Hər zaman ayıq olmağımız vacibdir


Baxıldı : 240

Tarix : 2015-03-06 02:24:00


Həmkarlar ittifaqları tərəfindən bir neçə ay davam edən təzyiqdən sonra Beynəlxalq Əmək Təşkilatının (BƏT) işəgötürənlər qrupu tətil hüququnu tanıyıb. Bu, Cenevrə şəhərində 23-25 fevral tarixində keçirilən həlledici üçtərəfli görüş zamanı baş verib.Görüş zamanı işəgötürənlər və işçilər tərəfindən imzalanmış ikitərəfli sazişə əsasən, qəbul edilmiş bəyanatda bildirilir ki, BƏT tətil hüqununu tanıyır. Həmçinin bu sazişdə 2012-ci ildən yaranmış mübahisələrə qarşı hazırlanmış təkliflər paketi öz əksin tapıb. Mart ayında bu təkliflər BƏT-in idarəedici orqanına təsdiq edilməsi üçün təqdim olunacaq.Bir müddət əvvəl işəgötürənlər BƏT-in 87 nömrəli konvensiyasında tətil hüququnun aydın açıqlamasının verilmədiyini əsas tutaraq tətilə qarşı çıxmışdılar. Bunun nəticəsində dünyanın bir çox ölkəsində işçilərin hüquqlarının pozulması və diqqətdən kənar qalması halları baş verib. Halbuki illər ərzində tətil hüququ hökumət, işəgötürənlər və işçilər tərəfindən eyni səviyyədə tanınmışdır. Dünyanın aparıcı həmkarlar ittifaqı təşkilatları tətil hüquqlarının qorunması məqsədi ilə 18 fevralı Ümumdünya Qlobal Hərəkat Günü kimi qeyd etmişdi. Həmin gün dünyanın 60-dan çox ölkəsində 100-ə yaxın aksiya keçirilmişdi. Etiraz aksiyaları işəgötürənlərə və hökumətə təzyiq göstərmək məqsədi daşıyıb. Məhz bu təsirlərin nəticəsində birgə bəyanat qəbul edilmişdir.Xüsusi vurğulamaq lazımdır ki, fevral görüşündən sonra müxtəlif fikirdə olan hökumətlərin nümayəndə qrupları yekun nəticəyə gələrək tətil hüququnu dəstəkləyib. Müzakirələr zamanı hökumət qrupları BƏT-in fundamental prinsipi sayılan tətil hüququnu və müstəqil birləşmək hüququnu da tanıyıb. Onlar həmçinin bu hüquqların qorunmadığı halda işçilərin maraqlarının tam şəkildə müdafiəsinin mümkün olmadığını bildiriblər.İşəgötürənlər tərəfindən tətil hüququnun tanınması irəliyə doğru inamlı bir addımdır. Bu qərarın verilməsində həmkarlar ittifaqlarının böyük zəhməti var. Lakin qeyd edək ki, mübarizə hələ bitməyib və bizim hər zaman ayıq olmağımız vacibdir.Elçin ZAKİRİ