Həmkarlar ittifaqlarının informasiya işçiləri Belqradda toplaşdılar


Baxıldı : 115

Tarix : 2018-06-13 23:23:42


İyunun 4-5-də Serbiyanın paytaxtı Belqrad şəhərində MDB ölkələrinin, eləcə də Şərqi Avropa və Balkan regionu ölkələrinin Pan Avropa Regional Şurasına (PARŞ) üzv təşkilatlarının  informasiya işçilərinin görüşü keçirilib. Budəfəki toplantıda məqsəd sosial şəbəkələr məkanında təsirli, effektiv vasitələrin istifadəsi üçün, həmçinin ictimaiyyətin həmkarlar ittifaqlarının fəaliyyəti və uğurları haqqında məlumatlandırılma səviyyəsinin yüksəldilməsi üçün yeni yolların və metodların arayıb öyrənilməsi idi.

Pan Avropa Regional Şurasının təmsilçisi Qoda Nevepauskayte, BHİK-PARŞ-ın Moskva bürosunun məsul əməkdaşı Anna Salnikova və digər nümayəndələrin giriş sözlərindən sonra sessiyalarda müzakirə ediləcək mövzular barədə fikirlər dinlənildi. Daha sonra görüşdə iştirak edən milli həmkarlar ittifaqı mərkəzləri nümayəndələrinin, o cümlədən bu sətirlərin müəllifinin də təmsil etdikləri qurumların informasiya siyasəti sahəsində fəaliyyəti və gördükləri işlər haqqında təqdimat-çıxışları oldu.

Qeyd etmək lazımdır ki, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Pan Avropa Regional Şurasının Union to Union layihəsi çərçivəsində informasiya işçiləri üçün təşkil etdiyi bu səpkili tədbirlər artıq bir neçə ildir ki, ənənə halını almışdır. Bu işdə məqsəd həmkarlar ittifaqlarının kommunikasiya işçiləri arasında əməkdaşlığı daha da möhkəmləndirmək, təcrübə mübadiləsi, imkanları, mexanizmləri və ünsiyyət taktikasını identifikasiya etməkdir. Bu günə qədər keçirilən seminarlarda iştirakçılar ölkələrində tətbiq edilən müxtəlif iş təcrübələrini nümayiş etdirmiş, onlayn məkanda təsirli strategiya və resursların hansının üstünlük təşkil etdiyi haqda bu sahənin ekspertlərinin çıxışlarını dinləmiş, həmin strategiya və resursların öz onlayn-kommunikasiyanın inkişafı üçün əlverişli  olmasını müəyyən etməyə imkan yaratmışdır.

Seminarda çıxış edən ITUC-PERC proqramının əlaqələndiricisi Anna Salnikova öz çıxışında bildirdi ki, hazırkı seminarda aparılacaq təcrübə mübadiləsi tədbirdə təmsil olunan regionlarda həmkarlar ittifaqı təşkilatlarının kommunikasiya fəaliyyətinin effektivliyini artırmağa yönəlmişdir. Bunlar- televiziya, radio, qazetlər, həmçinin sosial şəbəkələr, onlayn kampaniyalar kimi ənənəvi kommunikasiya vasitələrinin istifadə olunmasıdır.

Seminarda mühüm məqamlardan biri - həmkarlar ittifaqları çərçivəsində daxili ünsiyyət yollarının müəyyən edilməsi zərurəti diqqətə çəkildi. Bu məqsədlə həmkarlar ittifaqı üzvlərinin yerlərdə informasiya toplamaq işində fəallığının artırılması, ictimaiyyətə cəlbedici şəkildə təqdim edilib çatdırılması, cəmiyyətin nüfuzlu nünayəndələri və media vasitələri ilə yayılması məsələlərinə xüsusi diqqət yetirilməsi tövsiyə olundu.

Tədbirin yekununda seminar iştirakçıları əldə edilmiş biliklərin və toxunulan mövzuların faydasını və əhəmiyyətini, eləcə də təmsil etdikləri təşkilatlarda kommunikasiyaların siyasi və strateji məqsədlərinin realizə edilməsinə dair ekspertlərin tövsiyələrini yüksək qiymətləndirdilər.

 

Nazim AĞAMİROV,

AHİK-in Mətbuat və İctimaiyyətlə

Əlaqələr Şöbəsinin müdiri