“Həmkarlar ittifaqları arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsini istərdik”


Baxıldı : 34

Tarix : 2018-10-06 05:25:28


İndustriALL Qlobal İttifaqının Baş katibinin müavini Kamal Özkan müxbirimizə müsahibəsində regiona daxil olan ölkələrdə bir sıra problemlərin olduğunu diqqətə çatdırıb. Deyib ki, İlk olaraq demokratik institutların formalaşması istiqamətində çətinliklər var. Hüquq və azadlıqların qorunması, həmkarlar ittifaqlarına sərbəst üzv olma sahəsində də bəzi sıxıntılar yaşanılır. Bəzi ölkələrdə ciddi iqtisadi problemlər hökm sürür. Həll olunmayan bu iqtisadi problemlər zaman-zaman sosial problemlərə yol açır. Və təbii ki, həmkarlar ittifaqlarının öz işlərində də müəyyən çatışmazlıqlar var. Bunlara idarəetmədə boşluqlar, yenidən restrukzasiya olunmama, dəyişən mühitə uyğunlaşmamaq və digərlərini aid etmək olar.  Ümumiyyətlə, sadaladığım bu məsələlərə bütün dünyada gedən proseslər də təsirsiz ötüşməyib. Dünya maliyyə böhranının davam etməsi, devalvasiyalar, iqtisadi sanksiyalar, yəni ki, bizim müdaxilə edə bilmədiyimiz bütün bu proseslər ümumi işimizə öz mənfi təsirini göstərir.

 

Böhrandan qaçmaq üçün ilk növbədə hər bir ölkənin milli ölçüdə milli istehsalı, bütün sahəni əhatə edəcək müstəqil iqtisadi platforması olmalıdır.  Yəni dövlət özü-özünü tam idarə etməlidir. Dünya ticarət sistemində öz yerini tapmalı və onu qorumalıdır. Özünün daxili iqtisadi gücü olmayan ölkə bunu başqasının hesabına həyata keçirməyə çalışarsa müəyyən zamandan sonra ( iqtisadi böhranlar zamanı) bu, artıq həmin sistemin dağılmasına səbəb olur. Azərbaycanla qonşu ölkələrə nəzər yetirib bunu aydınca sezmək olar. 

Kamal bəy sadalanan bu problemlərin həlli yollarından danışaraq qeyd edib ki, öncə onu müəyyən etmək və anlamaq lazımdır. Nədən qaynaqlandığını araşdırmalıyıq. Sonra bu problemi hökumət və işəgötürənlərlə birlikdə müzakirə etməliyik. Burada sosial dialoq mühiti formalaşdırmalıyıq. Eyni zamanda ölkənin daxilində hüquqi şəraitin uyğunluğu da buna müvafiq olmalıdır. Həmçinin beynəlxalq mexanizmlər də bizim işbirliyimizə öz təsirini göstərə bilir. Yəni bu qeyd olunanları ayrı-ayrılıqda dəyərləndiririk, hər bir ölkə üçün tətbiq etməyə çalışırıq. Ümumilikdə bu bilik və təcrübəni daha da inkişaf etdirməliyik. 

Mütəmadi olaraq hər il keçirilən bu tədbirlər regionda ( MDB ölkələri) mövcud olan problemlərin öyrənilərək ümumi qiymətləndirilməsi baxımından çox əlverişlidir. Mən buna qardaş məclisi də deyərdim. Təbii ki, müxtəlif ölkələrin həmkarlar ittifaqları arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsini istərdik.

Hesab edirəm ki, tədbir çox effektiv və məhsuldar olacaq. Bir çox ölkələrdə bizim filiallarımız çətinliklərlə qarşılaşır, lakin ümid edirik ki, biz onun öhdəsindən layiqincə gələ biləcəyik. Ukrayna, Qazaxıstan, Belarusda və bir sıra ölkələrdə həmkarlar ittifaqlarına olan təzyiq diqqətimizdədir. O cümlədən digər dövlətlərdə də cərəyan edən hadisələri yaxından izləyirik. Biz həmin ölkələrdə qardaş və bacılarımızla həmrəyik.

Həmkarlar ittifaqları müstəqil olmalı, müstəqil xətt yürütməlidirlər. Biz onun gələcək inkişaf xəttini müəyyın etməliyik. Üzvlərimizin sosial-iqtisadi hüquqlarının qorunmasına səy göstərməliyik. Çalışmalıyıq ki, həmkarlar ittifaqlarının sıralarına daha çox işçi qoşulsun.  Həmçinin fundamental insan hüquq və azadlıqlarına hörmətlə yanaşmalıyıq. Belə olduqda ədalətli bir dünya yaratmış olarıq.

Əsas məqsədimiz işçilərin birləşmə hüquqlarının azadlığının tanınması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması, diskriminasiya hallarının bütün formalarına son qoyulmasıdır.

Müsahibəni  apardı:

Azər MUSTAFAYEV