Həm mükafatlandırıldı, həm də vitse-prezident seçildi


Baxıldı : 51

Tarix : 2017-10-20 17:51:14


Oktyabrın 13-14-də Rusiyanın paytaxtı Moskva şəhərində M.V. Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) Avrasiya Universitetləri Həmkarlar İttifaqı Təşkilatları Assosiasiyasının (AUHİTA) 30-cu qurultayı keçirilib.

Qurultayın işində MDU-nun rektoru, akademik V.Sadovniçi, AUHTA-nın prezidenti, professor İ.Kotlobovski, Rusiya Federasiyasının hökumət nümayəndələri və başqaları iştirak ediblər. Avrasiya məkanında yerləşən 6 ölkənin 50-dək klassik universiteti Assosiasiyanın üzvü-dür. Bu təşkilatda  Azərbaycanı Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev təmsil edir.

İclasda akademik V.Sadovniçi universitetlər arasında elm və təhsil əlaqələrinin və sosial əməkdaşlığın möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Fikrət Şiriyevə və daha 3 nəfərə Assosiasiyanın təşəkkürnaməsini təqdim etdi.

Sonra plenar iclasda çıxışlar  dinlənildi. F.Şiriyev Azərbaycanda elm və təhsilə ayrılan dövlət qayğısı, Rusiya-Azərbaycan arasında elm və təhsil əlaqələri, Avrasiya məkanında regional inteqrasiyanın əhəmiyyəti və problemləri, həmçinin ölkəmizdə həmkarlar ittifaqı hərəkatı barədə məruzə etdi.

Qurultayda təşkilati məsələlərə baxıldı. Fikrət Şiriyev Assosiasiyanın vitse-prezidenti seçildi.