Həyata keçirilməsi vacib olan məsələlər


Baxıldı : 382

Tarix : 2015-01-31 04:47:00


Azərbaycan Prezidenti 2015-ci ili kənd təsərrüfatı ili adlandırıb. İqtisadi diversifikasiya və qeyri-neft sektorunun şaxələnməsi aspektindən bu il aqrar sektorun inkişafına daha çox diqqət ayrılması müsbət haldır. Ümumi daxili məhsulda payı 6 faizdən az olan sözügedən sektorda hazırda əmək qabiliyyətli əhalinin 38 faizinin çalışdığını nəzərə alsaq, təbii ki, bu sahə yalnız qeyri-neft ixrac qabiliyyətinin artırılması deyil, eyni zamanda məşğulluğun təmin edilməsi baxımından da əhəmiyyətlidir.Bu sahənin inkişaf etdirilməsi üçün cari ildə nələrin həyata keçirilməsinə ehtiyac var?İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, subsidiya məbləğlərinə yenidən baxılmaqla yanaşı, aqrar sektora yönəldilən subsidiyaların verilməsi meyarlarının dəyişdirilməsinə ehtiyac var. İndiki halda strateji məhsullar kimi yalnız taxıl və buğda yetişdirilməsindən ibarət olmamalıdır. Eyni zamanda strateji məhsullara pambıq, ölkənin ərzaq təhlükəsizliyi ilə birbaşa bağlı olan digər məhsulların da aid edilməsinə ehtiyac var. Azərbaycanda tətbiq edilən meyar sadə olması ilə yanaşı, fermerlərin daha çox məhsul istehsalını stimullaşdırmır. Praktiki olaraq burada əkin sahəsindəki hər hektara görə ödənişlər olur. Yəni fermerin hansı həcmdə məhsul istehsal etməsindən, hətta ərazidə yonca əkməsindən asılı olmayaraq, bütün hallarda həmin subsidiyanı alır. Amma bu belə olmamalıdır. Bu üsul daha çox zəhmət tələb edən və ya daha çox məhsul verən ərzaq məhsullarının yetişdirilməsində əlavə subsidiyaların alınmasına imkan yaratmır. Subsidiyaların məbləği istehsal olunan məhsulun həcminə uyğunlaşdırılır. Yəni daha çox məhsul istehsal edən fermer dövlətdən daha çox subsidiya alır. Subsidiyaların müəyyənləşdirilməsi və verilməsi prosesində şəffaflığın gücləndirilməsinə ehtiyac var. Mövcud mexanizmlər bəzi hallarda vəsaitin fermerə çatmasına imkan vermir. Bu baxımdan subsidiyaların müəyyənləşdirilməsi işinə və prosesin monitorinq edilməsinə vətəndaş cəmiyyəti qurumlarının cəlb edilməsi olduqca vacibdir.Korporativlərin, klasterlərin yaradılması prosesi sürətlənməlidir. Yəni korporativlərin yaradılması fermerlərin rəqabət imkanlarının genişlənməsinə səbəb ola bilər. Klasterlər isə bu gün bütün inkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələrdə də tətbiq edilən metodlardan biridir. Klasterlər yalnız fermerlər deyil, eyni zamanda müxtəlif universitetlər də olur. Məhsul istehsalının planlaşdırılması və proqnozlaşdırılması üçün təhlil və məsləhət xidmətinin həyata keçirilməsi vacibdir. Fermerlərə hansı məhsula daha çox tələb və bazarlar üzrə bölüşdürülmənin necə həyata keçirilməsi barədə mütəmadi məlumatlar verilməldir. Əgər aqrar sektor əvvəlki kimi fərdi şəkildə istehsalatla məşğul olacaqsa, onun payı çoxalmayacaq. Burada mənfi tendensiya almış hallardan biri də odur ki, fermerlər məhsul istehsalını planlaşdıra bilmir. Bu il soğanın qiyməti yüksək olursa, gələn il soğan istehsal edirlər. Bolluq da ona gətirir ki, onların istehsal etdiyi soğan çürüyür. Yaxud da hansı məhsulun qiyməti aşağıdırsa, gələn il onu istehsal etmirlər. Fermerlərə ixrac subsidiyası verilməlidir. Dövlət ixrac qabiliyyətli sektorların dəstəklənməsi siyasətini həyata keçirməklə ölkə xarici ticarət göstəricilərini yaxşılaşdırır, ixracdan daha çox gəlir əldə edir. Bu zaman daha çox məhsul ixrac edən fermer təsərrüfatları dövlətdən subsidiya alaraq maliyyə imkanlarını genişləndirə bilir.Aqroparkların yaradılması prosesi sürətlənməlidir. Qeyd edək ki, aqroparklar aqrar və emaledici biznes və təhsil müəssisələrinin birgə klaster formasında fəaliyyətini nəzərdə tutur. Aqroparklar üçün də ən əlverişli bölgələr Gəncə və Gəncəətrafı bölgələr, Lənkəran, Xızı və Xaçmaz rayonları hesab edilir. Lakin ölkənin digər bölgələrində də aqroparkların yaradılması üçün əlverişli şərait var. Kadr çatışmazlığı ilə yanaşı, sərmayələr məsələsinin də həll edilməsinə ehtiyac var. \ Elektron kənd təsərrüfatı\ informasiya sisteminin yaradılmasının sürətləndirilməsi vacibdir. Bu sistemdə aqrar sektor üzrə məlumatların əks etdirilməsi ilə yanaşı, eyni zamanda subsidiyaların verilməsi mexanizmlərinin və proseduraların əks etdirilməsinə ehtiyac var. Xarici investorlar ilə birlikdə ölkəmizdə kənd təsərrüfatı texnikası və avadanlıqlarının istehsalının həyata keçirilməsinə zərurət var. Əslində bu sahədə yerli istehsalın formalaşdırılması olduqca vacibdir. Çünki bu, sözügedən istiqamətdə idxaldan asıllığı aradan qaldırmaqla yanaşı, eyni zamanda yeni iş yerlərinin yaradılmasına nail olmağa imkan verər. Bu məqsəd ilə ən uyğun bölgə Gəncə şəhəri hesab edilir.Aqrar sahədə kadr hazırlığı və təminatı sisteminin yaxşılaşdırılmasının təmin edilməsi üçün aqraryönümlü orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkili vacibdir. Keçmiş ittifaq dövründə belə məktəblər fəaliyyət göstərsə də, təəssüf ki, müstəqillik illərində onların işi dayandırıldı. Belə peşə məktəbləri Lənkəran, Şəki, Gəncə kimi bu sahədə ənənəsi olan şəhərlərdə formalaşdırıla bilər.A.MUSTAFAYEV