“Həmkarlar kuboku” adlı ənənəvi turnir başa çatdı


Baxıldı : 94

Tarix : 2019-12-27 16:42:20


Dekabrın 24-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələri arasında  “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə sayca 13-cü olan “Həmkarlar kuboku” adlı ənənəvi turnir keçirilib.

Qeyd edək ki, yarışların ilk mərhələsi fakültələr arasında təşkil olunub. Bu yarışlarda fərqlənən tələbələr hesabına ali məktəblərin yığma komandası formalaşdırılıb.

Beləliklə, ikinci mərhələdə - finalda 20-dən çox universitet yığması qalib adı uğrunda mübarizəyə başlayıb. Turnirin açılış mərasimində Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edib.

O, intellektual oyunda iştirak edən tələbələrə Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını çatdırıb. Deyib ki, 2007-ci ildən etibarən hər il təşkil olunan bu oyunların əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli keçirməsi, biliklərinin daha da zənginləşdirməsidir. Mirzə müəllim nəzərə çatdırıb ki, gənclərimizin milli vətənpərvərlik, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyəsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması, gənclərin bədən tərbiyəsi və idmana kütləvi cəlbi, istedadlı gənclərin aşkara çıxarılması, elmə, təhsilə maraqlarının artırılması fəaliyyətimizin əsasını təşkil edir.

M.Cəfərzadə dekabrın 24-nün Prezident İlham Əliyevin doğum günü olduğunu qeyd edərək, ölkə başçısına cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Gəncləri qarşıdan gələn 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Turnirin aparıcısı və suallar paketinin redaktoru, “Turan” İntellektual Oyunlar Klubunun prezidenti Vüqar Zeynalov olub. Münsiflər heyəti tərəfindən oyun qaydaları ilə bağlı iştirakçılar bir daha məlumatlandırıldıqdan sonra yarışa start verilib. 

İntellektual oyunun sonunda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri birinci olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  tələbələri ikinci, Bakı Mühəndislik Universitetinin tələbələri üçüncü yeri tutublar.