Həmkarlar İttifaqları Fəallarının Forumu


Baxıldı : 104

Tarix : 2018-07-07 00:07:57


İyunun 26-dan iyulun 1-dək Belarusun Minsk şəhərində Gənc Həmkarlar İttifaqları Fəallarının Beynəlxalq Forumu (TEMR) keçirilib. Forumda giriş sözü söyləyən Belarus Həmkarlar İttifaqları Federasiyasının prezidenti Mixail Orda bu tədbirin gənc Hİ fəallarının peşə təcrübəsinin təkmilləşdirilməsi və canlı, birbaşa ünsiyyət qurmaları baxımından böyük əhəmiyyət daşıdığını söylədi: “Bu gün paytaxtımıza 16 ölkədən 200 gənc sahə işçisi toplaşıb. Onların hər birinin həmkarlar ittifaqı sıralarına həmyaşıdlarını cəlb etməsi sahəsində həm öyrənməyə ehtiyacı, həm də öyrətməyə nümunəsi var. Bu tanışlıq inanıram ki, gələcək əlaqələrin, dostluğun, peşə qardaşlığının başlanğıcı olacaq”.

M.Orda gənc həmkarlar ittifaqlarının suallarını da cavablandırdı, Forumun işinə uğurlar arzuladı.

Forumun gündəliyi olduqca sıx və maraqlı idi. Gənc nümayəndələr  treninq və master-klaslarda iştirak etdilər, istehsalat müəssisələrində, kurort-sanatoriyalarda oldular.

Tədbirin ən yaddaqalan məqamlarından biri isə yenicə təmirdən çıxmış “Dinamo” stadionunun ziyarəti ilə bağlıdır. Stadionun strukturu ilə tanışlıqdan sonra Forum iştirakçıları arasında 400 metr məsafəyə “Xalqların dostluq və sülh çıxışı” devizi altında marafon yarışı təşkil edildi. Azərbaycan nümayəndə heyəti bu yarışda finiş xəttinə birinci çatdı. Nümayəndə heyətimizin tərkibinə AHİK-in mütəxəssisi Elnur Musayev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin şöbə müdiri Zaur Həmidov, Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müfəttişləri Əliş İbrahimov və Nicat Cəlil daxil idilər.

Fərqlənənlərin əməyi

qiymətləndirildi

İyulun 3-də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin növbəti iclası olmuşdur. Tədbirdə sahə Hİ Respublika Komitəsinin sədri Hikmət Osmanov çıxış edərək gündəlikdə duran məsələlər barədə məlumat vermişdir.

Demişdir ki, ittifaqımız və onun strukturlarının üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi sahəsində qazandığı uğurlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən həmişə diqqətlə izlənilmiş və layiqincə qiymətləndirilmişdir. Biz bu yaxınlarda bu diqqətin daha bir təzahürünü gördük. Sahə işçilərindən 15 nəfər AHİK-in 25 illik yubiley döş nişanı, 2 nəfər isə “Həmkarlar ittifaqında xidmətə görə” medalı ilə təltif olundu.

Sonra sədr gündəlikdə duran digər cari məsələlər ətrafında da geniş danışdı. Rəyasət Heyəti gündəlikdə duran məsələlər barədə qərar qəbul etdi.

Sonda mükafatlar sahiblərinə təqdim olundu. Nizamnaməyə uyğun olaraq hər birinə nağd pul mükafatı verildi.