Həbsdə olanlar hamiləliyə və doğuşa görə müavinət ala bilirlərmi?


Baxıldı : 93

Tarix : 2018-08-17 21:17:59


Eyni nazirliyə tabe olan başqa bir müəssisəyə işə düzəlmək köçürmə yolu ilə mümkündürmü? İş yerində deyirlər ki, mənimlə bağlanmış əmək müqaviləsi ləğv olunmalıdır. Bu haqda məlumat verməyinizi xahiş edirəm.

 

Natiq ƏLİYEV,

Sumqayıt şəhəri.

 

- Qanunvericilik yalnız eyni müəssisənin daxilində işçinin başqa vəzifəyə köçürülməsinə yol verir. Qalan hallarda işçi ilə əmək müqaviləsinə xitam verilməli, işçi ilə son haqq-hesab aparılmalı və işçi ümumi qaydada o biri müəssisədə yeni əmək müqaviləsi bağlamaqla işə düzəlməlidir. Ona görə də Siz ümumi qaydada başqa işə keçməklə əlaqədar olaraq öz təşəbbüsünüzlə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə müraciət etməli və yalnız əmək müqavilənizə xitam verildikdən sonra o biri işəgötürənlə yeni əmək müqaviləsi bağlanması üçün ərizə ilə müraciət edə bilərsiniz.

 

Konstitusiyamıza 15 yaşına çatmamış uşaqların işə götürülə bilməməsi ilə əlaqədar maddə neçənci ildə salınıb?

Ramiz ŞAHBAZOV,

Şirvan şəhəri.

 

- BƏT-in uşaq əməyinə dair daha vacib müddəaları özündə əks etdirən konvensiyalarına və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulduqdan sonra milli qanunvericilikdə uşaq əməyi ilə mübarizəyə, uşaqların mənəviyyatının, sağlamlığının qorunmasına aid olan konstitusion normalarda dəyişikliklər edilməsi zərurəti meydana çıxdı. İlk növbədə 18 mart 2009-cu il Azərbaycan Respublikası Referendum Aktından sonra Konstitusiyamıza əlavə və dəyişikliklər edildi. Həmin tarixdən Konstitusiyanın “Ailə və dövlət” adlanan 17-ci maddəsinin adı dəyişdirildi, maddəyə əlavə və dəyişikliklər edildi. Əvvəlki redaksiyaya əsasən, “uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur, bu borcun yerinə yetirilməsinə isə dövlət nəzarət edir” ifadələrindən əlavə uşaqların işə qəbulunun minimum yaş həddi, uşaqların həyat və sağlamlığının qorunması haqqında normalardan danışılmırdı. Doğrudur, “Uşaq hüquqları haqqında” qanunda, Əmək Məcəlləsində uşaqların əmək hüququnun yaranması və bu hüquqların hansı şərtlər daxilində həyata keçirilməsindən danışılırdı. Lakin referendumdan sonra qeyd edilən maddə “Ailə, uşaqlar və dövlət” adlandırıldı. Burada qeyd olundu ki, uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

 

 

Həbsdə olanlar hamiləliyə və doğuşa görə müavinət ala bilirlərmi?

 

Gülyaz SƏFƏRLİ,

Gəncə şəhəri.

 

- Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 71-ci hissəsinin köhnə redaksiyasına əsasən, həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuşa görə müavinət verilmirdi. Lakin Nazirlər Kabinetinin 29 aprel 2014-cü il tarixli, 115 nömrəli qərarı ilə Əsasnaməyə dəyişiklik edildi və 71-ci hissə Əsasnamədən çıxarıldı. Qərar 04 may 2014-cü il tarixdə rəsmi qəzetlərdə dərc edildi və həmin tarixdən qüvvəyə mindi. Bu dəyişiklikdən sonra əvvəllər Əsasnamənin 71-ci hissəsi ilə hamiləliyə və doğuşa görə müavinətin ödənilməsinə qadağa qoyulan şəxslərin hamısına, o cümlədən həbsdə olan şəxslərə hamiləliyə və doğuşa görə müavinət verilir.

 

Etibarnamə əsasında yaşadığım kənddə pay torpağı almışam. Etibarnamə notariat tərəfindən təsdiq olunub. Rayon kənd təsərrüfatı şöbəsinin rəisi, həmin sahələri neçə illərdir əkib-becərsəm də, mənə subsidiya verilməsini təmin etmir. Deyirlər ki, etibarnamə ilə alınan torpağa subsidiya düşmür. Mənə kömək etməyinizi xahiş edirəm.

 

Nizami BAYRAMOV,

Goranboy rayonu, Gülməmmədli kəndi.

 

-Pay torpağını etibarnamə ilə aldığınız üçün rayon kənd təsərrüfatı idarəsi torpağı girov qoyub bankdan kredit götürməyə razılıq vermirsə, onda həmin təşkilatın tabe olduğu yuxarı quruma müraciət etməyinizi tövsiyə edirik.

Lakin qanunvericiliyə əsasən bildiririk ki, torpağı əkib-becərmək bankdan subsidiya almaq üçün əsas deyil, çünki etibarnamə ilə istifadə olunan torpaq sahəsi sizin mülkiyyətinizə verilməyib. Torpağın mülkiyyətinizə keçməsi üçün alqı-satqı müqaviləsindən sonra respublikada müəyyən edilmiş qaydada sənədləşmə apararaq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq rayon şöbəsinə müraciət etməlisiniz. Müraciət əsasında torpaq sahəsi dövlət qeydiyyatına alınmalı və həmin reyestrdən çıxarışla sizin mülkiyyətinizə verilməsini rəsmiləşdirməlisiniz. Yalnız bundan sonra yaşadığınız ərazi üzrə hər hansı bir bank və ya bank olmayan kredit təşkilatına müraciət edə bilərsiniz.

 

Sığorta müqaviləsi bağlamaq üçün şifahi müraciət etmək olarmı?

 

Rəşid ƏLİYEV,

Bakı şəhəri.

 

-Sığorta müqaviləsinin bağlanması yazılı və ya şifahi ola bilər. Bu barədə “Sığorta haqqında” qanunun 25-ci maddəsində deyilir ki, sığorta müqaviləsinin bağlanması üçün sığortalı müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya yazılı təklif verir, yaxud bu niyyətini şifahi bildirir.

Sığorta müqaviləsinin bağlanması faktı, sığorta qaydaları əlavə edilməklə, sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.

 Onu da qeyd etmək lazımdır ki, sığortaçı, agent və brokerin sığorta müqaviləsi bağlamaq üçün fiziki və ya hüquqi şəxslərə onların hüquq və vəzifəsi haqqında, habelə broşurada, izahat kitabçalarında, reklam və elanlarda yalan, çaşdırıcı və ya aldadıcı məlumatı verməsi qadağandır.