Hansı obyektlər sənaye nümunəsi sayılmır?


Baxıldı : 243

Tarix : 2018-01-26 20:34:18


Hansı obyektlər sənaye nümunəsi sayılmır?

 

Nəbi HƏMİDOV,

Şirvan şəhəri.

- Sənaye nümunəsinin patent qabiliyyəti şərtləri və hansı obyektlərin sənaye nümunəsi sayılmaması “Patent haqqında” qanunun 9-cu maddəsində qeyd edilmişdir.

Sənaye nümunəsinə məmulatın zahiri görkəmini müəyyən edən bədii-konstruktiv həllər aiddir. Sənaye nümunəsi şəkil və ya model, yaxud onların birliyindən ibarət ola bilər.

Yeni və ya orijinal olan, sənayedə tətbiq edilə bilən sənaye nümunəsinə hüquqi mühafizə verilir.

Sənaye nümunəsinin estetik və erqonomik xüsusiyyətlərini doğuran mühüm əlamətlərinin məcmusu (forma, konfiqurasiya, ornament və ya rənglərin quraşması) onun ilkinlik tarixinə qədər mühüm əlamətlərinin məcmusu mövcud bilgilərdən məlum deyildirsə, sənaye nümunəsi yeni hesab edilir.

Mövcud bilgilər məcmusuna iddia edilən sənaye nümunəsinin ilkinliyi tarixinə qədər eyni təyinatlı obyektlər və onların Azərbaycan Respublikasında tətbiqi barədə hamı üçün müyəssər olan məlumatlar aid edilir. Mövcud bilgilər məcmusuna iddia edilən sənaye nümunəsinə aidiyyəti olan və əmtəə nişanı kimi Azərbaycan Respublikasında hüquqi mühafizəsi olan obyektlər də daxil edilir.

Mühüm əlamətləri özünün estetik xüsusiyyətlərinə yaradıcı xarakter verən sənaye nümunəsi orijinal hesab edilir.

Dəfələrlə yenidən istehsal edilə bilən sənaye nümunəsi sənayedə tətbiq oluna bilən sayılır.

Aşağıdakı obyektlər sənaye nümunəsi sayılmır:

-məmulatın yalnız texniki funksiyasını şərtləndirən həllər;

-arxitektura obyektləri (kiçik arxitektura formalarından başqa);

-sənaye, hidrotexniki və başqa stasionar qurğular;

-çap məhsulları;

-maye, qaz, toz və ya bu kimi maddələrdən hazırlanmış dayanıqsız formalı obyektlər.

 

r.

 

Doğum haqqında məlumat kim tərəfindən verilməlidir və bu məlumatda nələr qeyd olunur? Məlumatın verilməməsi hər hansı bir məsuliyyət yaradırmı?

 

Günel NƏBİYEVA,

Gəncə şəhəri.

 

- “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda göstərilir ki, doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyi tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür.

Doğum haqqında məlumatda bir qayda olaraq, uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi, verilmə yeri qeyd olunur.

Qeyd etdiyimiz Qaydaların 2.2. bəndində doğum haqqında məlumatın Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsinin vəzifəli şəxslərinin, həmin məlumatın informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsi və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin inzibati məsuliyyət daşıması göstərilmişdir.

Ailə Məcəlləsinin 167-ci maddəsinə (Doğum haqqında məlumatın verilməli olduğu müddət) və Qaydaların 2.3. bəndinə əsasən, doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.

Tibb müəssisəsində anaya doğum haqqında tibbi şəhadətnamə ilə birlikdə doğumun qeydə alınmasının zəruriliyi barədə bildiriş də təqdim olunur. Bildirişdə doğumun qeydə alınmasının məcburiliyi, bunun üçün tələb olunan sənədlər, qeydiyyatın qanunvericiliklə müəyyən olunmuş müddəti və bu müddətin pozulmasına görə inzibati məsuliyyət barədə məlumatlar əks olunur.

Vəzifəli şəxslər və uşağın valideynlərinin  inzibati məsuliyyətə cəlb olunmasının əsasları İnzibati Xətalar Məcəlləsinin 562-ci maddəsində (Doğumun qeydə alınması qaydasının pozulması) aşağıdakı kimi qeyd olunub:

-tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına (Səhiyyə Nazirliyinə) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə, vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. (562.1. maddə)

-doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanı (Səhiyyə Nazirliyi) tərəfindən müvafiq informasiya sisteminə (Ədliyyə Nazirliyinin informasiya sisteminə) ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə, vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə olunur. (562.2. maddə)

- üzrlü səbəb olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsində müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə xəbərdarlıq edilir və ya on manat məbləğində cərimə edilir. (562.3. maddə)

 

1977-ci ildən Şirvanneft - NQİ-nin laboratoriyasında laborant vəzifəsində işləmişəm. 2016-cı ildən yaşa görə təqaüdə çıxmışam. Mən işlədiyim müddətdə zərərli-zəhərli, habelə insanın sağlamlığı üçün təhlükəli kimyəvi maddələrdən istifadə edən işçi kimi daima güzəştlər almışam. Əmək Məcəlləsinin 92-ci maddəsinə və Nazirlər Kabinetinin təsdiq etdiyi qərara əsasən mən bu güzəştlə təqaüdə çıxa bilərdimmi? Bilmək istəyirəm ki, məni təqaüdə çıxaran yeniləşmiş idarəmiz “Şirvan OK” LTD şirkəti nə üçün bu qərar və qanunlara əməl etmirlər?

 

Nazilə NƏSİROVA,

Şirvan şəhəri.

 

- Güzəştli şərtlə yaşa görə əmək pensiyasına çıxmaq üçün müəyyən edilmiş yaş həddi, ümumi sığorta stajı olmaqla, həm də, güzəştli şərtlə pensiya hüququ verən istehsal sahəsindəki staj və Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda həmin vəzifənin və ya peşənin adının olması zəruridir. Bunlardan hər hansı birinin olmaması güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququnun qazanılmaması deməkdir.

Məktubunuzdan məlum olur ki, yaşınız və stajınız qeyd olunan pensiya növünə əsas verir, çalışdığınız sahə isə əmək şəraiti zərərli olan sahədir. Lakin nəzərinizə çatdırırıq ki, Sizə də məlum olan qərarla 23 yanvar 2007-ci ildə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir.

Siz NQİ-nin laboratoriyasında laborant işlədiyinizi bildirirsiniz.

Adıçəkilən Siyahıda “Qazlı texniki karbon istehsalının laboratoriyalarının işçiləri” də yer almışdır. Əgər çalışdığınız laboratoriya qazlı texniki karbon istehsalı laboratoriyası olmuşsa, onda iş yeriniz Sizə güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmanıza dair arayış verməli idi.

ƏM-nin 92-ci maddəsi ilə bəzi kateqoriyadan olan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Bu maddənin təsir dairəsinə düşən işçilərin siyahısı Nazirlər Kabinetinin 6.10.2004-cü il 175 nömrəli qərarı ilə təsdiq edilmiş” İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda müəyyən edilmişdir. Lakin bu o dəmək deyildir ki, belə güzəştlər tətbiq edilən işçilərin hamısı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu qazanır. Bunun üçün həmin vəzifənin adı mütləq yuxarıda qeyd etdiyimiz Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında göstərilməlidir.

Çalışdığınız müəssisənin Sizə güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün arayış verməməsinin səbəbi 12 nömrəli qərarla təsdiq edilmiş siyahıda həmin vəzifənin adının olmamasıdır.

 

Mənim 60 yaşım var, 42 il ümumi iş stajım, o cümlədən 25 il 4 ay eyni vəzifədə işləməklə Dövlət qulluğu stajım vardır. Hal-hazırda Dövlət qulluğunda işləməklə 2-ci qrup əliləm. İndi öz ərizəmlə işdən çıxsam mənim pensiyam necə hesablanmalıdır?  Dövlət qulluqçusu kimi, yoxsa adi pensiyaçı kimi?

Rəfail ADİYEV,

Yardımlı şəhər.

 

- “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, kişilər üçün yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərindən biri də kişilərin 63 yaşına çatmasıdır. Lakin həmin maddənin “Qeyd” hissəsinə əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Məktubunuzdan məlum olur ki, 60 yaşınız tamam olub. Stajınızın neçə il olmasından asılı olmayaraq yaşa görə əmək pensiyasına çıxmaq istəyirsinizsə, 30 iyun 2018-ci ilədək yaşınız 63 yaş 6 ay olmalıdır. Yaşınız buna imkan verirsə, onda əlilləyə görə əmək pensiyasından yaşa görə əmək pensiyası növünə keçə bilərsiniz.

Qeyd etdiyimiz Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır.

Bunun üçün tələb olunan sənədləri təqdim etməklə, ərizə ilə əmək pensiyası təyin edən orqana müraciət etməlisiniz. Dövlət qulluğu stajınız varsa, Sizə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunacaqdır.

Qeyd edək ki, pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Yaşa görə dövlət qulluqçusu kimi pensiya almaq üçün müraciət edərsinizsə, Sizə yeni növ pensiya həmin ay yox, növbəti ayın 1-dən ödəniləcək.

 

Sıtortaçının vəzifələri qanunla müəyyən edilirmi?

 

Səma RÜSTƏMOVA,

Xırdalan şəhəri.

 

“Sığorta haqqında” qanunun 35-ci maddəsinə əsasən, sığortaçı sığortaolunan qarşısında müəyyən vəzifələr daşıyır. Sığortaçının vəzifələri aşağıdakılardır:

1. sığortalını sığorta qaydaları ilə tanış etməli;

2. sığortalı sığorta hadisəsinin baş verməsi riskini və sığortalanmış əmlaka dəyə biləcək zərərin miqdarını azaldan tədbirlər gördükdə, yaxud əmlakın həqiqi dəyəri artdıqda sığortalının ərizəsi üzrə bu halları nəzərə almaqla sığorta müqaviləsini yenidən bağlamalı;

3. sığorta ödənişini müqavilədə və ya qanunda müəyyən edilmiş müddətdə və qaydada verməli, əks halda, sığortalıya hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,2 faizi miqdarında dəbbə pulu (cərimə) ödəməli;

4. sığorta hadisəsi nəticəsində sığortalanmış əmlaka dəyə bilən zərərin qarşısının alınması və ya azaldılması üçün sığortalının xərclərini ödəməli, bir şərtlə ki, bu, sığorta qaydalarında nəzərdə tutulsun, həm də dəyən zərərin miqdarından artıq olan xərclərin əvəzi ödənilməməli;

5. sığortalı və onun əmlak vəziyyəti barədə məlumatı, o cümlədən kommersiya sirri olan məlumatı yaymamalıdır.

Sığorta müqaviləsində sığortaçının başqa vəzifələri də nəzərdə tutula bilər.