Həmkarlar ittifaqları dövlət başçısının apardığı islahatları dəstəkləyir


Baxıldı : 69

Tarix : 2019-11-29 18:59:59


Noyabrın 28-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin IV Məclisi olmuşdur. Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəlikdə duran məsələlərlə tədbir iştirakçılarını tanış etdi. Məclisə yeni üzvlərin namizədliyi təqdim və təsdiq olundu.

Sonra Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə “Ali təhsil müəssisələrində ittifaq üzvlərinə yaradılmış iş şəraiti, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydaları ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə arayışı oxudu.

Bildirdi ki, ali təhsil müəssisələrində ittifaq üzvlərinə yaradılmış iş şəraiti, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydaları ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr araşdırılmışdır. Ali təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq zamanı aydın olmuşdur ki, ittifaq üzvlərinə yaradılmış iş şəraiti, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsi və sosial-iqtisadi hüquqların daha yaxşı təşviq edilməsi, sağlam və təhlükəsiz təhsil və iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi sahəsində müəyyən işlər görülmüşdür. Təhsil müəssisələrində iş və əmək şəraitinin yaxşılaşdırılması, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təminatı, təhsil müəssisələrinin yanğın inventarı, dərmanlarla, tibbi apteçkalarla təchiz edilməsi, əməkdaşların vaxtaşırı pulsuz tibbi müayinədən keçirilməsi, təlimatların, qaydaların hazırlanması, ağır və zərərli iş şəraitində çalışanlara əlavə əməkhaqqı və məzuniyyətin verilməsi, ilkin və iş yerində təlimatın keçirilməsi, həyat fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilmiş əlavə vəsaitlərin verilməsi daim diqqət mərkəzində saxlanmışdır. Sağlam əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılması məsələsi bağlanmış kollektiv müqavilələrin bəndlərinə uyğun  təşkil edilmişdir. Təhsil Nazirliyi ilə TİAHİ RK arasında 2019-2021-ci illər üçün kollektiv saziş imzalanmışdır. Sazişdə Təhsil Nazirliyində əməyin mühafizəsi komitəsinin yaradılmasının təmin edilməsi, təhsil müəssisələrində iş yerlərinin attestasiyasının keçirilməsi, işəgötürənlər tərəfindən işçilərin bədbəxt hadisələrdən, peşə xəstəliklərindən tibbi sığorta olunması və s. məsələlər əks olunmuşdur. İşəgötürənlərlə bağlanmış kollektiv müqavilələrdə əməyin mühafizəsi məsələsinin həlli xüsusi yer tutur. RK tərəfindən üzv təşkilatlara müəyyən normativ sənədlər göndərilmiş, iş planına uyğun olaraq ali təhsil müəssisələrində monitorinqlər aparılmışdır.

Respublika Komitəsi Rəyasət Heyətinin iclaslarında əməyin mühafizəsi məsələsi vaxtaşırı müzakirə olunmuşdur. Qəbul edilmiş qərarlar ali təhsil müəssisələrinin rəhbərliyinə göndərilmişdir. Araşdırma aparılmış ali təhsil müəssisələrində qeyd olunan məsələlərin yerinə yetirilməsinə dair təlimatlar, normalar mövcuddur. Ali təhsil müəssisələrinin işçiləri “Paşa Sığorta” şirkəti tərəfindən sığorta olunmuşdur. İşçilərin tibbi sığortası həyata keçirilmişdir. Son illər bədbəxt istehsalat hadisələri baş verməmişdir.    

RK-nın qərarı ilə əməyin mühafizəsi üzrə bağlı hər il müsabiqələr keçirilir.  Təhsil müəssisələri əməyin mühafizəsi ilə əlaqədar olaraq hər il Beynəlxalq Əmək Təşkilatının müraciətinə qoşularaq 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününün və 7 Oktyabr - Layiqli Əmək Gününün qeyd edilməsində yaxından iştirak edir.

Qeyd olunan müsbət işlərlə yanaşı, bəzi təhsil müəssisələrində müəyyən nöqsanlar da aşkar edilmişdir.

Arayışla bağlı qərar layihəsi oxunub və səsə qoyularaq qəbul edilib.

Sonra “2020-ci ilin I rübündə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının xidmətində olan ilk təşkilatlarda hesabat-seçki yığıncaqlarının keçirilməsi barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə göstəricilərinin təsdiqi barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi aparatının ştat cədvəlinin təsdiqi barədə”, “ATİAHİ-nin yaranmasının 100 illik yubileyinin keçirilməsi barədə” və digər məsələlərə baxılıb müvafiq qərarlar qəbul olunub.

Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev Məclisdə müzakirə olunan məsələlərə münasibət bildirərək görülən işləri müsbət qiymətləndirib. Deyib ki, AHİK 2009-cu ildən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı ilin ən yaxşı müəssisə (təşkilatı)” devizi altında müsabiqə keçirir. Müsabiqənin keçirilməsində məqsəd idarə, müəssisə, təşkilat rəhbərlərində əməyin təhlükəsizliyi məsələsinə maraq oyatmaq, onları nöqsanları aradan qaldırmağa sövq etməkdir. Təcrübə göstərir ki, bu istəyimizə nail oluruq. Müsabiqənin nəticələri, iştirakçıların sayının ildən-ilə artması da bunu sübut edir.

Millət vəkili bildirib ki, əksər ali təhsil müəssisələrində yeniliklər həyata keçirilir, amma ilk növbədə əməyin mühafizəsi məsələsinə diqqət yetirilməlidir. Bütün dünyada layiqli iş yerlərinin yaradılması ilə bağlı müzakirələr gedir. Beynəlxalq Əmək Təşkilatının müzakirələrində də əsas yer tutan məsələlərdən biri budur. Təhlükəsizlik məsələsinə diqqət edilməsə, əməl olunmasa çox ciddi fəsadlar ola bilər. Ona görə də, qeyd olunan məsələlər daim nəzarətdə saxlanılmalıdır. Həmkarlar ittifaqı təşkilatları bu işlərdə diqqətli olmalıdır.

Təhsil Nazirliyi ilə TİAHİ RK arasında 2019-2021-ci illəri əhatə edən kollektiv sazişin texniki təhlükəsizliklə bağlı olan maddələrinin yerinə yetirilməsinə hər zaman nəzarət etmək lazımdır.

Səttar müəllim dedi ki, həmkarlar ittifaqlarının ən məsuliyyətli dövrü hesabat-seçki yığıncaqlarının keçirildiyi ərəfədir. Seçkilərin keçirilməsi ciddi bir məsələdir. Çünki bu, gələcək fəaliyyətin formalaşmasına birbaşa təsir edir. Seçkilərdə RK-nın bütün üzvləri fəal iştirak etməlidir.

Ali təhsil müəssisələrində həmkarlar ittifaqları sıralarına seçkilər ədalətli keçirilməlidir. Tələbə həmkarlar ittifaqı komitəsi də diqqətli olmalıdır. Həmkarlar ittifaqlarının əsas məram və fəaliyyəti gənclərə daha dolğun izah olunmalıdır. Gənclərlə səmimi münasibət qurub, onları dinləməliyik, imkan daxilində problemlərini həll etməliyik.

S.Möhbalıyev bildirib ki, dövlət başçısı tərəfindən ölkədə əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində islahatlar keçirilir, bu, gələn ildə də davam etdiriləcək. Həmkarlar ittifaqı təşkilatları olaraq biz də bu islahatları dəstəkləyirik.

Səttar müəllim gələn il TİAHİ RK-nın 100 illik yubileyinin keçirilməsi ilə bağlı deyib ki, bununla bağlı tədbirlər planı nəzərdə tutulub. Tədbirlərə xarici qonaqların, beynəlxalq təhsil işçiləri həmkarlar ittifaqı qurumlarının rəhbərlərinin, üzvlərinin, eləcə də Təhsil Nazirliyinin, dövlət qurumlarının nümayəndələrinin dəvət olunacağı gözlənilir. Təhsil işçilərinin yubiley medalının hazırlanması nəzərdə tutulub. Təhsil sahəsində xidməti olan şəxslərin medal və fəxri adlarla təltif olunması barədə ölkə başçısına müraciət ediləcək.

Bu yaxınlarda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olundu. Biz də, onları təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq. Tədbirdə ölkə başçısı çox dolğun nitq söyləyib. Azərbaycanda gedən islahatlar, iqtisadi, beynəlxalq məsələlər barəsində mühüm amillərə toxunub. Xalqımızın firavan yaşamasını bir çox siyasi dairələrin istəmədiyini bildirib. Cənab Prezident söyləyib ki, heç kəs Azərbaycan dövlət başçısına göstəriş verə bilməz. Azərbaycan müstəqil dövlətdir, özü daxili və xarici siyasətini müəyyən edir, müstəqil xətt yürüdür. Biz də ölkə başçısının bu çıxışına qoşularaq öz ideoloji işimizi qurmalıyıq.

Səttar müəllim çıxışının sonunda sahə həmkarlar ittifaqının gələcəkdə də üzvlərinin maraqlarını cəsarətlə qoruyacağına əminliyini bildirdi.

Azər MUSTAFAYEV