“Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək"


Baxıldı : 189

Tarix : 2017-01-27 21:26:54


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib. Hərbi şəhərcikdə yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı hərbi qulluqçularla görüşüb.

Ali Baş Komandan, Prezident İlham Əliyev görüşdə çıxış edib. O, bildirib ki, bu şəhərciyin inşa edilməsi bir daha Azərbaycanda ordu quruculuğuna çox böyük diqqət yetirildiyini göstərir. Bizim ordumuz güclü ordular sırasındadır. Son illər ərzində ordumuzun maddi-texniki təminatı böyük dərəcədə inkişaf edib. Bu gün təminat-təchizat baxımından yüksək səviyyəyə malik olan Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Biz son illər ərzində bir çox ölkələrdən ən müasir texnika, silah-sursat almışıq ki, bu da bizim ordu potensialımızı gücləndirir. Ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik hissləri çox yüksək səviyyədədir. 

Prezident deyib ki, bütün bu nailiyyətləri biz özümüz əldə etmişik, öz hesabımıza, güclü iqtisadiyyat hesabına. Çünki əgər güclü iqtisadiyyat olmasaydı, bütün bu işləri görə bilməzdik. Yaradılan bu hərbi şəhərcik həm ordumuzun, həm dövlətimizin gücünü göstərir. Bu gün dünyada maliyyə-iqtisadi böhran davam edir. Ancaq buna baxmayaraq, biz bu məqsədlər üçün böyük vəsait ayırırıq və ayıracağıq. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz hesabına yaşayır, heç kimdən asılı deyil, heç kimin maliyyə yardımına ehtiyac duymur.

Ölkə başçısı qeyd edib ki, ordumuzda olan nizam-intizam, həm döyüş qabiliyyəti, həm hazırlıq və bütün bu görülmüş işlər özünü lazım olan vaxtda göstərdi. Keçən ilin aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad edildi. O ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib ki, aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Ermənistan öz acı məğlubiyyətini etiraf etmək istəmirdi. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik.

Dövlət başçıs deyib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı Dağlıq Qarabağda yaşayıb-yaratmışdır. Orada yerləşən tarixi, dini abidələrimiz bizim qədim mədəniyyətimizi əks etdirir. Təkcə Dağlıq Qarabağ deyil, indiki Ermənistanın ərazisi tarixi Azərbaycan torpağıdır. Əgər statistikaya nəzər salsaq görmək olar ki, XX əsrin əvvəllərində İrəvan şəhərinin əhalisinin yüzdə 70-i azərbaycanlılar idi. İndiki Ermənistanın bir çox toponimləri Azərbaycan mənşəlidir. İrəvan, Zəngəzur, Göyçə bizim tarixi torpaqlarımızdır. Bizim torpaqlarımızda erməni dövləti qurulubdur.

Prezident qeyd edib ki, beynəlxalq hüquq da bizim mövqeyimizi müdafiə edir. Bir çox mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etmişdir. Xüsusilə BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı 4 qətnamə qəbul etmişdir və burada açıq-aydın göstərilir ki, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır.  BMT Təhlükəsizlik Şurası ilə yanaşı, digər beynəlxalq təşkilatlar - İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası oxşar qərar və qətnamələr qəbul etmişdir. Onlar da kağız üzərində qalıb. Bu, ədalətsizlikdir, bu, beynəlxalq normaların kobudcasına pozulması deməkdir. Ancaq yenə də işğalçı dövlətə heç bir təzyiq göstərilmir. Bu, ikili standartlar siyasətidir. Əfsuslar olsun ki, bizim ölkəmiz uzun illər ikili standartlarla üzləşir. Bəzi yerlərdə BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir, bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır və onları qəbul edənlər də buna biganə qalırlar. Belə olan halda Azərbaycan öz gücünü artırmalıdır və artırır.

Ölkə başçısı bildirib ki, münaqişənin həlli isə çox sadədir. Birincisi, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək.  O ki qaldı, Dağlıq Qarabağın gələcək statusuna, bu status ancaq vahid Azərbaycan dövləti çərçivəsində mümkün ola bilər. Münaqişənin həlli bundan ibarətdir və Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olacaq. Ərazi bütövlüyünün təmin olunması, işğala son qoyulması bu münaqişənin həlli üçün əsas amillərdir. Bu məqsədlərə nail olmaq üçün bir daha demək istəyirəm, daha da güclü olmalıyıq və biz bu gün dünya miqyasında böyük təqdirlə qarşılanan güclü Azərbaycan dövləti yaradırıq.

Biz gələcəkdə daha da güclü dövlətə çevriləcəyik. Həm iqtisadi potensialımız, hərbi gücümüz artacaq. Əhalimiz artır, artıq Azərbaycan əhalisi 10 milyona yaxınlaşır və şübhə yoxdur ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu şərtləndirən bir çox amillər var, onlardan birincisi güclü Azərbaycan Ordusudur və bu, bizim əsas vəzifəmizdir, əsas məqsədimizdir.