Hərbi xidmət dövründə test\


Baxıldı : 279

Tarix : 2015-01-24 05:23:00


\ Azərbaycan hərbçisi təkcə peşəkarlığı ilə deyil, həm də intellektual səviyyəsi, yüksək mənəviyyatı, savadı, tariximiz, müasir durumumuz barədə bilikləri ilə fərqlənməlidir\ . Bu sözləri Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyət Ağadadaşova dedi. Sözünə davam edərək bildirdi ki, bu istiqamətdə nazirlik kifayət qədər böyük işlər görür. Çalışırıq ki, bu işdə biz də onlara öz imkanlarımız daxilində kömək göstərək.Abiyət xanımla söhbətdən öyrəndik ki, BHİK hərbçilərin intellektual səviyyəsinin daha da yüksəldilməsi üçün müxtəlif formatlı, orijinal tədbirlər hazırlayıb reallaşdırır. Belə tədbirlərdən biri \ Hərbi xidmət dövründə test\ adlanırdı. Həmkarlar ittifaqının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən test müsabiqə xarakteri daşıyırdı. Bəri başdan deyək ki, müsabiqə hərbi hissələrdə xidmət edən zabit və əsgərlərin marağına səbəb oldu. Bu tədbirə yüzlərlə hərbçi qoşuldu. Toplanan cavablar göstərdi ki, hərbçilərimiz Azərbaycanın yaxın, uzaq keçmişi haqqında məlumatlıdırlar, müasir hərbi, siyasi, mədəni prosesləri izləyirlər. Boş vaxtlarında kitab oxumağı sevirlər. Bir sözlə, savad səviyyələri qənaətbəxşdir.Testin şərtləri nə qədər çətin olsa da, əksər iştirakçı sualların xeyli qismini düzgün cavablandıra bilmişdi. Lakin mükafatalayiq ilk üç yerə suallara daha çox cavab göndərənlər seçildilər. Qaliblər üçün BHİK-in Fəxri fərmanları və pul mükafatı müəyyən edilmişdi. Mükafatlar qaliblərin xidmət etdikləri hərbi hissələrdə zabit və əsgər heyətinin qarşısında, təntənəli şəkildə təqdim olundu. Həmkarlar ittifaqı komitəsinin sədri Abiyət Ağadadaşova komitə üzvləri və nazirliyin məsul işçilərindən bir neçəsi ilə birlikdə əvvəlcə Beyləqan rayonunda oldu. Birinci yerin sahibi Əjdər Əjdərli və ikinci mükafatçı Cavid Kərimli ilə görüşdülər. Abiyət xanım hər iki gəncə Fəxri Fərman və pul mükafatı verdi. Onları təbrik etdi. Gələcək xidməti dövründə qaliblərə növbəti uğurlar arzuladı. Abiyət xanımın xahişi ilə müsabiqə qaliblərinə hissə komandiri tərəfindən bir həftəlik məzuniyyət verildi. Sonra BHİK nümayəndələri Şəmkirə gəldi. Üçüncü nəticə göstərmiş Sərxan Qasımovu da mükafatlandırdı.Yeri gəlmişkən deyək ki, müsabiqə, mükafatların təntənəli təqdimatı digər əsgər və zabitlər üçün də böyük stimul oldu. Onlarda biliklərini daimi artırmağa həvəsi qat-qat gücləndirdi. Söhbət apardığımız əsgərlər belə müsabiqənin müntəzəm keçirilməsini arzuladıqlarını söylədilər. Növbəti illərdə hər kəs özünü qaliblər sırasında görmək istəyində olduğunu gizlətmədi.A. Ağadadaşova bizə qalib gənclər barədə qısa məlumat verdi. Dedi ki, Əjdər Əjdərli topçudur. Mingəçevir türk liseyini bitirib. Türkiyənin Sakarya Universitetinə daxil olub. Xüsusi istedadı ilə fərqlənib. Universitetin göndərişi ilə təhsilini İtaliyada, Boloniya Universitetində davam etdirib. Biznesin idarə edilməsi ixtisasına yiyələnib.Cavid Kərimli atıcıdır. Təfəkkür Universitetində təhsil alıb. İxtisasca mühəndisdir.Sərxan Qasımlı isə Azərbaycan İncəsənət Universitetinin məzunudur.Abiyət xanım başçılıq etdiyi təşkilatın gələcəkdə daha maraqlı, səmərəli formatlarda tədbirlər hazırlayıb həyata keçirəcəklərinə əmin olduğunu bildirdi.B.RZAYEV