Həmkarlar təşkilatı fəal olan yerdə çətinlik yaşanmır


Baxıldı : 42

Tarix : 2017-12-15 21:55:20


"Bu gün həmkarlar ittifaqlarının səmərəli fəaliyyət göstərməsi üçün mükəmməl qanunvericilik bazası yaradılmışdır. Qanunvericiliyin verdiyi imkandan səmərəli faydalanmağa çalışırıq.

  Bu sözləri müxbirimizə "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyasının törəmə müəssisəsi olan "Akkord Steel Construktion Companu" MMC Həmkarlar İttifaqı Komitəsinin sədri Sərxan Osmanov bildirdi. Dedi ki, zavodumuz 2014-cü ildə istifadəyə verilib. Hər cür müasir avadanlıqla təmin edilib. Metal konstruksiyadan ibarət müxtəlif istehsalat sahələrinin, ticarət obyektlərinin inşasında məhsullarımızdan geniş istifadə olunur. Metal tökmə, metal hasar, metal həsir sexlərimiz fəaliyyət göstərir. Müəssisəmizin 50 nəfər işçisi var. Onların hamısı həmkarlar ittifaqı təşkilatının üzvüdür. Müəssisəmiz texniki təhlükəsizlik baxımından ən müasir tələblərə cavab versə də, əməyin mühafizəsinə daha çox diqqət yetiririk. Hər bir işçi qoruyucu geyimlərlə, ayaqqabı və digər vasitələrlə təmin edilib. İstifadə müddəti qurtaran kimi onlar yeniləri ilə əvəz olunur. Hər gün işçilərə pulsuz yemək verilir.

Biz maarifləndirici tədbirlərə ciddi əhəmiyyət veririk. Müəssisədə bununla əlaqədar əyani vasitələrdən əhəmiyyətli dərəcədə yararlanırıq. Korporasiyanın Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin köməyini hiss edirik. Çox problemlərimizin həllində həmişə bizə imkanları daxilində yardımçı olub. Bütün sexlərimizdə həmkarlar ittifaqları ilə işəgötürən arasında kollektiv müqavilələr imzalanmışdır.  Sexlərdə sərinləşdirici su sistemləri qoyulub. Zərərli iş şəraitində çalışan işçilər süd və ya süd məhsulları ilə təmin olunur. Uzaq yaşayış məntəqələrindən işə gəlib-gedənlər üçün nəqliyyat vasitələri ayrılıb.

Bütün bunlar təsdiq edir ki, həmkarlar təşkilatı fəal olan yerdə işçilərin əmək və sosial hüquqlarının qorunmasında heç bir problem yaşanmır.

Əhəd İBADOV