Həmkarlar ittifaqı mənim həyatımda -Jalə Hüseynova


Baxıldı : 220

Tarix : 2018-02-05 05:47:54


Həmkarlar İttifaqı  təşkilatı daim üzvlərinə diqqət və qayğı ilə yanaşmış, onları narahat edən problemləri həll etmək üçün əlindən gələni əsirgəməmişdir.

Təşkilatın qayğısını öz üzərində hiss edən minlərlə gəncdən biri də Jalə Hüseynovadır. Bakı Dövlət Universitetində kimya fakültəsinin kimya müəllimliyi ixtisası üzrə təhsil alan Jalə həmkarlar ittifaqının ona göstərdiyi dəstəyi heç zaman unutmayacağını bildirir: “Universitetə qəbul olduğum ildən həmkarlar ittifaqına üzv olmuşam. Kollektivlə işləmə təcrübəsini, hazırladığım layihələrin icra olunması bacarığını həmkarlar ittifaqının sayəsində qazanmışam. Müəyyən müddətdən sonra isə artıq əldə etdiyim təcrübələri digər tələbə yoldaşlarımla bölüşüb, onları da bu sahədə istiqamətləndirmişəm”.

J.Hüseynova dedi ki, həmkarlar ittifaqının vəsaiti hesabına aztəminatlı təbəqələrdən olan tələbələr üçün hər il yardımlar  təşkil edilmişdir: “Ehtiyacı olan tələbələrin ərizələri yığılır və onlara kömək edilməsinə çalışılır. Hər ay 200-dən çox tələbənin yemək, yataqxanada qalma xərcləri, həmkarlar ittifaqlarının vəsaiti hesabına ödənilir”.

J.Hüseynova bütün tələbələr adından həmkarlar ittifaqına gənclərə göstərdiyi qayğıya görə təşəkkür etdi.

Aliyə SƏMƏDOVA