Hazırlıq işlərinə başlandı


Baxıldı : 35

Tarix : 2019-10-04 18:06:28


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (TİAHİ) Nizamnaməsinə uyğun olaraq 2020-ci il ittifaqın ilk təşkilatlarında hesabat-seçkilər ilidir. Artıq Respublika Komitəsi tərəfindən bununla bağlı hazırlıq işlərinə başlanılıb, zona seminarlarına start verilib. İlk belə seminar sentyabrın 24-də Şəki şəhərində keçirilib. Seminarda Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edərək bildiriblər ki, hesabat-seçki konfransları  6 minə yaxın ilk təşkilatı əhatə edəcək. Bu seçkilərdə ilk təşkilatların sədrləri hesabat dövründə görülmüş işlərlə bağlı hesabat verəcək, təşkilatların seçkili orqanları yenidən formalaşdırılacaq: “İlk təşkilatlarda keçirilən hesabat seçki yığıncaqları TİAHİ-nin həyatında mühüm əhəmiyyət kəsb edir. Bilirsiniz ki, həmkarlar ittifaqı mərkəzlərinin gücü onların ilk təşkilatlarındadır. İlk təşkilatlar nə qədər güclü olacaqsa, bu təşkilata sədrlik edən şəxslər nə qədər nüfuzlu şəxlər olacaqsa, bizim ittifaqımız da o qədər nüfuzlu olacaq. Bu baxımdan şəhər və rayon komitələrinin sədrləri bu seçkilərə ciddi yanaşmalı, gender bərabərliyi, gənclərin irəli çəkilməsi də nəzərər alınmaqla, ilk təşkilatların seçkili orqanları demokratik seçki yolu ilə yenidən formalaşdırılmalıdır”.

Sonra tədbirdə TİAHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət  Xasiyeva, İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Şəki şəhər 12 saylı orta məktəbin həmkarlar ittifaqı komitəsinin sədri İlhamə Kərimova çıxış edərək hesabat-seçkilərə hazırlıq prosesi çərçivəsində görülən işlərdən danışıblar.

Seminarda həmçinin Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış “2019-2021-ci illər üçün kollektiv saziş”də əksini tapan müddəalar müzakirə olunub. Şəhər və rayon komitə sədrləri rayon komitələri ilə təhsil şöbələri arasında bağlanmış kollektiv müqavilələr barədə məlumat veriblər.

Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Oktyabrın 2-də isə Quba rayonunda regional seminar keçirilib. Tədbirdə TİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov, Maliyyə şöbəsinin aparıcı məsləhətçisi Vüqar Həsənov, TİAHİ Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak ediblər. Tədbirdə E.Rüstəmov çıxış edərək hesabat-seçki konfranslarının keçirilməsi ilə bağlı görülən işlərdən danışıb, seminar iştirakçılarına müvafiq tövsiyələrini verib.

Seminarda həmçinin Z.Məmmədov çıxış edərək rayon komitələri ilə təhsil şöbələri arasında bağlanmış kollektiv müqavilələrin şərtlərinin yerinə yetirilməsi ilə bağlı görüləcək işlərdən danışıb.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablanırılıb.