Həmkarlar ittifaqı mənim həyatımda- Fərhad Talıbov


Baxıldı : 126

Tarix : 2018-02-08 11:11:45


Son 5 il ərzində AHİK-ə üzv sahə həmkarlar ittifaqı təşkilatlarında işçilərin hüquqlarının qorunması, əvvəlki iş yerinə bərpa olunması və müxtəlif sahələrdə bir sıra işlər həyata keçirilib, həmkarlar ittifaqının hər bir üzvünün müraciətinə cavab verilib.

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi (DMHİ RK) də belə təşkilatlardan biridir. Həmkarlar ittifaqı təşkilatının səyi nəticəsində yenidən işlə təmin olunan insanlardan biri də Bakı Yük Stansiyasının birinci dərəcəli mühəndisi Fərhad Talıbovdur. O, həmkarlar ittifaqı ilə bağlı fikirlərini belə ifadə etdi: “1999-cu ildən dəmiryolunda müxtəlif vəzifələrdə fəaliyyət göstərmişəm. Həmin vaxtdan da həmkarlar ittifaqına üzv olmuşam. Ailə başçısıyam, 3 övladım var və ailədə ancaq mən işləyirəm. 2017-ci il iyul ayının 12-də ixtisara düşdüm. Həmin vaxt Bakı Yük Stansiyasında Avtomatlaşdırılmış İdarəetmə Sistemi üzrə şöbə müdiri vəzifəsində işləyirdim. Çox çətin günlər yaşadıq, ailəmi dolandırmaq üçün çalışmaq  məcburiyyətində idim. Mən üzvü olduğum sahə  həmkarlar ittifaqına müraciət etdim”.

Fərhad müəllim daha sonra qeyd etdi ki, onunla həmkarlar ittifaqı nümayəndələri tərəfindən  söhbət aparılmış və mütəmadi olaraq əlaqə saxlanılmışdır: “Ali təhsilli olduğumu, iş təcrübəmi və fəaliyyətimi nəzərə alaraq həmkarlar ittifaqı mənə, ailəmə kömək oldu və onların səyi nəticəsində  birinci dərəcəli mühəndis vəzifəsinə işə bərpa olundum.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevə, üzvü olduğum Dəmiryolçuların Müstəqil HİRK-ə mənə göstərdikləri diqqət və qayğıya görə, özüm və ailəm adından dərin minnətdarlığımı bildirirəm”.

Əsli ƏHMƏDOVA