Həm istirahət etdilər, həm də əyləndilər


Baxıldı : 88

Tarix : 2017-08-25 23:28:30


Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının dəstəyi ilə əməkdaşların yay istirahətinin təşkili istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Belə ki, Fəlsəfə institutunun 30 nəfər əməkdaşı birgünlük Quba, Nəsimi adına Dilçilik institutunun 24 nəfər əməkdaşı ikigünlük Quba-Qusar, Akademiyanın  Rəyasət Heyətinin Hüquq və Kadrlar İdarəsinin 12 nəfər əməkdaşı 2 günlük Lerik, Təcrübə-Sənaye Zavodunun 4 nəfər əməkdaşı isə 3 günlük Xaçmazın mənzərəli təbiəti olan ərazilərində istirahət edib.

Mərdəkan qəsəbəsində yerləşən “Elm" uşaq istirahət düşərgəsinə isə, hər biri 14 gün olmaqla,  3 növbədə gediş təşkil olunub. Burada AMEA-nın tabeliyində olan müəssisə və təşkilatlarda çalışan əməkdaşların uşaqları yay tətillərini səmərəli keçiriblər.

Düşərgədə futbol, voleybol meydançası yaradılıb, bilyard və stolüstü tennis qoyulub, şahmat, dama, domino, nərd oyunları üçün xüsusi guşələr ayrılıb. Uşaqlar M.Muxtarovun, H.Z.Tağıyevin bağ evlərinə, S.Yeseninin ev muzeyinə, "Qala" Tarixi - Memarlıq Qoruğuna, "Binə" Atçılıq Mərkəzinə, Zirə Eko Parkına ekskursiyalara, həmçinin Xəzər dənizinin mühafizə olunan çimərlik zonasına aparılıblar.

Bəyalı RZAYEV