Hər uşağa bağçaya getmək qismət olmur. Niyə?


Baxıldı : 288

Tarix : 2015-10-17 00:57:00


Uşaqların təlim-tərbiyəsində uşaq bağçalarının rolu danılmazdır. Kiçikyaşlı uşaqlarımız üçün hər gün yeni əyləncə, yeni dostlar tapmaq maraqlı olur. Valideyn kifayət qədər vaxt ayırsa da, uşaqlar həmişə öz yaşıdları ilə daha çox oynamaq istəyirlər. Həm bu səbəbdən, həm də məktəböncəsi təlim-tərbiyə alması üçün uşaqlarımızı məktəbəqədər təhsil müəssisələrinə - bağçalara göndəririk.Öncə qeyd etməliyik ki, məktəbəqədər təlim-tərbiyə uşaqların gələcəyi üçün əla bir başlanğıcdır. Pedaqoqlar bildirirlər ki, övladlarımızın bu dövrdə necə təhsil alması, hansı təlimləri görməsi, hansı tərbiyədən keçməsi olduqca lazımlıdır. Ona görə də onlar üçün bağça seçməyi böyük əhəmiyyət daşıyır.Təəssüf ki, indiki halda valideynlərin seçim etmək imkanları olduqca məhduddur. Əsas çətinlik dövlət balansında olan bağçalardakı sıxlıqla bağlıdır. Sıxlığın yaranmasına səbəb isə uşaqların sayının çox, bağçaların sayının az olmasıdır. Bu problem təkcə Bakıda deyil, digər şəhər və rayonlarda da müşahidə edilir.Özəl bağçalarda isə ödəniş haqqı yüksək olduğundan valideynlərin çoxunun büdcəsinə uyğun gəlmir.Statistik məlumatlara görə, paytaxtda 4 azyaşlı uşaqdan yalnız 1-i (uşaqların 23%-i) bağçaya düşə bilir. Hökumətin ölkə üzrə açıqladığı rəqəmlər isə daha məyusedicidir - 1-5 yaş arasında, yəni bağça yaşında olanların yalnız 14,8%-i bu imkandan yararlana bilir. Kənd rayonlarında isə uşaqların yalnız 8,1%-i bağçaya gedə bilir. Təbii ki, sadaladığımız problemlər sovet illərindən qalıb. 1990-cı ildə Azərbaycanda 2100 bağça var idi və bunların yalnız 900-ü kənd rayonlarının payına düşürdü. Amma bəla burasındadır ki, müstəqillik illərində bağçaların sayı artmaq əvəzinə, azaldılıb. Həm də azalma əhalisi get-gedə artan şəhərlərin hesabına baş verir. 2010-cu ilə qədər 500-ə yaxın uşaq bağçası özəlləşdirilərək təyinatı dəyişdirilib. Bakıda bir çox bağça sökulərək yerində göydələnlər tikilib. Qeyd edək ki, hazırda respublikada 1700-ə yaxın məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrindən 1637-si dövlət, 50-yə qədəri isə özəldir. Bakı şəhərində 342 dövlət məktəbəqədər təhsil müəssisəsi var, onlardan 10-nun bəzi səbəblərdən fəaliyyəti dayandırılıbƏdalət naminə deyək ki, dövlət proqramları çərçivəsində son illərdə bir sıra yeni uşaq bağçaları tikilir və köhnələr təmir olunur. Amma, hələ ki, bu tərbiyə ocaqları tələbatı qarşılaya bilmir.Uşaq bağçalarının çatışmazlığı doğum səviyyəsinin artımına mane olur, demoqrafik vəziyyətə də təsir göstərir. Uşaq bağçasına uşaqlarını göndərmək imkanı olmayan analar evdə oturmaq məcburiyyətində qalır, işləmək imkanından məhrum olur. Əlbəttə, bu, ailələrin rifahına təsir edir və qadınlar üçün tez-tez bir dilemma yaranır: uşaq və ya iş.Lakin, ilk növbədə, uşaq bağçası uşaqların özləri üçün vacibdir. Psixoloqların sözlərinə görə, uşaq bağçaları uşaqların sosial bacarıqlarının inkişafinda mühüm rol oynayır.İlk növbədə uşağın yaşına uyğun olaraq inkişafına (xüsusi məşğələlər, rəsm, modelləşdirmə, musiqi, riyaziyyat və s.) şərait yaradır.Uşaqlar bağçada, məktəbdə də həyatlarının gündəlik tələbatına çevriləcək \ kollektiv\ , \ intizam\ anlayışlarını öyrənir, müstəqillik vərdişlərinə yiyələnirlər.Günel RAFAYILQIZI