Heç bir məsələ, heç kəs diqqətdən kənarda qalmır


Baxıldı : 53

Tarix : 2017-09-23 01:29:28


Təşkilatımızın fəaliyyətində üzvlərin təkcə əmək deyil, sosial, mədəni, sağlamlıq sferasında tələblərinin ödənilməsinə, dünyagörüşünün formalaşmasına kömək göstərmək, həyatını qismən də olsa stimullaşdırmaq mühüm yer tutur.

Əvvəla, onu deyim ki, ilk növbədə işçilərin sağlamlığına diqqət yetiririk. AHİK-in tabeliyində olan sanatoriyaların, istirahət mərkəzlərinin xidmətindən istifadə edirik. Təkcə bu ilin birinci rübündə 50 nəfər işçiyə sanatoriyalara yollayış verilmişdir. Ötən il isə yollayış əldə edən sahə işçilərinin sayı, ailə üzvləri ilə birlikdə, 359 nəfər olmuşdur.

İstirahət mərkəzlərinə yollayışla göndərilənlərin sayı isə 120 nəfərdən çox idi.

Dövlət, milli, dini bayramlar təşkilatlarımız tərəfindən xüsusi təntənə ilə qeyd edilir. Novruz, Yeni il bayramlarında üzvlərimizlə bərabər övladları da sevinc hissləri yaşayırlar. Ötən il "Azəriqaz" İstehsalat Birliyinin struktur təşkilatlarında çalışan işçilərin 12 yaşınadək uşaqları üçün 5500-ə qədər hədiyyəli şənlik bileti və Bakı sirkinə 2700 bilet alınıb.

Biz üzvlərimizin estetik, musiqi zövqünün yüksəldilməsinə önəm veririk. Bu məqsədlə ötən il Opera və Balet Teatrında, ABU Arenada, Dövlət Musiqi Teatrında, Əl Oyunları İdman Kompleksində keçirilmiş konsert və tamaşalarda tamaşaçı qismində 2700 işçinin iştirakı təşkil edilib. Biletlərin dəyəri həmkarlar ittifaqı tərəfindən ödənilib.

Təşkilatımız işçilərin idmana, bədən tərbiyəsinə cəlb edilməsi istiqamətində də müntəzəm iş aparır. İdarələr arasında idmanın müxtəlif növləri üzrə yarışlar keçirilir. Qaliblər fəxri fərmanlarla, qiymətli hədiyyələrlə həvəsləndirilirlər. Həvəskar idmançılarımız idman ləvazimatları ilə də təchiz olunurlar. Məsələn, ötən il Regional Qaz İstismar İdarəsinə 460 dəst idman geyimi, 460 cüt idman ayaqqabısı, 40 ədəd futbol və voleybol topu alıb bağışlamışıq.

Onu da deyim ki, göstərdiyimiz qayğıya cavab olaraq həvəskar idmançılarımız dəvət aldıqları yarışlarda Birliyin şərəfini layiqincə qoruyurlar. 4 üzvümüz neft və qaz sənayesi işçilərinin XXII Spartakiadasında mükafatalayiq yer tutub. Üzvlərimiz təkcə idmanda deyil, əmək sahəsində də öz sözünü deməyi bacarırlar. 62 nəfər işçimiz 20 Sentyabr - Neftçilərin Peşə Bayramı Günündə əməkdə fərqləndiyinə görə "Azəriqaz" İstehsalat Birliyinin Fəxri Fərmanına layiq görülüb.

Birliyin fəaliyyətinin elə bir sosialyönümlü sahəsi yoxdur ki, həmkarlar ittifaqı təşkilatı orada iştirak etməsin. Ötən il ənənəvi olaraq "Donor günü" münasibətilə keçirilən aksiyaya Birliyin aparat və struktur qurumları da qatılmışdılar. Həmkarlar ittifaqı komitəsi aksiya iştirakçıları üçün şirniyyat süfrəsi açdı.

Biz, təbii ki, tez-tez kollektivlərə gedirik, eyni zamanda komitəmizə gələnlərlə ünsiyyətdə oluruq. Onların istehsalat, şəxsi problemləri ilə maraqlanırıq. Ünsiyyət zamanı kimin nəyə ehtiyacı olduğunu öyrənirik. İmkanımız daxilində onların ehtiyaclarını ödəməyə çalışırıq. 2016-cı ildə 531 nəfərə maddi yardım göstərdik. Aralarında aztəminatlılar, ağır xəstəliyə görə pula ehtiyacı olanlar da var idi. Dörd ailəni komitəmiz himayəyə götürüb. Onlar bizdən aylıq pul yardımı alırlar.

Yubiley yaşı tamam olanları, təqaüdə çıxanları da pul yardımı və qiymətli hədiyyələrlə sevindiririk.

 

Ədalət QURBANOV,

“Azəriqaz” İstehsalat Birliyi Həmkarlar İttifaqı

Komitəsinin sədri