“Həmkarlar ittifaqlarının nümayəndələri işçilərin hüquqlarının müdafiəsində hər zaman öndə olmalıdırlar”


Baxıldı : 36

Tarix : 2018-11-08 07:25:07


Noyabrın 7-də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri (DİİXİ) Həmkarlar İttifaqı (Hİ) Respublika Komitəsinin III plenumu keçirilib. Plenumu açan DİİXİ Hİ Respublika Komitəsinin sədri Hikmət Osmanov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Sonra Respublika Komitəsi sədrinin müavini Əbülfəz Mehtiyev DİİXİ Hİ-nin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatlarda əməyin mühafizəsi və iş şəraiti haqqında məlumat verib. Bildirib ki, bu məsələnin vacibliyi, həyati əhəmiyyət daşıdığı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) ali məclislərində xüsusi qeyd olunmuşdur. AHİK sədri, millət vəkili Səttar Möhbalıyev  V qurultaya məruzəsində də bu məsələnin vacibliyinə diqqət yetirmişdir. Qurultayın qarşıya qoyduğu vəzifələr DİİXİ Hİ Respublika Komitəsi üçün də fəaliyyət proqramıdır. Respublika Komitəsinin seçkili orqanlarının gündəliyində, plenum iclaslarında, iş planlarında əməyin mühafizəsi məsələlərinə geniş yer ayrılır.

Nəzərə çatdırılıb ki, DİİXİ Hİ-nin xidməti sahəsində olan müəssisə və təşkilatlar spesifikdir. Buna baxmayaraq, sıralarımızda istehsalat xarakterli olan müəssisələr də vardır.

Ə.Mehtiyev sonra Respublika Komitəsi tərəfindən aparılan baxış və yoxlamaların nəticələri haqqında da məlumat verib.

Respublika Komitəsinin maliyyə şöbəsinin təftişçi-mühasibi Şıxəli Dadaşov DİİXİ Hİ-nin xidməti sahəsinə daxil olan təşkilatlarda maliyyə fəaliyyətinin təhlili barədə arayışı təqdim edib.

Müzakirə olunan məsələlərə münasibət bildirən Respublika Komitəsinin sədri Hikmət Osmanov deyib ki, həmkarlar ittifaqı təşkilatlarının əsas vəzifələrindən biri də iş yerlərində işçilər üçün normal iş şəraitinin yaradılmasına nəzarətdir. Normal iş şəraiti olmasa, burada əməyin mühafizəsindən və məhsuldarlıqdan söhbət gedə bilməz. Hər il Respublika Komitəsinin aparat işçilərindən ibarət nümayəndələrimiz yerlərə ezam olunaraq orada normal iş şəraitinin yaradılması ilə bağlı təhlillər aparırlar.

Hikmət müəllim həmçinin qeyd edib ki, Respublika Komitəsinin xidməti sahəsinə daxil olan təşkilatlarda maliyyə fəaliyyətinin düzgün aparılmasına və dəqiqliyinə də xüsusi fikir verilməlidir. Bu sahədə nöqsanlar yolverilməzdir.

Tədbirdə çıxış edən AHİK sədrinin müavini Cavanşir

Alxasov əməyin mühafizəsi məsələsinin hər zaman mühüm diqqət kəsb etdiyini bildirib. O deyib ki, əmək hüquqlarının qorunması ən çox bu sahə ilə bağlıdır: “Biz təkcə işçilərin maaşının vaxtında verilməsi, istirahətinin təşkili ilə deyil, eyni zamanda onların iş yerlərinin müvafiq qaydada təmin olunması ilə də məşğuluq. Bu bizim əsas vəzifələrimizdən biridir. Onu da deyim ki, dekabr ayında əmək müfəttişləri ilə bağlı nizamnamədə dəyişiklik olacaq, sizin səlahiyyətləriniz artırılacaq. Bu son zamanlar qəbul olunmuş ölkə qanunvericiliyində də öz əksini tapıb. Həmkarlar ittifaqlarının nümayəndələri işçilərin hüquqlarının müdafiəsində hər zaman öndə olmalıdırlar”.   

Sonra təşkilati məsələlərə baxılıb. Respublika Komitəsinin, Mərkəzi Təftiş Komissiyasının və Rəyasət Heyətinin tərkibində bir sıra dəyişikliklər edilib və yeni üzvlər seçilib.

Daha sonra DİİXİ Hİ Respublika Komitəsinin qabaqcıl üzvlərinə Ümum Həmkarlar İttifaqları Konfederasiyasının və Dövlət Qulluqçularının Beynəlxalq Həmkarlar İttifaqları Federasiyasının diplom və medalları təqdim edilib.

Həmçinin Respublika Komitəsi Rəyasət Heyətinin qərarına əsasən, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə DİİXİ Hİ Respublika Komitəsinin müəssisə və təşkilatlarında keçirilmiş Respublika baxış-müsabiqəsinin 2018-ci il üzrə qalibləri Müdafiə Nazirliyinin Abşeron Rayon Mənzil İstismar Hissəsi və Vergilər Nazirliyinin Tədris Mərkəzi elan olunub. Qaliblər nəfis tərtib edilmiş diplomla mükafatlandırılıb.

Azər MUSTAFAYEV