Hələ görəcəyimiz işlər çoxdur


Baxıldı : 18

Tarix : 2019-10-04 17:58:16


Həmkarlar ittifaqı olaraq üzvlərimizin sosial, əmək hüquqlarının müdafiəsi fəaliyyətimizin əsasını təşkil edir. Bu vəzifəmizi həyata keçirmək üçün çoxsahəli işlər görürük. Məlum olduğu kimi, təhsil sahəsində çalışanların böyük əksəriyyəti qadınlardır. Ona görə də rayon komitəsinin nəzdində yaradılmış gender bərabərliyi və qadınlarla iş komissiyasının üzərinə daha çox məsuliyyət düşür. Təvazökarlıqdan kənar olsa da, deyim ki, komissiya bu məsuliyyətin öhdəsindən bacarıqla gəlir. Aktual mövzular müəyyənləşdirir və mütəxəssislərin iştirakı ilə onun müzakirəsini təşkil edir. Belə mövzulardan biri də “Ailədaxili zorakılıq nədir?” adlanırdı. Bu mövzuda rayon məktəblərinin əksəriyyətində söhbətlər aparıldı. Rayon polis idarəsinin nümayəndəsinin də qatıldığı görüşlərdə ailədaxili zorakılıqların uşaqların psixologiyalarına təsirindən danışıldı.

İttifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili və istirahət hüququnun tənzimlənməsi sahəsində rayon komitəsi  müvafiq tədbirləri həyata keçirir. Rayonun ayrı-ayrı təhsil müəssisələrində çalışan ittifaq üzvlərinin respublikanın müxtəlif bölgələrinə birgünlük səyahətini təşkil edir (Şamaxı, Quba, İsmayıllı, Masallı, Şəki, Qəbələ və s.). İl ərzində “Yeni il” şənliklərində və “Novruz” bayramlarında ittifaq üzvlərinin uşaqlarına biletlər hədiyyə edilmişdir.

Uzun müddət təhsil sahəsində çalışan ittifaq üzvlərinə rayon komitəsi tərəfindən Fəxri fərmanlar, pul mükafatı verilir. Ötən il 39 nəfər ittifaq üzvünün yubileyi qeyd edilmişdir.

Kollektiv müqaviləyə əsasən, həmkarlar ittifaqı təşkilatı əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürən tərəfindən işçilərin əməyinin düzgün hesablanması və ödənilməsinə nəzarət edir.

Əmək qabiliyyətini itirmiş işçilər xəstəlik vərəqələrini təqdim edərək hesablanmış müavinətləri vaxtında alırlar. Bundan əlavə, ilk HİK tərəfindən ehtiyacı olan xəstə ittifaq üzvlərinə birdəfəlik maddi yardım ilə köməklik göstərilir.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi ilə mütəmadi əlaqə saxlayırıq, müharibə iştirakçıları “N” saylı hərbi hissənin zabit və əsgərləri ilə görüşlərdə yaxından iştirak edirik.

Üzvlərin rifah halının yüksəldilməsi, mənəvi və maddi ehtiyaclarının ödənilməsi, əyləncəsi, istirahəti, eləcə də cəmiyyətimizdə gedən proseslərin fəal iştirakçısına çevrilməsi məqsədilə gördüyümüz və görəcəyimiz işlər çoxdur. Biz gələcəkdə də bu istiqamətlərdə fəaliyyətimizi davam etdirəcəyik.

Bu gün hörmətli müəllimlərimizin peşə bayramıdır. Bu münasibətlə rayonumuzun bütövlükdə respublikamızın müəllimlərini təbrik edirəm.

Zümrüd RZAYEVA,

TİAHİ Qaradağ Rayon

Komitəsinin sədri