Haqqı pozanın yox, haqqı pozulanın yanında olmalıyıq


Baxıldı : 70

Tarix : 2020-01-31 16:15:22


Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin növbəti iclasında təşkilati məsələyə baxılıb. Komitənin sədri Hüseyn Məmmədov başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən istefa verib. Komitə əvvəlcə H.Məmmədovun hesabatını dinlədi. Sədr kimi gördüyü işləri qənaətbəxş qiymətləndirdi. Ona yeni vəzifəsində uğurlar arzuladı.

Sonra yeni sədr seçkisi oldu. Universitetin tarix fakültəsinin dekan müavini  Rəşad Cabbarovun namizədliyi irəli sürüldü və fəaliyyəti haqqında geniş məlumat verildi. Komitə üzvləri yekdilliklə R.Cabbarovun sədr vəzifəsinə namizədliyini dəstəklədi.

Tədbirdə sahə Hİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış etdi. O, həmkarlar ittifaqı təşkilatlarının qarşısında duran məqsəd və vəzifələrdən danışdı. Dedi ki, bizim missiyamız işəgötürənlə işçi arasında əmək münasibətlərinin tənzimlənməsinə nail olmaqdır. Başqa sözlə, əmək müqaviləsində əksini tapmış öhdəliklərin yerinə yetirilməsinə nəzarəti həyata keçirməkdir. Burada ədalətli mövqe tutulmalı, yəni işçi ilə bərabər işəgötürənin də hüquqlarına hörmətlə yanaşılmalıdır. Sirr deyil ki, əksər hallarda hüquq pozuntuları işəgötürən tərəfindən müşahidə edilir. Hüquq pozuntuları əsasən dərs bölgüsü, iş rejimi, növbəlilik, güzəştlər və sairə ilə bağlı olur. Belə hallarda həmkarlar ittifaqı haqqı pozanın yox, haqqı pozulanın yanında olmalıdır.

Mirzə müəllim tərəfdaşlarla sıx əlaqənin, sosial dialoqun vacibliyini də diqqətə çatdırdı.