Hələ də ciddi problemlər qalmaqdadır


Baxıldı : 33

Tarix : 2020-01-10 15:18:06


Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı (BİHİ) Respublika Komitəsinin IV Məclisində “Sahə həmkarlar ittifaqının sıralarının daha da möhkəmləndirilməsi sahəsində Respublika Komitəsinin fəaliyyəti” məsələsinə baxılmışdır. Bu mövzuda geniş məruzə ilə çıxış edən Respublika Komitəsinin sədri Məhərrəm Xəlilov əvvəlcə mövcud vəziyyətin qısa təhlilini vermişdir. Demişdir ki, dekabr ayında Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarına ilk seçkilər keçirilməsinin 20 ili tamam oldu. Ötən dövr ərzində ölkəmizdə yerli özünüidarənin formalaşması, fəaliyyət göstərməsi və inkişafı sahəsində mühüm addımlar atılmış, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm normativ-hüquqi aktlar qəbul edilmişdir. Lakin hələ də ciddi problemlər qalmaqdadır. Məsələn, respublikamızda formalaşan 1607 bələdiyyənin əksəriyyətinin bank hesabı bağlıdır, bu da onların hərtərəfli fəaliyyət göstərməsinə mane olur.

Bələdiyyə sahəsində əhali arasında maarifləndirmə işi çox zəifdir. Bunun nəticəsidir ki, əksər ərazilərdə insanlar öz vergi və rüsumlarını ödəmirlər. Ona görə də bələdiyyələrimiz maliyyə proqnozlarını tam həyata keçirə bilmirlər. Bir çox bələdiyyələrdə, demək olar ki, işçilər aylarla əməkhaqqı almırlar. Yüzlərlə bələdiyyə var ki, işçiləri bələdiyyə sədri və mühasibdən ibarətdir.

Büdcə gəlirlərində artımın olmaması, problemlərin həllinin ildən-ilə keçməsi peşəkar işçilərin bələdiyyələrdən uzaqlaşmasına səbəb olub.

Məhərrəm müəllim dedi, biz həmkarlar ittifaqı təşkilatı olaraq, imkanımız daxilində problemlərin aradan qaldırılmasına çalışırıq.

Fəaliyyətimizin mühüm istiqamətlərindən biri üzvlərimizin təklif, ərizə və şikayətlərinə baxılması, qaldırdıqları problemlərin qanun çərçivəsində müvafiq həllinə nail olmaqdır.

Hesabat dövrü ərzində Respublika Komitəsinə 54 müraciət daxil olmuşdur. Demək olar ki, böyük əksəriyyəti müsbət həll edilmişdir. Binəqədi rayonu Biləcəri bələdiyyəsindən daxil olan təqdimata Respublika Komitəsində baxılmış və hərtərəfli araşdırmadan sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən, Əkbərov Rəşad Hikmət oğlunun işdən azad edilməsinə razılıq verilməmişdir.

Həmkarlar ittifaqına üzvlüyün motivasiyasını artırmaq üçün üzvlərimizin sağlamlığının, istirahətinin təşkilinə xüsusi diqqət ayırmışıq. Ötən il onlarla üzvümüz güzəştli qiymətlərlə

respublikamızın istirahət və müalicə ocaqlarına yollayışlarla təmin edilmişdir.

Kollektiv müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini, sosial ədalət prinsipinin pozulmasına qarşı mübarizə vasitələrinin gücləndirilməsini özümüzün vacib vəzifələrimizdən saymışıq. Respublika Komitəsi tərəfindən kollektiv müqavilələrin bağlanmasına əməli kömək göstərmək məqsədilə həmkarlar ittifaqının mövqeyini əks etdirən tövsiyələr hazırlanaraq yerlərə çatdırılmış, üzv təşkilatlara məktublar göndərilmişdir.

Sədr onu da vurğuladı ki, işçilərin əmək şəraitinin yaxşılaşdırılması üzrə müəyyən işlər görülməsinə baxmayaraq, narahatedici məqamlar hələ də qalmaqdadır. Yerli özünüidarəetmə orqanlarında bağlanan kollektiv müqavilələrdə əks olunan tədbirlər əsasən təşkilati xarakter daşıyır. Əmək şəraitini kökündən yaxşılaşdırmaq üçün, sadəcə, lazımi vəsait yoxdur.

Hesabat dövründə həmkarlar işçilərinin peşə biliyi səviyyəsini artırmaq istiqamətində xeyli iş görülüb. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən tədris kurslarında ittifaqımızın 21 nəfər fəalının iştirakı təmin olunmuşdur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə Gəncə, Şamaxı, Şəki, Lənkəran, Masallı, Şirvan şəhərlərində keçirdikləri seminarlarda BİHİ-nin təmsilçiləri də iştirak etmişdilər.

Məruzədə ittifaqın fəaliyyətinin digər sahələrinə də toxunuldu. Bildirildi ki, Xəzər rayonunun Mərdəkan bələdiyyəsində 2016-cı ilin aprel döyüşlərində həlak olan şəhidlərimizin xatirəsinə həsr edilmiş “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda tədbir keçirilmişdir

Binəqədi rayon bələdiyyələrinin təşkilatçılığı ilə fiziki qüsurlu uşaqların səmərəli istirahəti üçün Quba-Qusar rayonlarına tur təşkil olunmuşdur.

Həmkarlar ittifaqının işçilər üçün daha cəlbedici olması məqsədilə hər bir imkandan istifadə  etməyə çalışırıq. Bununla bağlı biz də gördüyümüz işləri bələdiyyələrə  daha yaxın olan “Bələdiyyə info” saytı vasitəsilə çatdırırıq.

M.Xəlilov digər məsələlər barədə də Məclis iştirakçılarını məlumatlandırdı.

Məruzə ətrafında çıxışlar dinlənildi. Müvafiq qərar qəbul olundu. Bir neçə qabaqcıl bələdiyyə həmkarlar ittifaqı üzvünə Respublika Komitəsinin Fəxri Fərmanı təqdim edildi.