Hava yolu şirkətində tətil dalğası


Baxıldı : 47

Tarix : 2017-12-15 21:44:57


İrlandiyanın "Ryanair" hava yolu şirkətinin həmkarlar ittifaqı təşkilatlarına qarşı yürütdüyü siyasət  bir sıra ölkələrdə etirazla qarşılanıb. Şirkətin Portuqaliyadakı pilotlarından sonra İrlandiyalı kabin heyəti də 24 saatlıq tətil elan edib. İtaliyada və Almaniyada şirkət personalı tətil keçirəcəklərini açıqlayıb. İrlandiya Hava Yolları Həmkarlar İttifaqı və "İMPACT" təşkilatı da dekabrın 20-də yenidən birgünlük tətil barədə şirkətə xəbərdarlıq edib. İspaniya Pilotlar Birliyi (İPB) rəhbərliyi "Ryanair"i peşə hüquqlarına və ölkə qanunvericiliyinə əməl etməyə çağırıb. Birlikdən "Ryanair" rəhbəri Maykl Oleariye göndərilən məktubda İspaniyada xidmət göstərən şirkət heyətinin ölkə qanunvericiliyinə əsasən, fəaliyyət göstərməli olduğunu və bu prinsip əsasında əmək müqaviləsi bağlanmasını tələb edib. Məktub həmkarlar təşkilatı nümayəndələri və 7 "Ryanair" pilotu tərəfindən imzalanıb.

İPB həmçinin şirkətin başqa ölkələrdən olan kabin və yer personalının da daxil olduğu həmkarlar təşkilatlarına hüquqlarının müdafiəsini tövsiyə edib.

"Ryanair" şirkəti isə tətil və etirazlara rəsmi cavab verməsə də, 2018-ci ilin proqramında 40 fərqli xətt üzrə əlavə uçuşlar olacağını açıqlayıb. Bu isə təkcə Avropa ölkələrinə illik uçuşlar zamanı  ötən ilə nisbətən 250 min əlavə sərnişin olması deməkdir.

Cavid SƏFƏROV