Həmkarlar ittifaqlarında hesabat-seçkilər Etimad ancaq məsuliyyəti üzərinə götürməyi bacaranlara göstərilir


Baxıldı : 136

Tarix : 2020-02-07 14:58:12


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Masallı, Yardımlı, Astara rayon komitələrinin xidmətinə daxil olan ilk təşkilatlarda hesabat-seçki yığıncaqları davam etməkdədir.

Bu günlərdə daha üç ilk təşkilatda - C.Qasımov adına Banbazı tam orta məktəbində (Masallı), Z.Bünyadov adına 2 saylı tam orta məktəbdə (Astara), M.F.Axundov adına 1 saylı tam orta məktəbdə (Yardımlı) baş tutan hesabat-seçki yığıncaqlarında sahə Hİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə də iştirak etmişdir. Mirzə müəllim müxbirimizə bildirmişdir ki, seçkidən-seçkiyə təhsil işçilərinin aktivliyi artır. Yeni formalaşdırılacaq komitə üzvlüyünə namizədlər arasında seçimə ciddi yanaşılır. Seçim üçün isə namizədlər kifayət qədər olur. Bu da məktəb həyatında həmkarlar ittifaqının nüfuzunun get-gedə daha da artdığından xəbər verir.

M.Cəfərzadə yaxşı hal kimi qeyd etdi ki, ittifaq üzvləri hesabat-seçki yığıncaqlarında şəxsi deyil, əsasən ümumi, hamını narahat edən problemlər qaldırır və onların həlli istiqamətində işləməyi vəzifə kimi yeni komitənin qarşısına qoyurlar.

Hesabat məruzələrində, məruzələr ətrafında çıxışlarda son üç ildə komitələrin gördüyü işlər müsbət dəyərləndirildi. Xüsusən, həmkarlar ittifaqlarının Nazirlər Kabinetinin müvafiq qərarını rəhbər tutaraq əlil müəllimlərin əməkhaqqına 15-25 faiz əlavələrin reallaşmasına nail olduqları təqdirəlayiq addım kimi qiymətləndirildi.

Hər üç məktəbdə seçilmiş komitə üzvləri qarşısında yığıncaq iştirakçıları tərəfindən tələblər, təkliflər irəli sürüldü. Dedilər ki, xeyli müddət əvvəl müəllim peşəsinin dövlət qulluqçusu statusuna uyğunlaşdırılması təşəbbüsü olmuşdu. Təssüf ki, hələ də bu təşəbbüs həyatda real təsdiqini tapmayıb.

Xahiş etdilər ki, həmkarlar ittifaqları bu məsələni bir daha hökumət qarşısında qaldırsın. 65 yaşı tamam olmuş müəllimlərin dərs ili başa çatmamış işdən azad edilməsi də qeyri-məqbul sayıldı.

Deyildi ki, bölgənin bəzi təhsil ocağında qaz olmadığından qış mövsümlərində məktəblərdə odun sobasından istifadə edilir. Bu da bir çox fəsadlar törədir. Əvvəla sobalardan içəri vuran tüstü şagirdlərin səhhəti üçün təhlükəlidir. İkincisi, tələbata uyğun qədər odunu əldə etməkdən ötrü əlavə vəsait tapmaq məcburiyyətində qalırıq. Və nəhayət, istər-istəməz meşələrin kəsilməsində, dolayı yolla olsa da, səbəbkarlardan birinə çevrilirik.

Tədbirlərdə Mirzə Cəfərzadə də çıxış edib. O, yeni seçilmiş komitə üzvlərinə tövsiyə və məsləhətlərini verib.