Hamiləliyə və doğuma görə məzuniyyətə çıxan işçinin yerinə əmək müqaviləsi ilə işə götürülmüşəm


Baxıldı : 70

Tarix : 2019-09-13 17:40:33


Hamiləliyə və doğuma görə məzuniyyətə çıxan işçinin yerinə əmək müqaviləsi ilə işə götürülmüşəm. Hazırda həmin işçi öz iş yerinə qayıdır və buna görə də mənimlə əmək müqaviləsinə xitam veriləcək. Məni maraqlandıran odur ki, uşağın 3 yaşı tamam olmayıbsa, həmin işçi işə çıxa bilərmi? Həmçinin belə bir halda, yəni daimi xarakterli işdə çalışan işçinin əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundurmu? Qeyd edim ki, çalışdığım iş daimi xarakterlidir.

Gülər MURADOVA,

Tovuz rayonu.

 

- Nəzərinizə çatdırırıq ki, Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

Bundan başqa, Məcəllənin 47-ci maddəsinə əsasən, bəzi hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin maddənin “a”bəndinə əsasən, işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda əmək müqaviləsi müddətli bağlanılır.

Qanunvericilikdə birbaşa nəzərdə tutulmasa da, təcrübədə ödənişli sosial məzuniyyətdə olan qadın yazılı ərizə əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam istifadə etmək istədiyini bildirsə də, istədiyi vaxt məzuniyyəti dayandırıb işə qayıdır. Bu halda onun vəzifəsini müvəqqəti icra edən işçi ilə əmək müqaviləsinə xitam verilir.

Çalışdığınız vəzifə üzrə əvvəlki işçi də uşağının 3 yaşı olana kimi, 127-ci maddədə göstərildiyi kimi, istədiyi müddətə qismən ödənişli məzuniyyətdən ya tam, ya da hissə-hissə istifadə edə bilər.

İkinci sualınıza cavab olaraq bildiririk ki, sizinlə əmək müqaviləsi birmənalı olaraq müddətli bağlanmalı idi. Çünki həmin vəzifə boş deyildi və siz də boş olmayan vəzifəni müvəqqəti icra edirdiniz. Bu səbəbdən də əmək müqaviləsinin müddətli bağlanmasında heç bir qanun pozuntusu yoxdur.

 

 

Hüquq və azadlıqların pozulması ilə əlaqədar mübahisələr hansı orqan tərəfindən həll edilir?

Hökumə ƏSƏDLİ,

Şəki şəhəri.

 

- Konstitusiyaya əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Məhkəmədə hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verilir. “Məhkəmələr və hakimlər haqqında” qanuna görə, Azərbaycan Respublikası vətəndaşlarının, onun ərazisində yaşayan xarici vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin Konstitusiyada və digər qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmə icraatının istənilən mərhələsində məhkəmə müdafiəsi hüququ təmin olunur. Heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz.

Şübhə edilən, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş vasitələrlə müdafiə hüququna, o cümlədən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququna təminat verilir.

Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət vəsaiti hesabına göstərilir.

 

Bilmək istəyirəm, 4 ay ödənişsiz məzuniyyətdə olduğum vaxt dövlət qulluğunda qulluq stajıma daxil edilirmi?

Səlim ƏSGƏROV,

Yevlax rayonu.

 

- Dövlət qulluqçusunun əsas hüquq və vəzifələri “Dövlət qulluğu haqqında” qanunda qeyd edilmişdir. Qanunun 19.0.14. maddəsində deyilir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər, özünün və ya ailə üzvlərinin əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq dövlət qulluqçusunun əsas hüquqlarından biridir. Sosial məzuniyyətlərdən istifadə etmək də dövlət qulluqçusunun əsas hüquqlarındandır və Siz bu hüquqdan istifadə edərək 4 ay ödənişsiz məzuniyyətdə olmusunuz.

Lakin dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajının hesablanması, yəni hansı dövrlərin dövlət qulluğu stajına daxil edilməsi “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları” ilə müəyyən olunur. Qaydaların 7-ci bəndinə əsasən, dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlər nəzərə alınır.

- dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı;

- dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu və vəzifəsindəki qulluq stajı;

- məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü;

- dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti;

- dövlət qulluğu vəzifəsinin və əməkhaqqının saxlanılması şərtilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət;

- əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət;

- ödənişli məzuniyyət dövrləri.

Göründüyü kimi, Qaydalarda dövlət qulluqçusunun qulluq stajına daxil edilən dövrlərdə ödənişsiz məzuniyyət dövrləri daxil edilməmişdir və 4 aylıq ödənişsiz məzuniyyət dövrü qüvvədə olan qanunvericiliyə uyğun olaraq Sizin dövlət qulluğunda qulluq stajınıza daxil edilməyəcək.