdə, sexlərdə olan mövcud şərait bir daha yoxlanılır. Xüsusilə əməyin mühafizəsinə dair bölmədə öhdəliklər həmin yoxlama zamanı müəyyənləşmiş şərait nəzərə alınmaqla yazılır. Kollektiv müqavilədə qeyd edilənlərin reallığı və onların icrasına ciddi nəzarət, eləcə də tərəfdaşlarımızla qarşılıqlı anlaşma münasibətləri bütövlükdə işçilərimizin təhlükəsiz iş şəraitində fəaliyyət göstərmələrinə zəmin yaradır. Belə ki, əmək müqaviləsində hökmən işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi barədə öhdəlik götürülür. İşçi peşə xəstəliyinə tutulmağa yüksək təhlükə mənbəyi olan işə qəbul edilərkən işəgötürən bu barədə onu xəbərdar edir. Həmin işçi ilə əmək müqaviləsi də xəstəliyin törənə biləcək ehtimalı müddətinə qədər bağlanır. İşçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta olunublar. İşçilər işəgötürənin hesabına ildə 1 dəfə vaxtaşırı icbari tibbi müayinədən keçirlər. Şəraitə uyğun olaraq sexlərdə çalışan işçilərə fərdi mühafizə vasitələri verilir. Səhhəti ağır şəraitdə işləməyə imkan verməyən işçilər, özlərinin razılığı ilə tibbi rəyə uyğun olaraq, daha yüngül iş sahəsinə köçürülürlər.Bütün istehsalat sahələri sanitar-gigiyena normalarına uyğun soyunub-geyinmə otaqları, duşxanalar, əlüzyuyanlarla təmin olunmuşdur. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, zərərli əmək şəraitində işləyən işçilərə əlavə məzuniyyət, güzəştli pensiya təminatı, əlavə əməkhaqqı verilir. Şəxsən AHİK sədri, millət vəkili cənab Səttar Mehbalıyevin təşəbbüsü və iştirakı ilə qanunvericilikdə edilmiş dəyişikliklər əsasında 3 növbə ərzində işçilər pulsuz müalicə-profilaktik yeməklərlə təmin olunmuşlar və bu xərclər müəssisənin mənfəətindən tutulmur.Baş vermiş istehsalat qəzası, bədbəxt hadisə və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə işəgötürən və Birliyin Həmkarlar İttifaqı Komitəsi tərəfindən istər hüquqi, mənəvi cəhətdən əsasən də maddi cəhətdən, qanunvericilikdə nəzərdə tutulmuş qaydada, yardımlar və ödənclər həyata keçirilir. Şirkətlərdə əl əməyinin tətbiqini yüngülləşdirmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, əmək məhsuldarlığını artırmaq məqsədi ilə son 2-3 il ərzində Almaniyanın \ Simens\ firmasının istehsalı olan tam avtomatlaşdırılmış elektrik qovs sobası, soba-çalovu, pəstahların fasiləsiz tökmə maşını, daha güclü və effektli qaz-toz tutucu qurğular, yeni yayma xətləri avadanlıqları quraşdırılmışdır.Şirkətlərin sexləri və bütün ərazi abadlaşdırılmış, qazonlar salınmış, yüzlərlə Eldar şamı ağacı əkilmişdir.Ən müasir avadanlıqlarla təchiz olunmuş, yüksəkixtisaslı həkimlərdən ibarət, 24 saat fasiləsiz işləyən tibb məntəqəsi fəaliyyət göstərir. İşçilər işə başlamazdan əvvəl narkoloji və alkoqol testlərdən keçirlər.İşçilərə və onların ailə üzvlərinə tibbi xidmət göstərmək üçün güzəştlə Bakı şəhərinin ən qabaqcıl tibb mərkəzlərindən biri ilə müqavilə bağlanmışdır.Həmkarlar İttifaqı Komitəsinin vəsaiti ilə əməyin mühafizəsi üzrə işçilərin təlimi və ixtisasartırma sisteminin tətbiqi ilə əlaqədar hər il Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına həm qısamüddətli, həm də 3 və 6 aylıq kurslara işçilərimizi göndəririk.Təhlükəsiz iş şəraiti istiqamətində gördüyümüz işlər çoxdur. Lakin təcrübə göstərir ki, biz işçilərimizin əməyinin mühafizəsi üçün daha çox çalışmalı, yeni-yeni metodlar, tədbirlər işləyib reallaşdırmalıyıq. Əliqulu QULİYEV,\ Baku Stil Kompani\ MMC İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri