Həmkarlar ittifaqları iş yerlərində niyə lazımdır?


Baxıldı : 159

Tarix : 2020-03-06 17:21:51


Həmkarlar  ittifaqlarının    İsveç modeli

Həmkarlar  ittifaqları bir çox hallarda zahirən ləng və daşlaşmış təşkilat imicində görünür. Amma İsveçin nümunəsi göstərir ki, əslində belə deyil. Bu qurum sürətlə inkişaf edən əmək dünyasına çevik uyğunlaşmada açar rolunu oynayır.

Müxtəlif beynəlxalq müqayisəli tədqiqatlarda - innovasiyalardan sosial bərabərliyə qədər - İsveç Şimali Avropanın digər ölkələri kimi, daim birincilər sırasındadır. Bu, təkcə rifah və ya sosial ədalət reytinqlərinə deyil, həm də biznes şəraitinin reytinqlərinə, məsələn, “Forbes”dən biznes aparmaq üçün ən yaxşı ölkələrin reytinqlərinə də aiddir. Bizim “Futurion” Analitik Mərkəzinin əvvəlki hesabatında professor Yesper Stombak bir sıra indekslərə daha ətraflı nəzər yetirmiş, əksəriyyətində İsveçin ilk beşliyə, ümumilikdə isə ilk onluğa daxil olduğunu göstərmişdir. Əgər Skandinaviya sularının sehirinə dair versiyanı kənara qoysaq, bunun izahının sosial sistemin necə qurulmasından ibarət olduğunu güman etmək olar.

Skandinaviya ölkələri üçün ümumi sosial komponentlərdən biri güclü həmkarlar ittifaqı hərəkatıdır. Əvvəlki araşdırmalardan bilirik ki, güclü həmkarlar ittifaqları daha yaxşı iqtisadi inkişafa və əmək bazarlarının fəaliyyətinə kömək edir. Bunu, digərləri ilə yanaşı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ötən ilin sonunda çıxan “İrəliyə aparan yolumuzda danışıqlar” hesabatında təsdiqlədi. Həmçinin “Futurion”un  2019-cu ildə dərc olunmuş hesabatında həmkarlar ittifaqları işçilərin təkcə bütövlükdə iqtisadiyyata deyil, həm də ayrı-ayrı müəssisələrə, həmçinin dəyişən əmək bazarına uyğunlaşmasına müsbət təsir göstərdikləri əksini tapır.

Sosial müdafiənin iqtisadi səmərəliliyini və kollektiv danışıqların yüksək əhatə dairəsini özündə cəmləşdirən Skandinaviya modeli işəgötürənlərə və işçilərə şirkət və ya sənaye sahələrində müxtəlif şərtlərə uyğun həll yolları tapmağa imkan verir. Bu, siyasətçilərin əmək bazarının şərtlərini qanunvericiliklə və ya işəgötürənlərin əmək şəraitini sərbəst şəkildə müəyyən edə biləcəyi sistemlərdən daha çox rahatlıq yaradır. Həmkarlar ittifaqı üzvlüyünün yüksək say tərkibi, əldə olunan razılaşmaların işçilərin xeyrinə olmasını təmin edir.

Kontrfaktiki araşdırma

“FUTURİON” şirkəti həmkarlar ittifaqlarının təsirini daha yaxşı başa düşmək üçün peşəkar xidmətlər və təhlillər təqdim edən “WSP” şirkətinə reallıqdan fərqli ssenaridə - “İsveçdə heç vaxt həmkarlar ittifaqı mövcud olmasaydı bu ölkə necə görünərdi” mövzusunda  təhlili material hazırlamağı sifariş etmişdi. “Om Faceb İnte Fanns”ın (“Həmkarlar ittifaqları mövcud olmasaydı”) hesabatında əməkhaqqı, gəlirlərin bölüşdürülməsi, məhsuldarlıq və məşğulluq məsələləri bu ssenari baxımından təhlil olunur. Araşdırmada həmkarlar ittifaqlarının əməkhaqqının və gəlirlərin paylanmasına ən çox təsir etdiyinin göstərməsi təəccüb doğurmur. Kontrafakt təhlil göstərir ki, İsveçdə əgər həmkarlar ittifaqı olmasaydı, işçi orta hesabla ildə təxminən 5700 Avro qazanardı. Bugünkü İsveçlə müqayisədə əhalinin ən zəngin on faizinin gəlirləri 11 faiz artardı, qalan doxsan faizin gəlirləri azaldığı halda, orta hesabla maaş təqribən 13-15 faiz aşağı düşərdi. Getdikcə daha çox tərəf demokratiya və iqtisadi inkişaf üçün potensial təhlükə mənbəyinə çevrilməkdə olan bərabərsizliyə görə narahatlıqlarını ifadə edir. Həmkarlar ittifaqları bu təhlükə ilə mübarizədə mərkəzi rol oynayır. Həmkarlar ittifaqlarının məhsuldarlığa təsiri daha mürəkkəbdir. Güclü həmkarlar ittifaqları əməkhaqqının artımına kömək etdikcə, səhmdarların mənfəəti bütövlükdə azalır. Bu, investisiyaların azalmasına və öz növbəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Eyni zamanda həmkarlar ittifaqları kadr axınının azalmasına və işçilərin məmnunluğunun artırılmasına kömək edir ki, bu da digər tərəfdən məhsuldarlığı artırır. Tez-tez həmkarlar ittifaqına irad tuturlar ki, əməkhaqqının səviyyəsinin qalxmasına cəhd, işçi qüvvəsinə tələblə təklif arasında bərabərlik məsələsində orta xətti aşmaq nəticədə işsizliyin artmasına gətirib çıxarır. Bu, ilk növbədə əmək bazarında ən zəif mövqelərə sahib olanlara təsir göstərir. Çünki işəgötürənlər ən az məhsuldar olan işçiləri işə götürmürlər. “Futurion” Analitik Mərkəzinin tədqiqatı bu nəticələri təsdiq edir. Lakin qarşılıqlı əlaqələr o qədər də birmənalı deyil: güclü həmkarlar ittifaqları (üzvlüklərin yüksək sıxlığı və işəgötürənlərlə dialoqu ilə) daha çox sosial məsuliyyət nümayiş etdirirlər: tətillər və ya digər aqressiv hərəkətlər zəiflər tərəfindən daha az həyata keçirilir. Skandinaviya ölkələrinin əmək bazarı məsuliyyətli həmkarlar ittifaqları ilə xarakterizə olunur. O həmkarlar ittifaqları ki, daha yüksək əməkhaqqı tələb etmir. Bu yanaşma bazar və əmək məhsuldarlığının artımına şərait yaradıb.

İsveç, əsasən qadınların əmək bazarında daha çox iştirak etməsi baxımından Avropa İttifaqında ən yüksək məşğulluq nisbətinə sahibdir.

Uğurlu model

Əməkhaqqı barədə danışıqlara əsaslanan bu model əmək bazarında inflyasiyanın, işsizliyin və tətillərin aşağı səviyyəyə salınması, real gəlirlərin stabil inkişafı ilə xarakterizə edilir. 1990-cı illərin sonlarında, yəni bu model qəbul ediləndə, İsveçdə təkrar tətillər nəticəsində nominal əməkhaqqı kəskin şəkildə artdı. Lakin ölkədə yüksək inflyasiya və işsizlik yarandı. İnflyasiya nominal əməkhaqqının artımını dayandırdı. Bu da real gəlirləri əvvəlki səviyyədə saxladı. Bu proses göstərdi ki, həmkarlar ittifaqları üzvlərinin uzunmüddətli maraqlarını qorumaq istəyirsə, mütləq məsuliyyətli davranmalıdır. Skandinaviya modelinin tarixi uğuru ondan ibarətdir ki, həmkarlar ittifaqı minimum əməkhaqqının bütün Aİ ərazisində tətbiqi təşəbbüsünə qarşı çıxdı. Çünki əks halda həmkarlar ittifaqının siyasi qərarlar qəbul edən tərəfdaşı qarşısında müstəqilliyinə xələl gələ bilər. Minimum əməkhaqqının qanunvericiliklə müəyyən edildiyi ölkələrdə həmkarlar ittifaqları çox vaxt daha zəif olur, çünki onlar güclü sosial tərəfdaşlardan-siyasətçilərdən mərhəmət axtaran asılı lobbiçilərə çevrilirlər.

Bəzən həmkarlar ittifaqlarının öz rolunu başa vurduğu və ya fəaliyyətinin müxtəlif yollarla məhdudlaşdırılmalı olduğu barədə fikirlər səslənir. Lakin bir çox tədqiqatlar göstərir ki, həmkarlar ittifaqları cəmiyyətin inkişafına müsbət töhfələr vermək iqtidarındadır və töhfələr verməkdə davam edir. Təsadüfi deyil ki, rifah səviyyəsi, rəqabət qabiliyyəti ən yüksək olan ölkələrdə də güclü həmkarlar ittifaqları mövcuddur. Əmək bazarı sürətlə dəyişir. Bu vəziyyətdə çevik bir sistemin əhəmiyyətli üstünlükləri var. Bundan bəhrələnərək sosial tərəfdaşlar - həmkarlar ittifaqları və işəgötürən təşkilatlar - problemləri birlikdə həll edə bilər. Məşğulluq zəmanətlərinin, iş və ictimai həyat arasındakı tarazlığın əmək bazarına çıxan gənclər arasında yüksək qiymətləndirildiyi bir vaxtda kollektiv sazişləri olmayan işəgötürənlər öz yanaşmalarını yenidən nəzərdən keçirməlidirlər. Bu cür müqavilələrdə qeydə alınmış öhdəlikləri dürüst yerinə yetirmək onları iddialı gənclər üçün daha cəlbedici göstərəcək və fəaliyyət göstərən sosial modelin güclənməsinə kömək edəcəkdir. Biz yeni onilliyə qədəm qoyuruq və həmkarlar ittifaqlarında üzvlüyün azalmasının mənfi tendensiyasını geriyə çəkmək lazımdır - işçi qüvvəsinin maraqlarının təmsil olunduğu nizamlı əmək bazarı bizə təcili lazımdır.