Haqq nazildi...


Baxıldı : 182

Tarix : 2015-02-07 13:15:00


üzülmədiHaqq nazilmişdi, amma, atalar sözündə deyildiyi kimi, üzülmədi, \ Şəmkir Sərnişin Nəqliyyatı\ Açıq Səhmdar Cəmiyyətinin avtobus sürücüsü İdris Əlirzayev müdiriyyətin işçilərə qarşı özbaşınalığına dözməmişdi. Etiraz səsini qaldırmışdı. Demişdi ki, ay qardaşlar, belə olmaz axı! Biz Səhmdar Cəmiyyətinin kassasına hər ay 1000-1200 manat pul köçürürük. Aldığımız əməkhaqqı nədir? Cəmi 22-48 manat. Üstəlik, həftə ərzində tam iş vaxtı normasından qat-qat artıq işləyirik. İdarə etdiyimiz nəqliyyat vasitələrinin təmirində, yanacaqla təminatında problemlərə məruz qoyursunuz. Əmək müqaviləsi Əmək Məcəlləsinə uyğun tərtib edilməyib və sair.İdris özü deyib, özü də eşidir. Sözlərinin rəhbərlik tərəfindən qulaqardına vurulduğunu görüb, müdiriyyətə dediklərini eynilə kağıza köçürüb, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqına göndərib. İdrisin şikayət etməsi müdiriyyəti qəzəbləndirib. Töhmət-töhmət üstündən verib onu işdən çıxarıblar.Sahə Hİ Respublika Komitəsi Maliyyə Şöbəsinin müdiri İlqar Hüseynovdan və hüquq müfətiişi Əjdər Allahverdiyevdən ibarət kiçik bir qrup Şəmkirə ezam olunub. Məktubda qeyd olunanları araşdırıblar. Bu araşdırmada Hİ-nin Gəncə Zonası üzrə Birləşmiş Həmkarlar İttifaqı Şurasının sədri R.Cuvarlinski də iştirak edib. Onlar müəyyənləşdiriblər ki, əsas və əmək stajına görə əlavə məzuniyyətlərin verilməsinə əməl edilmir. Şəxsi uçot vərəqələrində işçilərə məzuniyyətlərin hansı illər üçün verilməsi göstərilmir. Dövlətin maaşların minimum əməkhaqqından az ödənilməməsi barədə qadağasına məhəl qoyulmur. Sürücülərə hansı ölçü ilə isə cəmi 22-49 manat həcmində əməkhaqqı verilir. Əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması, istehsalat qəzalarının, xəsarətlərinin qarşısının alınması haqqında tədbirlər planı və təlimat jurnalları işlənib hazırlanmır. Kollektiv müqavilə il ərzində bir dəfə də olsun müzakirə edilməyib.İntizam tənbehlərinin verilməsi qaydaları mütəmadi olaraq pozulur. Yeri gəlmişkən deyək ki, elə İ.Əlirzayevə 10 dəfə intizam tənbehi tətbiq olunub. Araşdırma qrupu müəyyən etdi ki, intizam tənbehi verilərkən işçilərin şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, törətdiyi xətanın xarakteri nəzərə alınmır.Kargüzarlıq və kadrlar işi əmək qanunvericiliyinin tələblərindən çox-çox uzaqdır.Sadaladığımız və sadalamadığımız nöqsanlar, əslində kobud qanun pozuntuları ASC-nin rəhbərliyinin nəzərinə çatdırıldı. O da xahiş olundu ki, qeyri-qanuni işdən çıxarılmış İ.Əlirzayev əvvəlki işinə bərpa edilsin. Cəmiyyətin rəhbərliyi ilə bu barədə şifahi razılaşma əldə olundu.Təəssüf ki, şifahi razılaşma əməli işə çevrilmədi. Müdiriyyət əvvəlki qaydada işçilərə laqeyd münasibətini davam etdirdi. İdrisin işə qayıtmasına cəhd göstərmədi. Belə olan halda sahə Həmkarlar İttifaqı Şəmkir Rayon Məhkəməsində işəgötürənə qarşı iddia qaldırdı. Məhkəmə iclasında aparılan araşdırmadan sonra iddia qəbul olundu. Sübutlara qiymət verən məhkəmə belə nəticəyə gəldi ki, iddia əsaslı olduğundan təmin edilməlidir. \ Şəmkir Sərnişin Nəqliyyatı\ ASC-nin 30.09.2013-cü il tarixli, 265 saylı əmri etibarsız hesab edilsin.İdris Əlirzayev əvvəlki vəzifəsinə, yəni sürücü işinə bərpa olunsun. 2013-cü ilin sentyabr ayından başlayaraq məhkəmə qətnaməsi çıxan günədək məcburi işburaxma müddəti üçün ölkə üzrə minimum əməkhaqqına uyğun əməkhaqqı hesablanaraq ona ödənilsin.Bu, sahə həmkarlar ittifaqının məhkəmələrdə qaldırdığı ilk iddia və ya qazandığı ilk uğur deyil. Səbəbi də odur ki, işçilərin əmək, sosial hüquqlarının müdafiəsi daimi nəzarətdə saxlanılır. Hər bir üzvün şikayətinə dərhal reaksiya verilir. Bundan əlavə, Hİ-nin məsul işçiləri regionlara planlı şəkildə ezamiyyətlərə göndərilir. Ötən il hüquq müfəttişi Əjdər Allahverdiyev ilin əvvəlindən təsdiq edilmiş iş planına müvafiq olaraq, Şimal-Şərq regionunun Qəbələ, Şəki, Qax, Zaqatala və Balakən yol istismar idarələrində olmuşdur. İşçilərin Əmək Məcəlləsində (ƏM) nəzərdə tutulmuş əmək, sosial hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların yerinə yetirilməsi vəziyyətini yoxlamış və tədbirlər görülməsi barədə göstərişlər vermişdir.Hüquq müfəttişi eyni zamanda sentyabr-oktyabr aylarında Cənub və Şərq zonası üzrə şura sədrləri ilə birlikdə Neftçala, Biləsuvar, Masallı, Kürdəmir, Ucar və Hacıqabul rayonlarının yol istismar idarələrində olmuş, işçilərin işə qəbulu, işdən azad olmaları, əmək məzuniyyətlərinin ƏM-ə uyğun verilməsi, istirahət vaxtlarının tənzimlənməsi, kollektiv müqavilədə nəzərdə tutulmuş müddəaların müdiriyyət tərəfindən yerinə yetirilməsi və sair məsələlərə baxış keçirmişdir. B.RZAYEV