“Həmkarlar ittifaqları üzvlərindən tutulmuş üzvlük haqlarının həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına köçürülməsinin gecikdirilməsinin qarşısının alınmasına dair tövsiyələr” haqqında AHİK-in İcraiyyə Komitəsinin QƏRARI


Baxıldı : 60

Tarix : 2017-12-01 22:14:34


“Həmkarlar ittifaqları üzvlərindən tutulmuş üzvlük haqlarının

həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına köçürülməsinin gecikdirilməsinin qarşısının alınmasına dair tövsiyələr” haqqında

 

AHİK-in İcraiyyə Komitəsinin QƏRARI

23.11.2017-ci il

 

29 iyul 2012-ci ildə "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə dəyişiklik edilmiş, maddəyə "Mülkiyyət formasından asılı olmayaraq işəgötürən işçilərin əməkhaqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür" cümləsi əlavə edilmişdir. Bu dəyişikliklə əlaqədar olaraq Əmək Məcəlləsinin "Kollektiv müqavilənin məzmunu" adlanan 31-ci maddəsinə və "Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası" adlanan 175-ci maddəsinə əlavələr edildi. 175-ci maddəyə edilmiş əlavəyə əsasən həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibatlıq vasitəsilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları işçinin yazılı razılığı olmadan həyata keçirilir.

Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə üzvlük haqlarını vaxtında köçürməyən müəssisə və təşkilatların vəzifəli şəxslərinə məsuliyyət nəzərdə tutan "Həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına üzvlük haqqı köçürməmə" adlanan 53-5 maddəsi salındı. Lakin həmin maddənin mexanizmi müəyyən edilmədiyinə görə tətbiqi uzun müddət mümkün olmadı.

29 dekabr 2015-ci ildə yeni İnzibati Xətalar Məcəlləsi qəbul edilmiş və bu Məcəllə 2016-cı ilin mart ayının 1-dən qüvvəyə minmişdir. Yeni qəbul edilmiş Məcəllədə "Həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına üzvlük haqqı köçürməmə" haqqında norma 196-cı maddədə öz əksini tapmışdır. Həmin maddəyə əsasən, mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqından mühasibatlıq vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir".

Məcəllənin 43-cü maddəsi ilə rayon (ş

əhər) məhkəmələrinə aid olan işçilərin dairəsi müəyyən edilmişdir. "Həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına üzvlük haqqı köçürməmə" haqqında 196-cı maddə də rayon (şəhər) məhkəmələrində baxılmalı işlər sırasındadır. Lakin İnzibati Xətalar Məcəlləsinin maddələrinin tələblərinin pozulması inzibati xəta hesab edildiyinə görə məhkəməyə müraciət edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edilməlidir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli Fərmanı ilə rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı təsdiq edilmişdir. Həmin Siyahının 13-cü bəndinə əsasən, Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş İnzibati Xətalar haqqında işlər üzrə protokol  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından - əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavinləri, aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, məsləhətçi, Nazirliyin Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri, yerli bölmələrin rəhbərləri, onların müavinləri, baş əmək müfəttişləri və əmək müfəttişləri Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavini, aparatın rəhbəri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi tərəfindən tərtib edilir.

İşçilərə aylıq əməkhaqqı hesablanan zaman həmkarlar ittifaqı üzvlərinin əməkhaqlarından mühasibatlıq tərəfindən digər məcburi ödənişlərlə - gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı ilə yanaşı həmkarlar ittifaqlarına üzvlük haqqı da tutulur. Lakin bəzi hallarda tutulmuş üzvlük haqları həmkarlar ittifaqının xüsusi hesabına köçürülmür.

Həmkarlar ittifaqları təşkilatları nəzərə almalıdırlar ki, işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibatlıq vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsi və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsi halları baş verərsə ilkin olaraq köçürülməmiş üzvlük haqqı borcunun 15 gün ərzində müəssisə həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməsi barədə işəgötürənə yazılı müraciət olunmalıdır. Müraciət rəsmi qaydada verilməli, verilmə tarixi, qeydiyyat nömrəsi, müraciəti alan şəxsin adı, soyadı, imzası onun surətində qeyd edilməlidir. Yaxud müraciət müəssisə rəhbərinə xəbərnaməli göndərilməlidr. Qeyd edilən müddətdə borcun ödənilməsi barədə həmkarlar ittifaqı təşkilatının tələbi işəgötürən tərəfindən təmin edilməzsə, bu zaman müvafiq həmkarlar ittifaqı təşkilatı 196-cı maddədə nəzərdə tutulmuş cərimənin günahkar vəzifəli şəxslərdən tutularaq dövlət büdcəsinə ödənilməsi məqsədilə inzibati protokol tərtib edilməsi üçün müəssisənin yerləşdiyi ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələrinin rəhbərliyinə müraciət etməlidir.

Təsis sənədlərində, üzvlük haqqının hansı təşkilata ödənilməsinin nəzərdə tutulmasından asılı olaraq, sahə HİRK, yaxud müəssisə həmkarlar ittifaqı inzibati protokol tərtib edilməsi üçün müraciət edə bilər.

İnzibati tənbeh xətanın aşkara çıxarıldığı gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən, müddətin keçməsi ilə bağlı işəgötürəni inzibati məsuliyyətdən azad etmək olar. Ona görə də müddətə xüsusi diqqət yetirilməli, üç ay müddətində məhkəməyə müraciət edilməsinə nail olmaq lazımdır.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələrinin rəhbərliyinə müraciətdə aşağıdakılar öz əksini tapmalıdır:

- işəgötürənin vəzifəli şəxsinin vəzifəsi, vətəndaşlığı, doğulduğu tarix, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi;

- hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi

- müəssisə həmkarlar ittifaqı təşkilatı üzvlərinin sayı;

- üzvlük haqqının müəyyən edilmiş faiz dərəcəsi;

- borcun yaranma tarixi, məbləği;

- borcun ödənilməsi barədə işəgötürənə təqdim edilmiş məktubun tarixi, nömrəsi;

- "Həmkarlar ittifaqları haqqında" Qanunun 20-ci maddəsinə və İnzibati Xətalar Məcəlləsinin 196-cı maddəsinə istinad;

- borcun ödənilməsinə köməklik göstərilməsi və 196-cı maddədə nəzərdə tutulmuş cərimənin dövlət büdcəsinə ödənilməsi məqsədilə   inzibati protokol tərtib edilməsi barədə xahiş.

 

Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:

- müəssisə həmkarlar ittifaqı təşkilatının fəaliyyətini təsdiq edən sənəd;

- Respublika Komitəsinin nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

- borc məbləğinin cədvəli;

- üzvlük haqqı üzrə yaranmış borcun ödənilməsi barədə işəgötürənə təqdim eilmiş müraciətin surəti.

Müraciətdən sonra, DƏMX-nin müvafiq bölməsi müraciətdə göstərilən məsələni işəgötürənin iştirakı ilə araşdırıb inzibati xəta barəsində protokol tərtib edərək, Məcəllə ilə müəyyən edilmiş 3 aylıq müddətə əməl etməklə İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq, sənədləri müvafiq rayon məhkəməsinə təqdim edir.

Əgər həmin müddət ərzində üzvlük haqqı borcu ödənilməmiş qalarsa, borcun ödənilməsi barədə iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edilə bilər.