Həmkarlar ittifaqı işçiləri üçün kurslar


Baxıldı : 53

Tarix : 2019-09-27 17:39:54


Sentyabrın 3-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) həmkarlar ittifaqı işçiləri üçün “Həmkarlar ittifaqı təhsili: bu gün və sabah” mövzusunda kurslar təşkil olunub. Üç gün davam edən kurslarda, sahə həmkarlar ittifaqlarının təşkilat işləri üzrə mütəxəssisləri və həmkarlar ittifaqı komitələrinin sədrləri olmaqla, 20 nəfər iştirak edib.

Kurslara mühazirəçi qismində dəvət olunmuş mütəxəssislər (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Təhsil İnstitutunun əməkdaşları, psixoloqlar və s.) həmkarlar ittifaqında təhsilin, maarifləndirmənin vacibliyi ilə bağlı mühazirələr oxuyublar. Tədris proqramında mühazirəçilərin və dinləyicilərin tədris prosesində rolu nədən ibarətdir? Kimi öyrədirik? Nəyə öyrədirik? Kim öyrədir? “Həmkarlar ittifaqı təhsilində PR texnologiyasının rolu” və sair aktual məsələlər yer alıb.

Kursların sonunda mövzu ətrafında qruplarda müzakirələr aparılıb. İştirakçılara təhsil proqramı ilə bağlı disklər paylanılıb.

***

Sentyabrın 9-da başlamış 5 günlük təlimlərin isə “Həmkarlar ittifaqı təşkilatının idarəetməsi: texnologiya və səmərəliliyi” mövzusu tədris olunub.

Kursların proqramına həmkarlar ittifaqı təşkilatının fəaliyyəti və idarəetmə sistemi ilə bağlı mövzular daxil edilib: “İlk həmkarlar ittifaqı təşkilatında hesabat və seçkilərin keçirilməsi”, “Həmkarlar ittifaqı təşkilatının imici idarə fəaliyyətinin effektivliyinin amili və həmkarlar ittifaqı fəallığının motivasiyaları kimi”, “Sosial-əmək münasibətləri sahəsində ziddiyyətlər və həmkarlar ittifaqları”, “Kollektiv müqavilənin bağlanması: əsas prinsiplər, tərəflərinin xüsusiyyətləri, məzmunu”, “İlk həmkarlar ittifaqı təşkilatında maliyyə və nəzarət-təftiş işinin təşkili”, “İlk həmkarlar ittifaqı təşkilatında kargüzarlıq”.

Proqram çərçivəsində məlumatları dinləyicilərə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, “ASAN xidmət”in, AHİK-in Hüquq şöbəsinin, eləcə də digər sahə həmkarlar ittifaqlarının əməkdaşları çatdırıblar.

Praktiki məşğələlərdə kurs iştirakçıları təcrübə mübadiləsi ilə müvafiq bacarıq və biliklərə yiyələniblər.

Sonda dinləyicilərə kursun proqramının diskləri və sertifikatlar verilib.