Hər dəfə biz beynəlxalq yarışlarda görəndə ki, bizim bayrağımız qaldırılır, ürəyimiz fərəhlə dolur\


Baxıldı : 212

Tarix : 2016-07-22 01:37:00


Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.Dövlət başçısı mərasimdə nitq söyləyib. O, bildirib ki, avqustun 5-də Rio-de-Janeyroda XXXI Yay Olimpiya və Paralimpiya Oyunları keçiriləcək. Bu gün bu rəsmi mərasimdə biz idmançıları Oyunlara yola salırıq, onlara uğurlar arzulayırıq. Əminəm ki, həm olimpiyaçılar, həm paralimpiyaçılar ölkəmizi ləyaqətlə təmsil edəcək və Vətənə böyük qələbə ilə qayıdacaqlar. Bu Oyunlarda Azərbaycan Olimpiya komandası böyük heyətlə - 56 idmançı ilə iştirak edəcək. Lisenziyaların sayı isə 57-dir. Bu, keçən Yay Olimpiya Oyunlarından çoxdur. Biz London Yay Olimpiya Oyunlarında 53 idmançı ilə iştirak etmişik və bildiyiniz kimi, böyük qələbə - 10 medal qazanmışıq, onlardan 2-si qızıl medaldır. Bu dəfə isə daha da böyük heyətlə iştirak edəcəyik və əlbəttə ki, yaxşı nəticələr gözləyirik. Bunu deməyə əsas var. Çünki idmançılarımız son dörd il ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında bizi sevindiriblər, ölkəmizin şöhrətini ucaldıblar və müxtəlif yarışlardan Vətənə böyük qələbələrlə qayıdıblar. Əminəm ki, Rio-de-Janeyroda da idmançılarımız vətənpərvərlik, peşəkarlıq, əzmkarlıq göstərərək ölkəmizi ləyaqətlə təmsil edəcəklər.Azərbaycan idman dövlətidir. Bunu bütün dünya, idman ictimaiyyəti qəbul edir, bilir. Azərbaycanda idmanla, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilərik. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var. İdmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olmaq istəyənlərin sayı getdikcə artır. Bunun əsas səbəbi idmançılarımızın uğurlarıdır və idmançılara göstərilən dövlət qayğısıdır. İdmançıların bütün problemləri öz həllini tapır. Artıq 20 ilə yaxındır ki, hər il ənənəvi olaraq idmançılara, idman mütəxəssislərinə, veteranlara dövlət tərəfindən mənzillər verilir. Azərbaycanda idman infrastrukturu yaradılır. Son illər ərzində bölgələrdə 40-dan çox Olimpiya idman mərkəzi yaradılmışdır, tikilmişdir. Bakıda isə idman infrastrukturu ən yüksək səviyyədədir. Təkcə son bir-iki il ərzində bir neçə gözəl, möhtəşəm idman obyekti istifadəyə verilmişdir - Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Beynəlxalq Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı. Biz bu işləri görərkən bir neçə məqsədi güdürdük. Əlbəttə ki, Avropa Oyunlarının keçirilməsi üçün Bakıya yeni idman obyektləri lazım idi. Eyni zamanda ekoloji məsələlər də öz həllini tapmışdır, şəhərimizin gözəlləşməsi, abadlaşması daha da sürətlə getmişdir.İdman infrastrukturunun xüsusilə regionlarda yaradılması imkan verir ki, bölgələrdə yaşayan uşaqlar, gənclər idmanla məşğul olsunlar. Mən bütün regional Olimpiya mərkəzlərinin açılışlarında şəxsən iştirak etmişəm və demişəm, əsas vəzifə ondan ibarətdir ki, biz idmanın kütləviliyini təmin edək. Bizim qabaqcıl, görkəmli idmançılarımız bütün idmançılar üçün nümunədir. Çünki onlar həm idmanda böyük uğurlar qazanıblar, həm də onların hamısı vətənpərvər insanlardır. Eyni zamanda bizim çempionlarımız cəmiyyətdə də özlərini çox ləyaqətlə aparırlar. Bu, bir yeni davranış nümunəsidir. Uşaqlar, yeniyetmələr, idmanla məşğul olmaq istəyənlər də, bax, sizə - burada əyləşən idmançılara oxşamalıdırlar. Onlar görürlər ki, əgər sən idmanda böyük uğur əldə etmisənsə, cəmiyyətdə özünü ləyaqətlə aparırsansa öz həyatını ləyaqətlə qura bilərsən. Ona görə son illər ərzində idman bölmələrinə müşahidə olunan kütləvi axın bu səbəblərdən qaynaqlanır. Bu, məni çox sevindirir. Çünki bizim gənclər idmanla nə qədər çox məşğul olsalar, onlar üçün də, dövlət üçün də bir o qədər yaxşı olacaq. İdman qələbələri hər bir vətənpərvər Azərbaycan vətəndaşını sevindirir. Hər dəfə biz beynəlxalq yarışlarda görəndə ki, bizim bayrağımız qaldırılır, ürəyimiz fərəhlə dolur. Bu sevinc anlarını bizə idmançılar yaşadır. Əminəm ki, gələcək yarışlarda idmançılar yenə də qələbə qazanacaqlar, Azərbaycan xalqını sevindirəcəklər.Ölkəmizdə bir qayda olaraq beynəlxalq idman yarışları keçirilir. Biz bunu artıq neçə ildir müşahidə edirik. İldən-ilə bu yarışların sayı da artır və səviyyəsi də yüksəlir. Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi Azərbaycanda idman sahəsində görülən işlərə çox yüksək qiymət verir. Bir məsələni də vurğulayırlar və siz də bunu yaxşı bilirsiniz ki, Azərbaycanda idmanla bağlı dövlət siyasəti aparılır. İdmana cavabdehlik daşıyan bütün qurumlar bir komanda kimi fəaliyyət göstərir və bizim uğurlarımızın təməlində məhz bu birlikdir. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar bir məqsədi güdür ki, Azərbaycanda idman inkişaf etsin, Azərbaycan idmançıları beynəlxalq yarışlarda həmişə yüksək pillələrdə olsunlar.Azərbaycan bu gün sivilizasiyalararası dialoqda xüsusi rol oynayır. Bu il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilmişdir. Ölkəmizi tolerant, müasir, inkişafda olan ölkə kimi tanıyırlar. Bu gün Azərbaycan inkişaf edən ölkədir. Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır. Biz öz hesabımıza yaşayırıq. Dünyada baş verən böhranlara baxmayaraq, inkişaf yolumuzla gedirik. İdman uğurları ölkəmizin uğurlarının tərkib hissəsidir. Ancaq güclü dövlətlərdə güclü idman var. Olimpiya Oyunlarının nəticələrinə baxın. Hansı komandalar birinci yerlərdədir. Onların böyük əksəriyyəti inkişaf etmiş ölkələrin komandalarıdır. Yəni idmanı ümumi inkişafdan ayırmaq olmaz. Ona görə Azərbaycan idmanının inkişafı ümumi inkişafımızın təzahürüdür. Əgər bizdə iqtisadi, maliyyə müstəqilliyi olmasaydı və biz iqtisadi cəhətdən inkişaf etməsəydik, idmanın inkişafına istədiyimiz səviyyədə vəsait qoya bilməzdik. Əziz idmançılar, siz bir neçə gündən sonra yola düşəcəksiniz. Hər bir idman yarışı bir sınaqdır. İdman yarışında qələbə də olur, məğlubiyyət də. Heç kim məğlubiyyətdən sığortalanmayıb. Əsas odur, həmişə yadda saxlayasınız ki, bütün Azərbaycan xalqı sizin qələbələrinizi gözləyir. Sizə uğurlar arzulayır və əmindir ki, siz Vətəni ləyaqətlə təmsil edəcəksiniz, Azərbaycana böyük qələbə ilə qayıdacaqsınız. Sizə yaxşı yol arzulayıram. Sağ olun.Sonra yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının üzvü Rəsul Çunayev Olimpiya andını səsləndirib və bütün idmançılar and içiblər. İdmançılar növbə ilə Azərbaycanın dövlət bayrağını öpüblər. Mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyevə XXXI Yay Olimpiya Oyunlarında atletlərimizin geyinəcəyi idman forması təqdim olunub. Sonda Prezident İlham Əliyev idmançılarla xatirə şəkli çəkdirdi.