Həmkarlar ittifaqlarının məşğulluq sahəsində hüquqları artırıldı


Baxıldı : 140

Tarix : 2018-09-08 03:14:24


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətində ölkənin sosial-iqtisadi inkişaf strategiyası, iş qabiliyyətli əhalinin məşğulluğunun təminatı mühüm yer tutur. Xüsusilə son illərdə salınmış yeni sənaye parkları, nəqliyyat kompleksləri, kənd təsərrüfatında yeni sahələrin yaradılması, onların tərəqqisinə dövlət qayğısı məşğulluğun daha çox təmin olunmasına rəvac vermişdir. Praktiki işlərlə yanaşı, məşğulluğun qanuni əsasları da, dövrün tələblərinə uyğun olaraq, dinamik təkmilləşdirilir.

 

Məlum olduğu kimi, “Məşğulluq haqqında” qanun ilk dəfə 2001-ci il iyunun 2-də qəbul edilib. Ötən illərdə əmək münasibətləri ilə bağlı aparılan islahatlar, Beynəlxalq Əmək Təşkilatının “Qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid haqqında” 204 nömrəli Tövsiyəsi ilə əlaqədar görülən işlər, “İşsizlikdən sığorta haqqında” qanunun və adıçəkilən qanunun tətbiqi ilə bağlı müxtəlif hüquqi aktların qəbulu “Məşğulluq haqqında” yeni qanunun meydana gəlməsinə zəmin yaratdı.

“Məşğulluq haqqında” yeni qanunu 2018-ci il iyunun 29-da Prezidenti təsdiq etmişdir. Prezident tərəfindən həmçinin 2018-ci il avqustun 24-də qanunun tətbiqi barədə fərman da imzalanmışdır.

Yeni “Məşğulluq haqqında” qanun 6 fəsil, 37 maddədən ibarətdir. Həcminə görə əvvəlki qanundan (ilk qanun 2 iyun 2001-ci ildə qəbul edilib, o, 5 fəsil, 30 maddədən ibarətdir) az fərqlənsə də, daha çox məsələləri əhatə edir. Yeni qanunun “əsas anlayışlar” adlanan 1-ci maddəsini oxuyan zaman çox sayda fərqli anlayışlarla rastlaşanda qanunun mükəmməl (işlək) olacağını qabaqcadan müəyyən etmək olur.

Qanunda məşğulluq sahəsində şəxslərin hüquqları və dövlət təminatları, məşğulluğun təşkili, məşğulluq sahəsində sosial təminatlar və qeyri-formal məşğulluğun azaldılması və ləğvi məsələlərinə xüsusi diqqət verilmişdir.

Qanuna sosial müəssisə, sosial iş yeri, vakansiya bankı, qeyri-formal məşğulluq kimi yeni və zəruri anlayışlar daxil edilmişdir və əvvəlki qanunda cəmi 9 anlayışın mənası açıqlanırdısa, yeni qanunda bu anlayışların sayı 26 olmuşdur. Qanunda məşğul şəxslərin siyahısı dəqiqləşdirilib. Muzdla işləyənlər və mülki-hüquqi müqavilələrlə işləyənlərin hər biri ayrılıqda verilməklə mülki-hüquqi müqavilələrlə işləyənlər muzdlu işçilər sırasından çıxarılıb azad, yalnız məşğul şəxslər sırasına aid edilmişdir. Ödənişli fəaliyyətlə məşğul olub ali və orta təhsil müəssisələrində əyani təhsil alanlar da məşğul şəxslər sırasına salınmışdır. İş axtaran və işsiz kimi qeydiyyata alınmaq üçün müddət də qısaldılmışdır. Bu da süründürməçiliyin qarşısının alınması, problemlərin operativ həll edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qanundakı yeniliklərdən biri də yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların və müraciət edən şəxslərin ərizələrinin elektron informasiya sistemində yerləşdirilməsi, “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının yaradılması məsələsidir.

    Qanunda məşğulluğun təmin edilməsində həmkarlar ittifaqlarının iştirakına xüsusi yer verilmiş, 17-ci maddə həmkarlar ittifaqlarının, onların seçkili orqanlarının məşğulluq sahəsində hüquqlarına həsr edilmişdir. Həmin maddəyə əsasən, həmkarlar ittifaqlarının, onların seçkili orqanlarının məşğulluq sahəsində aşağıdakı hüquqları vardır:

- işçilərin kütləvi surətdə sərbəstləşdirilməsi ilə əlaqədar tədbirlərin başqa vaxta keçirilməsi və ya müvəqqəti dayandırılması haqqında işəgötürənlərə və ya onların yuxarı orqanlarına təkliflər vermək;

- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğun təmin edilməsi, işə (xidmətə) qəbul, işdənçıxarma, sosial güzəştlərin və təminatların verilməsi məsələlərində şəxslərin müdafiəsini təmin etmək;

- peşə standartlarının hazırlanması, qəbulu və tətbiqi, işçilərin təlimi, bacarıqlarının artırılması və qiymətləndirilməsi işinin həyata keçirilməsi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

- işəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir;

- işəgötürənlər (onların birlikləri) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar), həmkarlar ittifaqlarının təklifi ilə məşğulluq məsələlərinə dair birgə məsləhətləşmələr aparırlar. Məsləhətləşmələrin yekunlarına görə, məşğulluğa kömək göstərilməsinə dair tədbirlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutula bilər.

Bunlardan başqa, qanunun 12.1. maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları)  və yerli özünüidarəetmə orqanları, işəgötürənlər birlikləri və həmkarlar ittifaqları bu Qanuna uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərini nəzərdə tutan respublika və ərazi məşğulluq proqramları hazırlayırlar.

Qanunun 15.1. maddəsinə əsasən, məşğulluq sahəsində razılaşdırılmış qərarların hazırlanması məqsədi ilə həmkarlar ittifaqlarının, işəgötürənlərin birliklərinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi),  aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin mənafeyini təmsil edən ictimai birliklərin bərabər sayda nümayəndələrindən ibarət məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri (bundan sonra - əlaqələndirmə komitələri) yaradılır.

Əlaqələndirmə komitələrinin səlahiyyətləri, fəaliyyət qaydası və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən Əsasnamə ilə tənzimlənir.

Qanunun 32-ci maddəsi ilə həmkarlar ittifaqları birliklərinin üzərinə qeyri-formal məşğulluq sahəsində maarifləndirmə işinin aparılması vəzifəsi qoyulmuşdur. Belə ki, həmin maddəyə əsasən, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsndə nəzarəti həyata keçirən orqanlar həmkarlar ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları (birlikləri), habelə ictimai birliklər birgə maarifləndirmə, məlumatlandırma və təbliğat işini həyata keçirirlər. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial reklamlar sifariş edirlər, xüsusi bülletenlər və digər nəşrlər buraxırlar.

Onu da qeyd etmək lazımdır ki, qanunun tələblərinə əməl olunmasına nəzarət, həmkarlar ittifaqlarının iştirakı ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Təbii ki, bu qanundan irəli gələn vəzifələr həmkarlar ittifaqı təşkilatlarının vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi işində daha fəal iştirak etməsinə geniş imkanlar açacaq. Biz bu imkanlardan da maksimum yararlanmağa çalışacağıq. Hörmətli Prezidentimizin sosial-iqtisadi siyasətinin, o cümlədən əhalinin məşğulluğuna dair strategiyasını dəstəkləməkdə davam edəcəyik.

 

 

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri, millət vəkili