Hansı torpaq sahəsi alqı-satqı predmeti ola bilər? Əcnəbilər də torpaq sahəsi ala bilərmi?


Baxıldı : 37

Tarix : 2020-11-20 20:28:17


Hansı torpaq sahəsi alqı-satqı predmeti ola bilər? Əcnəbilər də torpaq sahəsi ala bilərmi?

Səməd QULİYEV,
Abşeron rayonu.
  - Bu məsələ Torpaq Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 86-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər:
xüsusi mülkiyyətdə olan torpaqlar;
bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları;
girov haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə girov (ipoteka) predmeti sayılan torpaq sahələri;
özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri;
dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları.
bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları. 
Torpaq Məcəlləsində nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. 
Torpaqlar dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə, habelə Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə satıla bilər.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar yalnız icarə hüququnda verilə bilər. 
Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi şəxslərin, yaxud orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə alınıb satıla bilər.
Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir.
Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. 
Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir.
Torpaq sahəsinin alqı-satqısının qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Torpaq sahəsinin girov qoyulmasının (ipotekasının) qaydaları Azərbaycan Respublikasının ipoteka haqqında qanunvericiliyi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir