Əhalinin su təminatı yaxşılaşır


Baxıldı : 389

Tarix : 2015-10-30 05:56:00


Əhalinin daha keyfiyyətli içməli su ilə təmin edilməsi, Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərinin içməli suya tələbatının ödənilməsi həyata keçirilən iqtisadi layihələr hesabına zaman- zaman gerçəkləşir. Burada əsas məqsəd, Prezidentin qeyd etdiyi kimi, ilk növbədə bütün paytaxt sakinlərinin 24 saat fasiləsiz su ilə təmin edilməsidir. Dünyada maliyyə böhranının davam etdiyi bir müddətdə iqtisadi inkişaf səviyyəsinə görə digər ölkələri geridə qoyan respublikamız maliyyə potensialından səmərəli istifadə edərək sosial infrastruktur layihələri həyata keçirir. Sahibkarlığın inkişafı üçün mütərəqqi addımlar atılır. Neftdən asılılıq aradan qaldırılır.Ölkədə su təchizatı infrastrukturunun yaradılması istiqamətində Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Abşeron yarımadasının hər bir yaşayış massivinin fasiləsiz su ilə təmin olunması istiqamətində mühüm tədbirlər görülür. Dövlət başçısı mütəmadi olaraq görülən işlərlə yaxından tanış olur və göstərişlərini verir. Oktyabrın 28-də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyevə layihə üzrə görülən işlərlə bağlı məlumat verilib. Komplekslə tanış olan dövlət başçısı qeyd edib ki, bundan sonra Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə veriləcək su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verəcək. Bu sutəmizləyici qurğular kompleksi dünyanın ən böyük təmizləyici infrastruktur obyektidir. Bu kompleksin tikintisi üçün böyük həcmdə dövlət vəsaiti ayrılıb. Burada ən müasir texnologiyalar tətbiq olunur. Ümumiyyətlə, Azərbaycanda infrastruktur layihələrinin icrası prioritet məsələdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının əsas məqsədi də Bakıda və bütün bölgələrdə müasir infrastrukturun yaradılmasıdır. Bu istiqamətdə son illər ərzində çox böyük işlər görülüb. Bu infrastruktur layihələrinin içində, əlbəttə ki, içməli su layihələri xüsusi əhəmiyyət daşıyır. Çünki içməli su insanların həyatına birbaşa təsir edən amildir. Xüsusi qeyd olunmalıdır ki, bu gün Bakıda və bütün bölgələrdə içməli su layihələri icra edilir. Bir çox şəhərlərimizdə bu layihələrin açılışlarını etmişik. Hələ ki, bəzi rayonlarda işlər davam edir və qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanın bütün şəhərlərində təmiz içməli su fasiləsiz olaraq bütün əhaliyə verilsin.Əlbəttə, Bakı şəhərinin su təsərrüfatı daha da sürətlə yeniləşməlidir. Şəbəkə sistemi hələ ki, bizim standartlarımıza tam uyğun deyil. Ancaq bu istiqamətdə də işlər aparılır və əlbəttə, biz hamımız istəyirik ki, tezliklə bütün şəhərimizdə hər bir vətəndaş kranı açıb oradan suyu birbaşa içə bilsin. Artıq biz buna yaxınlaşırıq və bu qurğunun xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bizə bu imkanı yaradacaq.Son illər ərzində görülmüş işlər nəticəsində Bakıda fasiləsiz içməli suyun verilməsi təxminən 80 faizə çatmışdır. Bu, əvvəlki dövrlə müqayisədə çox böyük nailiyyətdir, ancaq, əlbəttə, bizi tam qane edə bilməz. Bakı kimi müasir, gözəl, inkişafda olan şəhərdə əhalinin 100 faizi 24 saat fasiləsiz təmiz içməli su ilə təmin edilməlidir. Buna nail olmaq üçün isə iqtisadi potensial lazımdır və biz son illər ərzində apardığımız iqtisadi islahatlar, düşünülmüş siyasət nəticəsində iqtisadi imkanlarımızı böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan iqtisadiyyatı dünya miqyasında bir nümunə kimi göstərilir, hətta böhranlı illərdə bizim iqtisadiyyatımız artır, bu il də artacaqdır. Bizim kifayət qədər böyük maliyyə resurslarımız vardır, onlardan qənaətlə istifadə edirik, ölkəyə, xalqa lazım olan bu kimi layihələrə yönəldirik. Əlbəttə, iqtisadi inkişaf gələcəkdə də bizə imkan verəcək ki, bu günə qədər həllini tapmamış layihələr icra edilsin. Belə olan halda növbəti illərdə içməli su, kanalizasiya layihələrinin davam etdirilməsi, başa çatdırılması əsas prioritet məsələ olacaqdır və gələn ilin investisiya proqramında da bu məqsədlər üçün kifayət qədər böyük vəsait nəzərdə tutulmalıdır. Çünki nəinki Bakıda və böyük şəhərlərdə, hər bir yaşayış məntəqəsində təmiz içməli su olmalıdır. İnsan sağlamlığı üçün əsas şərt təmiz içməli sudur. Biz bunu həll edirik. İkinci əsas şərt təmiz havadır. Bunu da həll edirik. Bakıda görülmüş işlər nəticəsində ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşıb. Vaxtilə Balaxanı zibilxanasından qalxan tüstü şəhərin böyük hissəsini əhatə edirdi. İndi nəhəng, müasir zibilyandırma zavodunun inşasından sonra artıq bu problem aradan götürülüb. Artıq Balaxanı zibilxanası adlı yer yoxdur. Orada indi texnopark yaradılır, ərazi abadlaşdırılır, bax, bu ərazidəki kimi ağaclar əkilib.A.MUSTAFAYEV